• cümə axşamı, 28 mart, 16:48
  • Baku Bakı 16°C

Pandemiyası ilə qlobal mübarizəyə mühüm töhfə

29.06.20 15:30 661
Pandemiyası ilə qlobal mübarizəyə mühüm töhfə
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir. Bu kontekstdə ön planda təbii ki, Prezident İlham Əliyevin beynəlxalq aləmdəki nüfuzu, şəxsiyyəti böyük rol oynayır. Bu, bir daha dövlətimizin başçısının qlobal əməkdaşlığa verdiyi töhfənin dünya dövlətləri tərəfindən qiymətləndirilməsini sübut edir. Bir sözlə, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat diqqətə çatdırıb ki, dünyada COVID-19 pandemiyasının başlandığı ilk günlərdən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Koronavirusun tüğyan etməyə başladığı ilk dövrlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunmuş iki zirvə görüşü təşkil edildi. Aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, may ayında Qoşulmama Hərəkatının Təmas Qrupunun videoformat şəklində zirvə görüşləri mühüm əhəmiyyətə malikdir. Dünya ağır böhranla ölüm-dirim savaşında olarkən və ümidsizliyə qapılarkən dövlətimizin başçısı qlobal liderlik nümayiş etdirərək hər iki təsisatın üzv dövlətlərini bir araya gətirməyə nail oldu və dünyaya mesaj verdi ki, çətin günlərdə panikaya qapılmaq yox, soyuqqanlı olmaq, birlikdə vəziyyətdən çıxış yolları axtarmaq lazımdır.
Azərbaycanın qlobal çağırışlara hər zaman öz töhfəsini verdiyini qeyd edən M.İbrahimqızı vurğulayıb ki, respublikamız pandemiya ilə mübarizədə qlobal həmrəyliyin örnəyini göstərərək, ÜST-yə 10 milyon dollar həcmində könüllü ianə ayırıb, üstəlik, 30-dan artıq dövlətə humanitar yardım göndərib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman qlobal məsələlərə xüsusi diqqət göstərməklə böyük nüfuz qazanıblar.
"Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək xüsusi sessiyada yəqin ki, COVID-19 xəstəliyi ilə mübarizədə Azərbaycanın təcrübəsindən danışılacaq. Hər zaman beynəlxalq əməkdaşlığa verdiyi töhfələrlə yadda qalan Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasındakı çıxışı da əminik ki, bəyəniləcək və təqdir olunacaq. Düşünürəm ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına mühüm töhfə verəcək”, - deyə Məlahət İbrahimqızı bildirib.
banner

Oxşar Xəbərlər