AZE | RUS | ENG |

Pankisi dərəsində nəyə etiraz edirlər?

Pankisi dərəsində nəyə etiraz edirlər?
Gürcüstan polisi ilə sakinlər arasında toqquşma yaşanıb

Gürcüstanın qalmaqallı və gərgin bölgələri sırasında olan Pankisi dərəsində vəziyyət yenidən gərginləşib. Bu dəfə xüsusi təyinatlılarla yerli əhali - kistinlər (etnik çeçenlər ) arasında yaşanan qarşıdurmaya səbəb, bölgədə Su Elektrik Stansiyasının tikintisi olub. İnsident zamanı xeyli insan, o cümlədən polislər müxtəlif səpgili bədən xəsarəti alıblar. Aksiya iştirakçılarından saxlanılanlar var. Buna baxmayaraq, sakinlər nəyin bahasına olursa-olsun "ölümyaxan SES”in inşasına yol verməyəcəklərini bildiriblər. Gürcüstan hakimiyyət orqanları əhalini, polisə qarşı təxribat və qanunsuz əməllərə yol verməmək barədə xəbərdar edib. Əraziyə əlavə polis dəstələri, zirehli texnika, o cümlədən su şırnaqları ilə təchiz olunan texnika göndərilib. Hələ  ki, güc strukturları onlardan istifadə etməyib, əvəzində rezin güllələr və gözyaşardıcı qazlardan yararlanırlar. Qarşı tərəfin silahı isə hələ ki, daşlardır. Qanunsuz aksiyanın iştirakçıları jurnalistlərə bildiriblər ki, gələcəkdə vəziyyətin necə olacağı hakimiyyət orqanlarından asılıdır: sülh istəyirlərsə sülh olacaq, dava, qarşıdurma, müharibə istəyirlərsə, o da olacaq. Şərhlərdə etnik çeçenlərə, Qafqaz dağlarının o biri üzündə yaşayan soydaşlarından yardım göstərilməsi çağırışlarına rast gəlmək mümkündür. Gürcüstan daxili işlər naziri Georgi Qaxariyanın aksiya iştirakçılarının liderləri ilə apardığı danışıqlar da nəticə verməyib. Qeyd edək ki, hakimiyyət bəyan edir ki, gücü 5 mVt olacaq stansiya yerli sakinlər üçün hər hansı bir təhlükə törətmir. Məlumatlı mənbənin "Apsnu.ge” saytına verdiyi müsahibəyə görə, kistinlilər nazirin, polisə qarşı hücumların nəticəsiz qalmayacağı barədə bəyanatını eşidən kimi görüşü yarımçıq tərk ediblər. Nazir, jurnalistlərin bununla bağlı sualını cavablandırmaq istəməyib. Bundan sonra Pankisi dərəsində vəziyyət daha da gərginləşib.
Hadisə yerindən verilən məlumata görə, müxtəlif yerlərdə polislə kiçik toqquşmalar sonradan kütləvi hal alıb. Pankisi ağır iqtisadi-sosial və iqlimə malik depressiv bir ərazidir. İşsizlik səviyyəsi yüksək olaraq qalır, işə düzəlmək praktiki olaraq mümkün deyil. Hakimiyyət illər uzunu problemləri həll edəcəyini vəd etsə də, ortada heç nə yoxdur. Yerli gənclər arasında xaricə axın güclüdür. Bundan əlavə, onlarla pankisili gənc Şərqdə gedən müharibələrdə canlarını qoyublar. Kistinli cəmiyyət üçün ən ciddi problem nəsillər arasında dini zəmində parçalanmalardır. Yaşlılar ənənəvi islamın tərəfdarı kimi tanınsalar da, gənclər neoislamizmə meyil göstərirlər. Bunu isə daha çox, Çeçenistandan bura gələnlər yayırlar. Çeçenistanda hərbi əməliyyatlar başlayanda Pankisidə məşhur səhra komandirləri, o cümlədən Ruslan Gelayev və hətta Xottab da gizləniblər. Sonuncunun adı ilə Dusisi kəndində məscidin tikintisi də bağlıdır. O zamandan bəri Pankisi dərəsi məşhurlaşmağa başladı. Gürcüstan hakimiyyət orqanlarının da diqqətini cəlb etdi - mütəmadi olaraq ərazidə təhlükəli cinayətkarların tutulması istiqamətində əməliyyatlar aparıldı.
İndiki aksiyaya gəldikdə isə etiraz Birkiani kəndində Alazan çayı üzərində Xadori-3 SES-in inşası ilə bağlı işlərin bərpası ilə bağlıdır. Əhali ehtiyat edir ki, stansiyanın tikintisi onları içməli susuz qoya bilər. Digər təhlükələr barədə də danışırlar. Obyektin tikintisi ilə məşğul olan "Feri” şirkətinin rəsmi nümayəndəsi bildirib ki, layihə ilə istənilən şəxs tanış ola bilər. Əgər hansısa bir fakt ortaya çıxsa və yaxud Xadori-3 SES-in inşasının düzgün olmadığını arqumentləşdirə bilərsə, onda işləri dayandıracaqlar. İqtisadiyyat Nazirliyindən də hesab edirlər ki, kiçik stansiyanın hər hansı bir iqtisadi ziyanı yoxdur. Onlar əlavə ediblər ki, əhalinin böyük bir hissəsi inşa işlərinə qarşı deyil. Müxalifət partiyası "Vahid Milli Hərəkat” da etiraz edənlərlə birlik nümayiş etdirib və baş verənlərə görə bütün məsuliyyəti hakimiyyətin, şəxsən "Gürcü arzusu”nun lideri Bidzina İvanişvilinin üzərinə yıxıb. Onları, stansiyanın tikintisi ilə bağlı birlik nümayiş etdirməməkdə günahlandırıb.
Eks-prezident Mixail Saakaşvili də baş verənlərə münasibət bildirib. O, güc strukturlarını dərədən çıxmalarını, inşaat işlərinin dayandırılmasını, danışıqlar stolu arxasına keçmələrini tələb edib. Əks təqdirdə proseslərin mənfi fəsadlarının baş verəcəyindən danışıb.
Son məlumatlara görə, bölgəyə təbii ehtiyatlar naziri Levan Davitaşvili, regional inkişaf naziri Mayya Çikitaşvili və DİN rəhbəri Georgi Qaxariya gəlib. Onlar Pankisi dərəsi ağsaqqalları ilə görüşüblər. DİN rəhbəri bəyan edib ki, işlər yalnız 90 faiz əhalinin razılığı olandan sonra davam etdiriləcək. "Biz hamımız sakitləşməli və toqquşmaların hansı səbəbdən baş verdiyini üzə çıxarmalıyıq” – deyə nazir bəyan edib. Danışıqlardan sonra xüsusi təyinatlılar bölgəni tərk ediblər. Bölgədəki vəziyyətlər bağlı bir sıra partiya və qurumlar müraciət ünvanlayıblar. Bildirilib ki, yaranmış gərginlik fonunda iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava vəzifəsində getməlidir. Sonuncunun biznes maraqlarının olduğu bildirilir. Bəyanatda bildirilir ki, nazirin Pankisi dərəsi sakinləri ilə münaqişəsi var. Bəyanatı Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası, "Yaşıl alternativ”, "Qafqaz evi”, eləcə də, İnsan Haqları Monitorinq Mərkəzi imzalayıb.

Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779