• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

Pantomima Teatrında “Adajio”

05.07.16 12:16 3034
Pantomima Teatrında “Adajio”
Uzun müddət idi ki, Azərbaycan Dövlət Pantomima Teatrında "Adajio” adlı bir tamaşanın məşqlərinin keçiriləcəyini eşitmişdim. Bu ad mənə çox maraqlı gəlirdi. Axı bu "Adajio” nədir? Görəsən tamaşada kimlər rol alacaq? Teatrın ənənəsinə sadiq qalaraq rəhbərlik tamaşa öncəsi mətbuat nümayəndələrini bu barədə məlumatlandırmaqdan imtina etmişdi. Nəhayət, iyulun 1-də Azərbaycan Dövlət Pantomima Teatrının rəhbəri, əməkdar artist Elman Rəfiyevin dəvəti ilə "Adajio”-nun premyerasını izləmək üçün teatra yollandıq.

Tamaşanın rejissorunun xalq artistimiz Bəxtiyar Xanızadə və əməkdar artist Nargilə Qəribova olduğunu öyrəndikdə isə, bizi maraqlı bir tamaşanın gözlədiyinə tam əmin olduq. Həmin gün ana teatrımız olan Akademik Milli Dram Teatrında N.V.Qoqolun "Müfəttiş” əsərinə rejissor Mikayıl Mikayılovun quruluş verdiyi tamaşanın da premyerası baş tutacaqdı. Bu tamaşanı izləmək üçün də dəvət almışdım. "Adajio” və "Müfəttiş”... Heç düşünmədən Bəxtiyar Xanızadə dedim. Çünki mən bu sənətkarı canlı əfsanə hesab edirəm. Onun tamaşalarını nə qədər izləsən də, özü ilə nə qədər həmsöhbət olsan da, doymaq olmur.

Zamanında dəyərli sənətkarımız Vaqif İbrahimoğlu ilə az ünsiyyətdə olduğum üçün bu gün özümü qınayıram. Çünki B.Xanızadə və V.İbrahimoğlu kimi sənətkarlar hələm-hələm bu dünyaya gəlmirlər. Onların hər ikisi Azərbaycan teatr tarixində yenilik ediblər: kimsənin cəsarət edə bilmədiyini həyata keçiriblər – heç nədən böyük bir teatr yaradıblar. Vaqif müəllimə Tanrıdan rəhmət, Bəxtiyar müəllimə isə uzun ömür diləyib, sizinlə tamaşa barədə təəssüratlarımı bölüşmək istəyirəm.

Teatrın dəhlizindən içəri daxil olar-olmaz, Azərbaycan teatrının say-seçmə simaları - xalq artisti Fuad Poladov, əməkdar artist Sənubər İsgəndərli, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış film rejissoru Rövşən İsax və digər sənətkarların tamaşanı izləmək üçün məhz bu məkanda olduqlarını gördük. Diqqətimi çəkən başqa bir məqam isə şou-biznes nümayəndələrindən "Natiq” ritm qrupunun rəhbəri, xalq artisti Natiq Şirinovun da bu məkana gəlməyi idi. Axı biz tamaşalarda, premyeralarda şou nümayəndələrini görməyə o qədər öyrəncəli deyilik. Onu da qeyd edim ki, bu, alqışa layiq hərəkətdir.

Budur, işıqlar sönür və səbirsizliklə gözlədiyimiz "Adajio” başlayır.

Qaranlıq zala hakim kəsilir və sükut çökür. Bayaqdan boş olan səhnədə qara geyimli xanımlar peyda olur. Onlar nə bir kəlmə kəsir, nə də bizimlə təmas qururlar. Sanki kimsə zamanı dondurub, xanımlar sükuta qərq olublar. Səhnənin önündə bir sərxoş başının altına araq şüşəsi qoyub, sanki qəflət yuxusundan oyanır. Şüşəni balış əvəzi istifadə edən içki düşkünü ayılaraq özünü "yağış, özü də qısqanc yağış” adlandıraraq yenidən yuxuya gedir. Bu zaman donu açılan xanımlarımız sözə başlayırlar. Qara donlu xanımlar sərxoşu dövrəyə alıb, onu yamsılayırlar. Elə ki saatın əqrəbləri 10:00-ı göstərir, xanımlar dərhal öz yerlərində peda olurlar.

Əsas tamaşa sərxoşun səhnəni tərk etməsindən sonra başlayır. Belə ki, sən demə, bu xanımların dünya boyda dərdləri varmış. Əslində onlar bizim xanımlarımızın tipajıdırlar. Xanımlar çox həssas və incə qəlblidirlər. Qarşı tərəfdən səsləndirilən hər bir acı söz, kobudluq onları sarsıdır. Sevdiyi şəxsin soyuqluğu, qəddarlığı, laqeydliyi ilə rastlaşan xanımlar üsyan edirlər. Bu hər xanımın yaşadığı və başına gələ biləcək hadisədir, bütün xanımlara xasdır. Kimisi sevdiyi şəxs, həyat yoldaşı tərəfindən tərk edilir, kimisi başqa fikir ayrılıqları yaşayır.

Rejissor bu xanımları daha çox xalqın sevdiyi, sevilərək ifa olunan və dillər əzbərinə çevrilən şeirlərlə tamaşaçıya təqdim edir. Onlar bu şeirlər vasitəsilə özlərini, daxili aləmlərini, yaşadıqları hiss-həyəcanı büruzə verirdilər. Aktrisalar əsl sənət nümunəsi yaratmağa çalışırdılar. Tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunmuşdu. Hansı ki, həmin şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər də qaldırılıb.

Səhnədə rolları teatrın istedadlı aktyor və aktrisalarından Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Elnur İsmayılov, Ceyhun Dadaşov, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Səbirə Həsənova, Rafiz Mehdizadə, Nuridə Musabəyli, Cavad Nuriyev və Leyla Atayeva canlandırırlar.

Tamaşada rol alan kişi aktyorlar inciməsin, bu yazımda ancaq xanımların işlərindən bəhs edəcəm. Səhnədə Nargilə Qəribovanı görən anda yaddaşım mənə "Maska” tamaşasını xatırlatmağa çalışır. İstedadlı aktrisanı məhz bu tamaşa ilə beynimə həkk etmişəm. O tamaşanı bəlkə 15-20 dəfə izləmişəm (Yenə də imkanım olsa, baxaram). Ancaq bezməmişəm. Sanki hər dəfə yeni bir obraz, yeni Nargilə kəşf edirəm. Tələbə vaxtı ən çox izlədiyim səhnə əsərlərindən olan "Maska” mənim ən sevimli tamaşalarımdan idi. Hər aktyoru xalqa tanıdan, sevdirən bir obrazı olur. Nargilə Qəribova da sevimli tamaşamın günahsız, saf sevgi axtarışında olan qəhrəmanıdır. Bu dəfə o, yağışın altında sevdiyi şəxsdən ayrılan, ondan uzaq düşən sadə bir qadın idi. Qəlbi qırılmış, məyus qadın...
Aktrisa Solmaz Bədəlovanı isə "Pantomima Buketi”, "No Comment”, Ə.Abdullayevin "Çərçivə”, Abdulla Şaiqin "Tıq-tıq”, Dədə Qorqud dastanının "Dəli Domrul” tamaşalarından yaxşı tanıyırıq. O, xanımların içərisində sarışınlığına görə daha çox diqqət çəkirdi. Teatrın sarışın gözəli özünəməxsus ifası ilə tamaşaya xüsusi bir gözəllik qatmışdı.

"Bir ailəm var” serialından tanıdığımız teatrın aktrisası Səbirə Həsənova isə sevdiyi şəxsə məktub yazmaqla ona qarşı olan hisslərini bəyan edirdi. Deyir ki:

"Sənə bir məktub yazacağam
Sevgidən başqa hər şeydən:
yerdən, göydən,
güldən, çiçəkdən
Bir də sinəmin altında
yaralı quş kimi çırpınan,
sındıqca sınan
arzularına qısılan
yetim bir ürəkdən”.

Teatrın ən gənc aktrisalarından olan Nuridə Musabəyli isə səhnədə hazırlanan dekorativ gölün ətrafında əyləşərək yarının gəlişini gözləyir. Sevdiyi şəxs isə onunla kağızdan hazırladığı kiçik qayıqlarla münasibət qurur.

Səbinə Hacıyeva – "Maska” tamaşasının ikinci qəhrəmanı (Onun ifası "Maska”-ya tamam başqa bir ab-hava qatmışdı) isə bu tamaşada ən uzunsaçlı xanım idi. Hündür boyu ilə seçilən aktrisa sevdiyi şəxsə daha həssas yanaşırdı. Gözlərindəki dəhşət bizi qorxutmaya bilmirdi.

