• şənbə, 20 Aprel, 12:54
  • Baku Bakı 23°C

Pandemiya Avrasiya İqtisadi İttifaqını çətin duruma salıb

30.03.20 16:47 1600
Pandemiya Avrasiya İqtisadi İttifaqını çətin duruma salıb
Ən ciddi zərər çəkən ölkə isə Ermənistandır

Dünya siyasəti və iqtisadiyyatına sürətlə daxil olan koronavirus pandemiyasnın arealı genişlənməkdə davam edir. Pandemiyanın gücünü, eləcə də onu ağır sosial, iqtisadi, həm də siyasi nəticələrini qonşumuz Rusiya və onun himayəsi altında olan təşkilatlar və qurumlar, ən əsası, Avrasiya İqtisadi İttifaqı ölkələri ciddi şəkildə hiss etməkdədir. Müşahidəçilər hesab edirlər ki, Avrasiya məkanının pandemiyanın ikinci, hətta üçüncü dalğasında olması bu ölkələrə müəyyən manevr imkanları verir. Onlar pandemiya ilə birinci üzləşən ölkələrin təcrübə və nəticələrini nəzərə ala və neqativ nəticələrə daha yaxşı hazırlaşmaq imkanı əldə edə bilərlər.
Lakin pandemiyaya qarşı xüsusən də uzun zaman kəsiyində tab gətirmək tək hazırlıq tədbirləri ilə kifayətlənmir. Bu daha çox dövlətlərin iqtisadi və sosial sferalarının inkişafı, hakmiyyət orqanlarının effektivliyi və operativliyi, səhiyyənin inkişafı ilə bağlıdır. Yəni söhbət dövlətlərin "zərbədən” orta və uzaq məsafələrdə özlərini necə saxlamaq imkanlarından gedir. Cari pandemiya dünya dövlətləri üçün bir növ test-stressdir. Təşkilata daxil olan ölkələrin pandemiyaya qarşı necə hazırlaşmaları sualına cavab hələ ki, yoxdur. Lakin çox güman ki, yaxın həftələrdə bu suala da cavab veriləcək. Hadisələrin inkişaf ssenarisi göstərir ki, heç də hamı pandemiya hücumuna hazır deyil. Avropanın bir sıra ölkələrində, Şimali Amerika və digər yerlərdə pandemiya piki hələ ki keçilməyib. Artıq Rusiya mediası həyəcan təbili çalır ki, pandemiya Avrasiya İqtisadi İttifaqı ölkələrinin sosial-iqtisadi inkişafına neqativ təsir edəcək. Böyük ehtimalla Aİİ və MDB-nin bir çox yoxsul dövlətlərinə ciddi təsir edəcək. Həmin dövlətlərin səhiyyə sisteminin zəif olması və maliyyə resurslarının olmaması öz təsirini göstərəcək. Söhbət xəstəxanalarda yerlərin azlığından, ağır xəstələrin müalicəsi üçün xüsusi avadanlıqların olmaması və maliyyə qıtlığından gedir.
Məsələn, Botkinsk xəstəxanasının baş həkimi Denis Qusev "Nezavisimaya qazeta”ya bildirib ki, COVİD-19 virusuna yoluxan bir xəstənin müalicəsi 60 min rubldan (yüngül formada) 200 min rubla (ağır formada) başa gəlir. Faktiki olaraq Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin əksəriyyəti işgüzar və istehsal aktivliyini ciddi şəkildə azaltmağa məcbur olublar. Ən sərt məhdudiyyəti Qazaxıstan hakimiyyət orqanları atıblar – Nur-sultan və Almatı şəhərlərində karantin elan olunub. Rusiyada isə martın 30-dan aprelin 5-nə kimi prezident Vladimir Putin tərəfindən əmək haqqı ödənməklə qeyri-iş günləri elan olunub. Ermənistanda isə bu sahədə ciddi çətinliklər yaranıb. Ölkənin iqtisadi imkanları onsuz da ağır idi. Məlumalara görə, Ermənistanda koronavirusa yoluxanlarına sayı 482-yə çatıb. Ermənistan Xəstəliklərin Profilaktikası və Nəzarəti Milli Mərkəzi bildirib ki, son sutka ərzində ölkədə koronavirusa 58 nəfər yoluxub. Qeyd edək ki, Ermənistanda koronavirusdan indiyə qədər 3 nəfər ölüb. Məsələ ondadır ki, Ermənistan koronavirus pandemiyasına görə Rusiya və digər dövlətlərin köməyinə möhtacdır. Lakin bütün ölkələr bu virusdan əziyyət çəkir və heç kimi Ermənistan maraqlandırmır.
Politoloqlar qeyd edirlər ki, Ermənistan həm mövcud koronavirus pandemiyası ilə əlaqədar, həm də ölkədə yerləşən rus hərbi bazasında yoluxma hallarının qarşısını almaq üçün Moskvadan yardım tələb etsə də, bu gün mövcud vəziyyət bir çox dövləti öz içinə qapanmağa məcbur edir. Kreml öz ölkəsindəki vəziyyəti düşünməyə məcburdur. Bu baxımdan deyə bilərik ki, Moskvanı hazırda nə Ermənistan, nə də oradakı hərbi bazası düşündürür. Kreml üçün bu gün əsas prioritet Rusiyada koronavirus pandemiyasının qarşısını almaqdır.
"Koronavirus və onun iqtisadi nəticələri erməni hakimiyyətinin cəmiyyətə misilsiz nailiyyət kimi göstərməyə cəhd etdiyi hər şeyi məhv etdi. İqtisadiyyatdakı gözləntilər yaxşı heç nə vəd etmir”. Bunu erməni siyasi ekspert Akop Köçəryan deyib. O, Paşinyanın hazırkı durumla bağlı fikrinin reallıqdan uzaq olduğunu və insanların belə nağıllara inamının qalmadığını bildirib: "Reallıq budur ki, Ermənistan keçən il xarici bazarlara 2,6 milyard dollarlıq mal ixrac edib. Baş nazir deyəndə ki ixrac beş il ərzində 30 milyarda çatmalıdır, qeyri-ciddi idi. Belə çıxır ki, 5 il ərzində ixrac 12 dəfə artmalıdır. Koronavirus Ermənistana dəhşətli zərbə vuracaq. İl hələ yeni başlayıb, amma belə templərlə ilin sonuna nə olacağını təsəvvür belə etmək olmur”.
Yeri gəlmişkən, ötən həftəsonu Paşinyan Gürcüstan və Rusiya baş nazirləri ilə telefon danışıqlarında bu ölkələrlə Ermənistan arasında sərnişin daşımaların məhdudlaşdırılması və vətəndaşların öz ölkələrinə qayıtmasını təmin etmək haqqında razılığa gəliblər. Eyni zamanda, yük daşıma prosesinin arası kəsilmədən davam etdirilməsi nəzərdə tutulur. Ən dəhşətli vəziyyət Ermənistan hərbi hissələrində yaşanır. Virus testi nəticəsində 3 hərbçinin yoluxduğu aşkar olub. Bu barədə Yerevanda jurnalistlərə Ermənistan müdafiə naziri David Tonoyan məlumat verib. Tonoyanın sözlərinə görə, daha əvvəl hərbçilərdən birinin ailə üzvündə koronavirus xəstəliyi müəyyən edilibmiş. Əlavə edib ki, sözügedən hərbçilər təcrid edilib, onların vəziyyəti məqbul qiymətləndirilir. Hərbçilərlə yaxın təmasda olan şəxslər nəzarətə alınıb, həmin hərbi hissənin daha 32 hərbçisi test keçib.
Beləliklə, koronavirus pandemiyası belə getsə, ölkənin tam şöküşünə səbəb olacaq. O da qeyd edilir ki, Aİİ-nin əsas lokomotivi hesab edilən Rusiya və Qazaxıstan isə ikiqat zərbə alırlar. Söhbət neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən gedir. Neftə tələbat kəskin şəkildə aşağı düşüb. OPEK-ə üzv olan ölkələrin öz aralarında razılıq əldə edə bilməmələri neftin bir barelinin qiymətini 20 dollara kimi azaldıb. Qeyd edək ki, neftdən asılı olmayan ölkələr də ciddi ziyan çəkir. Məsələn, Qırğızıstan, Tacikistan və müəyyən mənada Özbəkistan Rusiyadakı əmək miqrantları hesabına iqtisadiyyatlarını qura bilirdilər. Rusiya iqtisadiyyatına dəyən ziyan əmək bazarının da çökməsinə və bu da öz növbəsində iş yerlərinin azalmasına gətirib çıxarıb. Bu da əmək miqrantlarının vətənlərində sosial gərginliyi artırır.
Artıq Rusiya ekspertləri birmənalı şəkildə bildirirlər ki, mövcud pandemiya özünün sosial-iqtisadi nəticələri ilə Avrasiya İqtisadi İttifaqında kollapsa gətirib çıxaracaq. Və qəti şəkildə bildirirlər ki, buna yol vermək olmaz. Bütün bunlardan o nəticəyə gəlmək olar ki, mövcud vəziyyət daha çox iqtisadiyyatı Rusiyadan asılı olan ölkələrə ciddi təsir edəcək. Belə dövlətlərinin başında isə Ermənistan gəlir. Və nə qədər ki bu dövlət işğalçılıq siyasətini davam etdirəcək, düşdükləri vəziyyət də ağırlaşacaq.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər