AZE | RUS | ENG |

Panikdən başlayan “panika”

Panikdən başlayan “panika”
Gümrüdəki Rusiya bazası Ermənistanı iki yerə parçalayıb

Ermənistanda yerləşən Rusiya hərbi bazasının əsgərlərinin erməni kəndi - Panikdə törətdikləri gülləboran qalmaqalı gündəmdə qalmaqdadır. Rusiyanın "Rosbalt” nəşri bu qalmaqal və onu doğuran səbəbləri ətraflı analiz edib. Müəllif yazır ki, əslində, Gümrüdəki erməni əhali hərbi bazadan elə də narazı deyil. "Baza müəyyən mənada onların "müdafiəçisi” funksiyasını yerinə yetirir, həm  də yerli sakinlər üçün iş yerləri deməkdir”, - deyə müəllif vurğulayır. Lakin bununla yanaşı, bazanın qalmaqallı kriminal reputasiyaya malik olduğunu xüsusi qeyd edir. Və belə bir təəssürat yaranır ki, baza məqsədli şəkildə hər il bu "göstəricini” artırır. Artıq Ermənistanda açıq şəkildə bu bazadan yaxa qurtarmağın vaxtının çatdığı bildirilir. Bir tərəfdən də, bundan sonra ölkənin cənub sərhədlərini kimin qoruyacağı erməniləri narahat edir. Müəllif, ardınca da qısa şəkildə kənddə baş verən insident barədə məlumat verib. "Heç bir xəbərdarlıq edilmədən kənddə  sistemli şəkildə güllə səsləri gəlməyə başlayır. Atəş səsləri o qədər güclü olur ki, kənd sakinləri elə bilirlər müharibədir.
 
Hətta qonşu kəndə belə səslər gedib çıxır. Şahidlərin dediyinə görə, bir çox uşağın qorxudan hətta huşu gedib. Kənd sakinlərini sakitləşdirmək üçün rus hərbçiləri patronların döyüş xarakterli olmadığını bildirsələr də, sakinlər sakitləşməyiblər. Onlar baş verənlər barədə Dövlət Təhlükəsizlik Xidmətinə məlumat veriblər. Hərbi komandanlıq üzr istəsə belə, onlar narazı qalıblar”, - deyə müəllif yazır. Daha sonra xatırladır ki, iki ölkələr arasında əldə olunan razılaşmaya görə, 102-ci hərbi baza hərbi manevrlər və onun marşrutu barədə yerli hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etməlidir. Poliqon ərazisində hərbi təlimlər də qadağandır. "Lragir” erməni nəşri yazır ki, bu qaydaya ümumiyyətlə, əməl edən yoxdur. Rusiya hərbçiləri bu ölkədə özlərini  tam sərbəst, bir növ ağa hesab edirlər. Rus hərbçiləri döyüş silahı ilə ölkə ərazisində sərbəst gəzir, atəş açır, insanları qorxudurlar. Nəşrin qənaətinə görə, dövlətlərarası qalmaqal ortadadır və rəsmi Yerevan buna reaksiya verməlidir. Özü də bu, birinci hal deyil. Məsələn, rus sərhədçiləri bir müddət əvvəl onlara aid olmayan ərazidə erməni deputatın üzərində axtarış aparmağa cəhd ediblər. Bu zaman onların günahı üzündən uşaqlar ölmüşdü. Rus hərbçinin erməni ailəsini qətlə yetirməsindən isə danışmağa dəyməz. Ümumiyyətlə, rus hərbçilərinin əməlləri barədə çox danışmaq olar. 

Rusiya nəşri ardınca rəsmi Yerevanın, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın baş verənlərə reaksiyasını qəribə sayır. O bildirib ki, bu insident təxribat xarakterlidir, ölkənin suverenliyinə qarşı yönəlib və bunu törədənlərin məqsədi iki ölkə arasında münasibətləri pisləşdirməkdir. "Onda ortaya belə bir sual meydana çıxır – kim bu təxribatı törədib? "Dost münasibətlərə” xələl gətirmək istəyən kimdir? Ola bilməz ki, Rusiya hərbi bazası qəsdən belə bir insident törətsin. Axı bununla əhali daha geniş formada hərbi bazanın çıxarılmasını tələb edə bilər. Ya da hərbi bazada nizam-intizam ən aşağı həddə düşüb, adi qaydalar belə qorunmur. Maraqlıdır ki, Paşinyana özünəməxsus formada cavab da verilib. Elə ermənilərin özləri tərəfindən. Parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Armen Aşotyan özünün "facebook” səhifəsində baş nazirin bu formada sərt danışmasına lüzum olmadığını bildirib. Müəllif xüsusi qeyd edir ki, ermənilər "qonaqların” onları belə formada təhqir etmələrinə artıq dözmək istəmirlər. Hətta "müdafiəçi” rolunda çıxış edənlər olsa belə. Bu səbəbdən də, onlardan çıxıb getmələrini xahiş edirlər. Lakin bu məsələdə ölkə daxilində ciddi fikir ayrılığı var. Əvvəlki hakimiyyəti təmsil edənlər buna qarşıdır. Məsələn, parlamentin vitse-spikeri Eduard Şarmazanov "Sputnik” agentliyinə Gümrüdəki hərbi bazanın onlar üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Əlavə edib ki, bu məsələ ətrafında spekulyasiya yolverilməzdir. Onlar antidövlət xarakterli olub və ölkənin maraqlarından irəli gəlmir. Siyasətçi hərbi kontingent çıxarılacağı təqdirdə, Türkiyə ilə sərhədlərin kimin qoruyacağını sual edib. "Onlar yaddan çıxarıblar ki, aprel hadisələrində Türkiyə antierməni bəyanatla çıxış etdi. Bazaya alternativ yoxdur”, - deyə vitse-spiker bildirib. Şarmazanov hesab edir ki, həm hakimiyyət, həm də hərbi bazanın rəhbərliyi tez bir zamanda gərginliyi azaltmalıdır. Beləliklə, çox maraqlı bir vəziyyət yaranıb. Bir tərəfdə qoşunların çıxarılmasına çalışan baş nazir Paşinyanın antirusiya hökuməti, digər tərəfdə hələ də güc rolunu ifadə edən Respublika Partiyası. Rusiya nəşri da bu məsələyə toxunur. Qeyd edir ki, Paşinyan bir tərəfdən xarici siyasət kursunun dəyişməyəcəyini - Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatından çıxmayacağını, digər tərəfdən də Qərbdən qeyri diplomatik formada ölkəsinə böyük diqqət tələb edir. Lakin Qərb də yeni erməni hökumətinə tam etimadsızlıq göstərir. Yəni, ona inanmır. Paşinyanın Brüssel səfəri də bunu sübut etdi.

Məqalə müəllifi daha sonra belə bir sualla çıxış edir. Bu insident sona çatdımı? "Əksinə, bu, əslində Paşinyana Qərb ölkələri qarşısında Rusiya hərbi bazasının onlara necə bir bəla olduğunu bəyan etməyə imkan vermiş olub. Məhz onun işarəsi ilə qərbyönümlü hökumət üzvləri tərəfindən  "müdafiəçi” rolunda çıxış edən Rusiyaya qarşı hücumlara start verilib. Məsələn, Rusiyaya qarşı açıq nifrəti ilə seçilən "1in.am” saytı və başqaları antirus xarakterli məqalələr dərc edir, ekspertlərin fikirlərini çatdırırlar. Kampaniyanın başladığına dair tək bir fakt: bir sıra ərazilərin rəhbərləri Rusiya səfiri qarşısında rus zirehli texnikasının getdiyi ərazilərin təmir olunması tələbi ilə çıxış ediblər. Bazanın statusu ilə də bağlı çağırışlar ara vermir. Son olaraq xüsusi qeyd edilir ki, ermənilər bazanın, onların müdafiəçisi rolunda çıxış edəcəyinə inanmırlar.  Artıq heç kim şübhə etmir ki, daha bir belə insident hərbçilərlə sakinlər arasında açıq qarşıdurmaya gətirib çıxara bilər. Proseslərin gedişi göstərir ki, bu qarşıdurma qısa zamanda baş verə bilər.  

Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9459
GEL 1 1 Gürcüstan larisi 0.6397
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1854
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1886
CHF 1 1 İsveçrə frankı 1.7119
KWD 1 1 Küveyt dinarı 5.5939
TRY 1 1 Türkiyə lirəsi 0.3191