Digər aktrisa Leyla Atayevanın da özünəməxsus ifası var idi. O da digər həmkarları kimi yarından küskün, incik düşmüşdü.

Tamaşanın quruluşçu rəssamı və musiqi tərtibatçısının əməkdar artist Nargilə Qəribova olduğu həmən duyulurdu. Rəqslərin quruluşçusu Elnur İsmayılova isə "əhsən” demək yerinə düşərdi. Çünki qəhrəmanlarımız rəqslərin dili ilə xarakterlərini ortaya qoymağı bacarmışdılar.

Xanımlar nakam sevgi hekayələrini tamaşaçıya çatdırdıqdan sonra səhnədə bardaş quraraq özlərinə bir də güzgüdən baxmağa başlayırlar. Bu səhnədə hesab etdim ki, rejissorların diqqətindən bir məqam yayınıb. Azərbaycan xanımı hər nə yaşayırsa-yaşasın, o, güzgü qarşına keçdikdə özünü məyus, gözündə yaş gördükdə, daha da ağlayıb kişilərə, onları bu hala salanlara lənət oxumur. Bizim xanımlarımız əlinə güzgü aldımı, tamamilə başqalaşırlar. Kimlərəsə görə güclü görünməyə çalışırlar və bunu da çox gözəl bacarırlar. Kimsə bilməz o xanımın yaşadıqlarını, üzləri gülsə də, bəlkə də daxilən qəlbləri qan ağlayır. Süni boya ki qəlbi qan ağlayan üzləri bəzədi, xanımlar dönüb olurlar məğrur, möhkəm bir qaya.

Hadisələrin kulminasiya nöqtəsindən sonra düyünlər bir-bir açılmağa başlayır. Bayaqdan üsyan edən xanımlar sevdikləri şəxslərin bir gülüşünə, xoş sözünə yaşadıqları bütün əzabları unudurlar. Yenidən aşiq-məşuq həyatlarına davam edirlər. Hə, sonda rejissor sərxoşu da unutmur, o da öz əzəli sevgisi olan arağa qovuşur. Özünü yenə də qısqanc yağış adlandırır. Tamaşa xoşbəxt sonluqla bitir.

Tamaşa bitir, rejissor alqış sədaları altında səhnəyə daxil olur. Tamaşada əsas obrazları canlandıran xanımları bir-bir təbrik edir. Tamaşaçılar Bəxtiyar Xanızadənin çıxışını gözləyir. Ancaq bədii rəhbər "Bitdi” deyərək tamaşaçılarla görüşür.

Tamaşanın sonunda aydın oldu ki, "Adajio” poetik düşüncə deməkdir. Düşünürəm ki, bu tamaşa ilk növbədə məhz xanımlar üçün nəzərdə tutulub. Məyusluq yaşayan, qarşı tərəfdən hər hansı bir haqsızlıq görən xanımlar bu tamaşanı izləsələr, orada özlərini də görəcəklər.
Tamaşa bitdikdən sonra həyat yoldaşımla yollandığım teatrdan mübahisə edərək ayrılırıq. Onun fikrincə, əslində rejissor demək istəyir ki, tamaşa sərxoşun həyatı üzərində qurulub: "İnsanlar hər şeyin mənfi tərəfini düşünür. Kişilər xanımların azadlıqlarını əllərindən alıblar, onları əsir ediblər. Sonluq hər nə cür xoş bitsə də, vəziyyət əvvəlki kimi davam edir. Çünki qısqanclıq elə bir məfhumdur ki, o, xanımlara imkan verməyəcək ki, onlar yenidən xoşbəxt olsunlar. Burada cəmiyyət və insan faktorunun da böyük rolu var. Rejissor nahaq yerə sərxoşun dili ilə "qısqanc yağış” demir. Əslində "Adajio” ağır tempdə ifa edilən, adətən lirik xarakterli musiqi pyesi, yaxud bir musiqi əsərinin bu tempdə ifa olunan hissəsidir”.

P.S: Mübahisələrimiz hələ də davam edir. Deməli, tamaşanın yaradıcı heyətinə təbrik düşür!




Xəyalə Rəis

banner

Oxşar Xəbərlər