Pandemiyanın qurbanları: işsiz aktyorlar
Film,
serial çəkilişləri dayanıb, el şənlikləri də keçirilmir...
Pandemiya,
digər sahələr kimi, incəsənət cameəsində də durğunluq yaratdı. Hətta bir çox mətləbləri
bizə daha yaxından aydın etdi desək, yəqin ki, yanılmarıq. Bir əsas məsələ də
var ki, gündəlik olaraq gəliri el şənliklərindən, tədbirlərindən, serial, filmlər,
reklam çəkilişlərindən çıxan sənət adalarının bu günkü vəziyyəti bir qədər çətindir.
Nə az, nə çox - onlar 4 aydır ki, qazanc yeri tapa bilmirlər. Onların arasında sürücü
işləyən də var, hətta çevrəsindəki insanlardan gizlin fəhlə kimi çalışanlar da.Biz də
aktyorlardan karantin günlərində necə dolandıqlarını soruşduq. Onların bir
qismi bildirdi ki, teatr dövlət müəssisəsi olduğu üçün ordan aldıqları 300
manat maaş bir aya kifayət etmir və bunun üçün karantin günlərinin uzadılması
onların yaşayış durumunun aşağı düşməsinə gətirib çıxarır.
"Əlavə qazanc üçün
müvəqqəti iş axtarıram"
Əməkdar artist, aktyor
Elnur Kərimov hazırda vəziyyətin gərgin olmasını səbəb gətirərək iş yerlərinin
çoxunun bağlandığını və bu səbəbdən bir çox ailələrin maddi durumunun heç də
yaxşı olmadığını dilə gətirdi. Aktyor müvəqqəti olaraq əlavə iş axtardığını
gizlətmədi: "Təbii ki, pandemiya bütün sahələrdə durğunluq yaratdı. Ancaq
karantin günlərində evdə qalaraq ailə dolandırmaqda çətinlik çəkənlərin çoxu da
incəsənət nümayəndələri oldu. Yaradıcı insanların əlavə gəlir yeri olan tədbirlərin
təxirə salınması bütün oturuşmuş rejimləri alt-üst etdi. Əlbəttə ki, dövlət
teatrlarında çalışan bütün yaradıcı heyət maaşını alır. Ancaq indi həssas məqamdır.
Gərək daha da diqqətli olasan. Kirayədə qalmaq və xüsusi qayğıya ehtiyacı olan
uşağı müalicə etdirmək indi daha da çətindir. Hazırda isə Tovuzda baş verən
hadisələr, şəhid xəbərləri bizləri, əlbəttə
məyus edir. Çünki tarixi bir dönəmin astanasındayıq. Şəhidlərimizin olması
böyük bir dərddir, ancaq yaranan bu vəziyyət aktyorların gündəlik qayğılarını da unutdurur. Bunun üçün də şikayətlənmədən
əlavə qazanc üçün müvəqqəti iş axtarıram".
"Etdiyim
yardımları heç zaman paylaşmamışam"
Aktrisa Nəzakət Məmmədova dar gün üçün hər bir insanın alternativ işinin olmasını vacib hesab
edir: "Bilirsiniz ki, filmlər, seriallarla yanaşı, öz akademiyamızda
aktyorluq sənəti dərsi tədris edirəm. Nəinki mən, eyni zamanda bir çox yaradıcı
sənət adamlarımız peşəkarı olduğu işləri ilə bərabər, şəxsi bizneslə də məşğul
olurlar ki, belə məqamlarda o biznesləri onlara yardımçı olur. Kimin alternativ
işi yoxdursa, hamı necə, o da elə dolanmağa çalışır. Çətin bir dönəm yaşayırıq.
Belə bir zamanda kimin imkanı varsa, çətin durumda olan insanlara, həmvətənlərinə
yardım əlini uzadır. Biz sənət adamları da bunun üçün əlimizdən gələni etmişik
və etməyə çalışırıq. Açığı, etdiyim yardımları heç zaman paylaşmamışam və
paylaşmağın da tərəfdarı deyiləm. Hər insanın özünə görə subyektiv fikri
var".
"Tələbatımı ödəyirəm"
Aktrisa, aparıcı Günel Həmidova isə deyir ki, pandemiya dövründə bir çox sahələrdə durğunluq özünü
göstərsə də, onun alternativ istedadı əlindən tutub: "Bilirsiniz ki, Bakı
Bələdiyyə Teatrının aktrisasıyam və rəsmi iş yerlərinin əməkdaşları əmək haqqı
ilə təmin edilir, zamanında aylıq maaşları ödənilir. Bununla bərabər, qonşu
kanalda bir dövlət layihəsində yer alıram. 5 bölümdən ibarət bədii
serialda rol almışam. Space telekanalının da əməkdaşıyam və orada veriliş
aparıcısıyam. Pandemiya dönəmində teatrdan əlavə çalışdığım bu işlərdən qazancımla
tələbatımı ödəyirəm".
