AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Pandemiya teatrı, yaxud teatrda pandemiya

Pandemiya teatrı, yaxud teatrda pandemiya

24 İyul 2020, 09:15 1036
Biz artıq dörd aydır ki, pandemiya dövründə yaşayırıq. Bu, bizim hamımız üçün hər mənada – həm fiziki, həm də psixoloji baxımdan bir sınaq, bir dərsdir! Bu dərsdən, sınaqdan necə çıxacağımız isə bizdən asılıdır. Bütün bəşəri sınaqlar təkcə insanın deyil, eyni zamanda, onun yaratdığı bütün bəşəri dəyərlərin, o cümlədən, elm və mədəniyyət sahələrinin sınağıdır, onların immunitet dərəcəsinin sınağıdır. Və biz bu gün bunun əyani şahidləriyik. Bizə cəmisi dörd ay bəs etdi ki, hansı sahənin nə qədər inkişaf etdiyini, yaxud etmədiyini görək, sınaqlara nə qədər dözümlü (dözümsüz) olduğunu bilək. 

Teatrın canlı sənət olması fikri təzə deyil. Amma teatrın canlılığını şərtləndirən başlıca amil olan tamaşaçı həmişə təzədir, həmişə müasirdir, teatrla eyni zamanda və məkanda yaşayandır.Tamaşaçı tamaşaya kənardan baxan, teatrın periferik orqanı yox, onun elə bir üzvi tərkib hissəsi, orqanıdır ki, onsuz teatrın mövcudluğu mümkün deyil. Bir sözlə, tamaşaçı yoxdursa, teatr da yoxdur. Tamaşaçısız teatr adicə bir binadır. Sözsüz ki, söhbət canlı tamaşaçıdan gedir. Bununla bağlı, çox məşhur bir əhvalat var. Yəqin ki, bunu çoxları bilir. Görkəmli rus aktrisası Mariya Savina Berlində qastrolda olarkən imperator Vilhelm onun tamaşasına baxmaq istəyir. Alman imperatoru sanki aktrisaya hörmət əlaməti olaraq tamaşaya tək baxacağını bildirir. Savina isə cavab verir ki, "Əlahəzrət, əmr ediniz, salonu, heç olmasa,zabitlərlə doldursunlar. Hətta imperatorun özü olsa belə, mən bir adam üçün oynaya bilmərəm”. Çox maraqlı tarixçədir, deyilmi?! Teatr sənətinin mahiyyətini nə qədər dəqiq açır. Və teatr üçün tamaşaçının nə demək olduğunu əyani şəkildə isbatlayır.

Bu gün pandemiya ilə əlaqədar, bütün bəşəriyyətin həyatı təhlükədədir. Sosial izolyasiya şəraitində yaşayan cəmiyyət həyatı, az qala, iflic vəziyyətinə düşüb. İqtisadiyyat, mədəniyyət, sosial sfera çox ağır günlər yaşayır. İncəsənət sahəsində isə ən ağır vəziyyətə düşən yəqin ki, teatrdı. Çünki, teatrın obyekti də insandı, subyekti də, aləti də insandı, məhsulu da, yaradanı da insandı, yaratdığı da. Bu yerdə, teatrın yalnız canlı deyil, həm də kollektiv sənət olduğunu xatırlatsaq, onda vəziyyətin nə qədər acınacaqlı olduğu daha aydın görünər. Sosial təcridolma şəraitində yaşayan cəmiyyətdə hansı kollektiv sənətdən və canlı tamaşaçıdan danışmaq olar?! 

Cəmiyyət bu gün dünyaya yalnız internet vasitəsi ilə baxır, yalnız sosial şəbəkələr vasitəsi ilə nəfəs alır. Bu gün, təəssüf ki, canlı ünsiyyəti virtual ünsiyyət, canlı sənəti virtual sənət əvəz edir. Daha doğrusu, əvəz etməyə çalışır. Teatrlar öz tamaşalarını internet vasitəsi ilə paylaşırlar. Zamanla ayaqlaşmağa, teatrı yaşatmağa çalışırlar. Amma buna nə dərəcədə nail olurlar və ya nə dərəcədə nail ola bilərlər? Bu, nə qədər davam edəcək? Səhnəyə yeni tamaşalar qoyulmayırsa və cari repertuarlarındakı tamaşaların sayı sonsuz deyilsə,teatrlar buna nə qədər davam gətirəcək? Yaxud, eyni tamaşaları təkrar-təkrar göstərəcəklərsə, bu, tamaşaçılar üçün nə qədər maraqlı olacaq? Göründüyü kimi, sual çoxdur.

Burada başqa vacib məsələ odur ki, internet istifadəçilərinin, yəni potensial tamaşaçıların böyük bir qismi, xüsusən də orta və yaşlı nəsil, heç də virtual sənət həvəskarları deyil, canlı sənəti sevənlərdir. Gənc nəsil isə internetdə daha çox əyləncə xarakterli məhsullara üstünlük verir. Lap, tutaq ki, virtual tamaşaçı auditoriyası ilə bağlı heç bir problem yoxdu... onda canlı teatrın taleyi necə olacaq? Əgər bizi öz canlılığı sayəsində 2500 il ərzində diktatorların qılıncından, inkvizisiyanın alovundan, kilsələrin və məscidlərin təqibindən, texnogen sənətlərin təzyiqindən qurtularaq varlığını, mahiyyətini qoruyan teatr maraqlandırmırsa, onda gəlin, proqramçılara robot-aktyorlar, robot-rejissorlar sifariş verək, qoy,onlar oynasınlar Şah Edipi, Medeyanı, Hamleti, Otellonu.., biz də virtual olaraq baxaq özümüzçün. Amma bu, adını nə qoyursunuz, qoyun, axı, teatr olmayacaq. Yəqin yadınızdadır, neçə illər əvvəl şahmatçı-robot hazırlamışdılar, dünyanın məşhur şahmatçıları ilə bir-iki partiya da oynadı. Axırı nə oldu, hanı həmin şahmatçı-robot? Yoxdu! Gec də olsa, başa düşdülər ki, şahmatı canlı insan yaradıb və canlı insanlar üçün yaradıb. Bəli, məşq üçün kompüter şahmat proqramları var və bu faydalıdı, amma şahmatı canlı insanlar oynamalıdır.

Məşhur alman filosofu Haydeqqer hesab edirdi ki, bizim üçün şeylərin varlığı onların mövcudluğunda deyil, faydalılığındadır. Bu mənada, virtual teatrın faydalılıq əmsalı nə qədərdir? Əgər o canlı olmayacaqsa, onu digər, texnogen, vizual sənətlərdən nə fərqləndirəcək? Demək olar ki, heç nə! Əvəzində isə teatr öz mahiyyətindən uzaqlaşmaq təhlükəsi qarşısında qalacaq. Çünki bu, teatr sənətinin nə poetikasına, nə də estetikasına uyğun olmayacaq! 

Pandemiya dövründə teatrı yaşatmaq naminə virtual, onlayn teatr formatından istifadə etmək çıxış yolu deyil. Çünki pandemiya dövründə teatr olmur. Çünki pandemiya özü bir teatrdır - bütün bəşəriyyətin faciə janrında oynadığı (oynadıldığı) tamaşadır. Amma pandemiya həm də bir karnavaldır – hamını bir dərd ətrafında birləşdirən karnaval! Elə bir karnaval ki, burada kasıb-varlı, böyük-kiçik, vəzifəli-vəzifəsiz, qadın-kişi bölgüsü, təbəqəsi yoxdu, bu bəla qarşısında hamı eyni təbəqə, eyni sinifdə birləşib. Yəni, bü gün bütün bəşəriyyət, demək olar ki, ibtidai icma quruluşundakı kimi, təksinifli cəmiyyətdə yaşayır. Və buradaca xatırladım ki, teatr quldarlıq quruluşunda – ikisinifli cəmiyyətdə meydana gəlib. Bu isə o deməkdir ki, təksinifli cəmiyyətdə TEATR olmur! Ona görə də təkrar edirəm: PANDEMİYA DÖVRÜNDƏ TEATR OLMUR. Amma PANDEMİYA DÖVRÜNDƏ TEATR heç də ÖLMÜR. Çünki min illərin sınaqlarından qalib çıxan Teatr ÖLÜMSÜZDÜR!

Vidadi Qafarov 
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent