• cümə axşamı, 28 mart, 23:17
  • Baku Bakı 13°C

Pandemiya dövründə insanlar iki psixoloji qrupa bölünür: qorxanlar və inkar edənlər

13.05.20 15:00 536
Pandemiya dövründə insanlar iki psixoloji qrupa bölünür: qorxanlar və inkar edənlər
Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü olmaq kifayət qədər məsuliyyətli və şərəfli bir vəzifədir.
AZƏRTACxəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, psixiatr Gəray Gəraybəyli deyib.
Rektor bildirib ki, Prezident İlham Əliyev tərəfindən yaradılan fond təkcə iqtisadi, tibbi məna daşımır, həm də böyük mənəvi dəyərlərə malikdir: "İlk öncə bu, ölkə rəhbərinin xalqımızla birliyini və vəhdətini nümayiş etdirdi. Bir daha göstərdi ki, ağır vəziyyətlərdə ölkə başçısı daim xalqın yanındadır və insanlar da onun təşəbbüslərini müsbət qarşılayır. Fikrimcə, bu, fondun mənəvi tərəfidir. Məsuliyyət də məhz bundan irəli gəlir. Fondun formalaşmasında iştirak edən ictimaiyyətin, insanların haqqı var bilsin ki, köçürdükləri vəsait nəyə xərclənir. Ona görə də İctimai Nəzarət Şurasının yaradılmasını dəstəkləyirəm. Şura üzvü kimi ilk vəzifəmi bunda görürəm ki, fonda daxil olan və daxil olmaqda davam edən vəsaitlərin şəffaf xərclənməsi və ictimaiyyətə çatdırılması təmin olunsun”.
G.Gəraybəyli İctimai Nəzarət Fondunun ilk iclası barədə də danışıb. Rektor iclasda fondun fəaliyyəti, toplanmış maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi zamanı şəffaflıq və hesabatlılıq məsələlərinin müzakirə olunduğunu bildirib. O qeyd edib ki, fonda toplanan vəsaitlər koronavirusla mübarizənin müxtəlif sahələrinə yönəldiləcək. Hazırda bununla bağlı təkliflər hazırlanır və məsələ növbəti iclaslarda müzakirəyə çıxarılacaq.
Rektor pandemiya dövründə insanların psixoloji durumuna da toxunub. Onun sözlərinə görə, pandemiya dövrü hər bir insan və cəmiyyət üçün stresdir: "Əgər 6 ay bundan öncə kimsə desəydi ki, 2020-ci ildə biz bu şəraitdə yaşamalı olacağıq, çox az adam buna inanardı. Ona görə də insanların psixoloji olaraq bu vəziyyətə reaksiyası müxtəlif olur. Məsələn, həddindən artıq həssas, tez həyəcanlanmağa meyilli insanlar bəzən qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu dövrdə həyəcan pozuntularının kəskinləşməsinə də rast gəlinir. Xüsusən də, müxtəlif xəstəliklərdən qorxan insanlarda bu hal müşahidə edilir. Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, boş söhbətlərdir, bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edir. Bütün dünya danışır, lakin bir qrup inan bunu inkar edir. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir”.
G.Gəraybəyli hesab edir ki, bəşəriyyət mütləq COVID-19 infeksiyasına qalib gələcək. Lakin virusla bağlı qabaqlayıcı, profilaktik tədbirlər məhz elmi tədqiqatlara əsaslanmış təkliflər olmalıdır. Bu virusun forması, xüsusiyyətləri, modifikasiyası, mutasiyası, o cümlədən, müalicə üsulu öyrənilməlidir.

banner

Oxşar Xəbərlər