"Bu
gedişlə hara qədər gedəcəyimi də bilmirəm"
Aktrisa Günel Məmmədovabildirir ki, aktyorların iş yeri əsasən teatrlardır. Teatrda maaşlar isə o qədər
də ürəkaçan deyil: "Teatrın maaşına da min şükür. Ancaq bu maaş kifayət qədər
gündəlik tələbatı olan yaradıcı insan üçün o qədər də yetərli deyil. Belə
olduğu halda, istər-istəməz çörəyimiz seriallardan, reklam çarxlarından, İnstagramdan
çıxır. Hazırda 4 aydır ki, çəkilişlərdə,
reklam işlərində durğunluq yaşanır. Seriallar da mövsüm sonuna çıxıb. Mənim rol
aldığım bir serial dayandırıldı. Hazırda isə nə film, nə də reklam var. Mənim
gündəlik dolanışığım isə yalnız teatr maaşıdır. Hər şeyi anlayıram,
pandemiyadır, koronovirus bütün dünyada yayılan qorxunc bir xəstəlikdir. Ancaq əgər
bir aktyorun gəlir yeri yoxdursa, nə etməlidir? Mən aktrisayam. Nə el şənliklərinə
tamada kimi gedirəm, nə də xınayaxtılarda iştirak edirəm. Bu illər ərzində
yalnız öz yaradıcılığımla məşğul olmuşam. Hər şeyi başa düşürəm. Mənim də ailəmin
özünə məxsus ehtiyacları var. Ən azından, ailəmə maddi köməklik göstərirdim. O
yoxdursa, təbii ki, bu ehtiyacları ödəyən də olmayacaq. Ona görə də tək qazancı
bu işdən çıxan insanları da düşünmək lazımdır. Hamının imkan səviyyəsi eyni
deyil. Şəxsən mənə belə çətindir. Bu gedişlə hara qədər gedəcəyimi də bilmirəm.
Gündəlik sosial şəbəkələrdə sənət yoldaşlarımın bu kimi paylaşımları ilə
rastlaşıram, amma onlara heç bir reaksiya yoxdur. Hər bir insanın ailəsində
problemləri var. Kiminin banka kreditləri var, kimi evinin kirayəsini ödəyə
bilmir, kiminin evində müalicəyə ehtiyacı olanları var. Heç olmasa kirayədə
qalanlara, banklara borcu, krediti olan şəxslərə pandemiya dövründə möhlət
verilsin".
"Pandemiya
mənə psixoloji təsir göstərir"
Aktyor Vüsal Murtuzəliyev isə
bildirir ki, pandemiya dövründə heç də işsiz qalmayıb: "Pandemiya dövründə
işlər əvvəlki kimi getməsə də, mütəmadi olaraq dublyajlara gedir və səsləndirmə
ilə məşğul oluram. Mart ayından bu yana gəlirim yalnız dublyajdandır.
Bilirsiniz ki, çəkilişlər dayanıb. Çox şükür ki, dublyajdan az-çox qazanıram.
Bu o demək deyil ki, karantin və hazırda yaranan vəziyyət mənə təsir göstərmir.
Pandemiya mənə psixoloji olaraq təsir göstərir. Belə ki, evə qapanmışıq, ürəyimiz
istəyən yerə getmək imkanımız yoxdur. Evdən yalnız SMS vasitəsi ilə icazə
alaraq çıxırıq, bu da mənə psixoloji təsir göstərir. Mənəvi cəhətdən boğuluruq.
Düzdür, mənim işim var, çalışıb pulumu qazanıram. Ətrafımdakı insanların
problemləri, maddi və mənəvi çətinliyi, istər-istəməz, hamı kimi mənə də təsir
edir. Tək mənim işləməyim hər şeyin düzəlməsi demək deyil. Qazandığım bu maaşla
hələ ki dolanıram. Hamıya səbr arzu edirəm".
"300
manat maaşla dolanmaq olmur"
Aktyor Türkay Cəfərli gələcəyə
ümidlə baxdığını deyir: "Aktyorun işi nədir? Təbii ki, səhnə və kamera.
Onlar da olmayandan sonra insan məcbur olub ya başqa işlə məşğul olmalıdır, ya
da ehtiyatında nə qədər qazancı qalıbsa, onu xərcləməlidir. Çünki başqa əlacı
yoxdur. Əksinə, bizə bu pandemiya dövründə əlavə çəkilişlər həvalə edilməlidir
ki, sosial çarxlar çəkilsin, kütlə bizim vasitəmizlə maariflənsin. Şəxsən mən
aktyor kimi kino və serialdan qazandıqlarımla dolanıram. Çünki hər birimiz
yaxşı bilirik ki, teatrdan aldığımız 300 manat maaşla indiki zəmanədə dolanmaq
olmur. Allah hamının yardımçısı olsun. İnşallah, bu çətin dövr tezliklə bitər".
Xəyalə Rəis