• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

Pandemiya dövründə insanlar təşvişə qapılmamalıdır

09.09.20 12:15 406
Pandemiya dövründə insanlar təşvişə qapılmamalıdır
Payız-qış mövsümü xəstəliklərin fəallaşdığı dövrdür. Məhz bu dövrdə koronavirus da insan orqanizimi üçün ciddi təhlükədir. Ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir. Bəzi vətəndaşların mövcud təhlükəni aydın təsəvvür edə bilməməsi, özünün və ailəsinin sağlamlığına laqeyd münasibətini görürük. Bu, yolverilməz haldır.
Bunu Trend-ə "Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi"nin rəhbəri Təranə Paşayeva deyib.
O bildirib ki, ötən ilin sonlarından başlayaraq COVİD-19 pandemiyası görünməmiş fəlakət şəklində qısa bir zamanda planetimizi bürüdü.
Birlik rəhbəri söyləyib ki, qlobal təşviş hər kəsə bəllidir. Təkcə dünyaya uzanan yollar yox, evlərdən həyətlərə açılan qapılar da bağlandı:"Karantin, izolyasiya, evdə qal, sosial məsafə saxla, tibbi maskada gəz, təmaslardan qaç və başqa qadağalar, ekran və efirdən püskürən kütləvi tələfat xəbərləri oldu. Naməlum virusa qarşı heç bir tibbi müdafiə mexanizminin olmaması, tibb elminin yeni bəla qarşısında aciz qalması istər-istəməz insanların psixologiyasın mənfi təsirini göstərirdi. İnsanların çoxu nə etməli sualının cavabsızlığının, qeyri-müəyyənliyin qorxusunu yaşayır”.
T.Paşayeva qeyd edib ki, pandemiya təkcə həyat nizamını, yaşam tərzini və insan davranışlarını dəyişmədi, həm də şüurlarda köklü fərqliliklər təzahür etdi:"Hər hansı çətin situasiyada əsas məsələ meydana çıxan problemin dərki və qəbul olunmasıdır. Məsələnin mahiyyəti nə qədər tez dəyərləndirilərsə, çıxış və həll yolları da bir o qədər asanlaşar. Bu yerdə düşüncələrin dəyişməsi, hadisəyə yeni gözlə baxılması və qlobal problemin ən sadə insanlar tərəfindən məntiqəuyğun qavranılması günün reallığıdır.Vaksinsiz infeksiyaya qarşı mübarizə ilə əlaqədar dövlət tərəfindən həyata keçirilən əlahiddə tədbirlər, "evdə qal!”, "güc birlikdədir!” çağırışlarını nəzərə alan vətəndaşların dövlətin ətrafında sıx birləşməsi, insan sağlamlığının müdafiəsi məqsədilə çıxarılan qərarlara çoxluğun əməl etməsi xaotik vəziyyətdən xilas olmağa, xüsusən, reallıqla hesablaşmağa ciddi kömək göstərdi. Bu gün, demək olar hər kəs anlayır ki, dövlət tərəfindən vaxtında yaradılmış Operativ Qərargahın dünya tibb təcrübəsinə əsasən müəyyənləşdirdiyi qaydaların icrası pandemiyadan az itkiylə çıxmağın ən optimal yoludur. Evdə qalıb şəxsi gigiyena qaydalarına əməl etməklə təcrid olunmaq isə mübarizə mərhələlərində müstəsna rol oynayıb”.
Pandemiya təhlükəsinin hələ aradan qalxmadığını deyən birlik rəhbəri vurğulayıb ki, dünyanın ümumi bəlasına çevrilən bu virusa qarşı qlobal mübarizə tədbirləri görülməkdədir: "Cənab Prezident İlham Əliyevin problemlə əlaqədar göstərdiyi qətiyyət və ardıcıllıq həqiqətən də beynəlxalq bir nümunədir. Məhz bütün dövlət qurumlarının pandemiya elan olunan gündən insanlarımızın sağlamlığını qorumaq naminə meydana qoyulan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmiz ilk mərhələdə daha az itki ilə vəziyyətdən çıxa bilib”.
T.Paşayeva hazırda həyatımızın ümumi axarına düşməkdə olduğunu diqqətə çatdırıb:"İnsanlar karantin qaydaları ilə yaşamağı öyrənirlər. Amma bu bizdə arxayınlıq yaratmamalıdır. Payız qapılarımızı döyür. Hər kəsə bəllidir ki, fəsil dəyişkənliyi, xüsusən yaydan payıza keçid dönəmində infeksion xəstəliklər artır. Nə qədər ki, amansız və dava-dərmansız koronovirusdan müdafiə mexanizmi, yəni, peyvənd hazır deyil, yol yoldaşımız ikiqat məsuliyyət olmalıdır. İnsanlarımız yenə də sərt karantin dövründə olduğu kimi, şəxsi gigiyena qaydalarına əməl etmək, sosial məsafəni qorumaq, maska taxmaq, mövcud qaydalara ciddi əməl etməklə özlərini və çevrələrini qoruya bilərlər”.
Birlik rəhbərinin fikrincə, əhalini məlumatlandırmaq üçün davamlı olaraq maarifləndirici məlumatların verilməsi olduqca vacibdir:"Yaxşı haldır ki, pandemiya başlanandan bu günə qədər respublika mətbuatı bu istiqamətdə ciddi iş görür, həm əhaliyə dövlətin apardığı tədbirlər, görülən işlər barədə geniş məlumat verir. Eyni zamanda peşəkarları ekran və efirlərə dəvət edərək maarifləndirici söhbətlərə yer ayırır. Gündəlik qəzetlərimizin də aktual mövzusu bu gün təbii ki, pandemiyadır.Psixoloji mərkəz olaraq biz də ölkəmiz üçün belə məsul dövrdə həm vəzifə, həm də insanlıq borcumuzu layiqincə yerinə yetirməyə çalışırıq, bütün diqqətimizi yenə də insanların psixoloji durumunun sağlamlığına yönəldirik. Çünki bu dönəmdə psixoloji sarsıntılar qaçılmazdır. Demək olar ki, pandemiya başlandığı ilk gündən psixoloji dəstəyə ehtiyacı olanların yanındayıq və bu hər zaman belə olacaq.Vətəndaşlarımıza müraciət edirəm ki, səbrli, təmkinli olsunlar, panikaya qapılmasınlar, vəziyyətin ciddiliyini nəzərə alıb dövlətin qoyduğu qaydalara məsuliyyətlə əməl etsinlər.Atalar yaxşı deyib ki, "güc birlikdədir” və biz bu çətinlikdən də birlikdə çıxacağıq. Çünki biz insanın həyatını və sağlamlığını bütün dəyərlərdən üstün tutan bir ölkənin vətəndaşlarıyıq”.
banner

Oxşar Xəbərlər