• cümə, 26 Aprel, 15:54
  • Baku Bakı 23°C

Pambıqçılıq sırf bazarın öhdəsinə buraxıla bilməz

24.09.16 10:35 2262
Pambıqçılıq sırf bazarın öhdəsinə buraxıla bilməz
Prezident İlham Əliyev Azərbaycanda pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sərəncamla müəyyən edilib ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulur.Sərəncamda nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir. Nazirlər Kabinetinə tapşırılıb ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etsin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.Subsidiyalaşma pambıqçılığın inkişafı üçün görülən işlərin tərkib hissəsidir. Bəs subsidiyalaşma və dövlətin bu sektora dəstəyi sözügedən sahənin inkişafına nə kimi kömək edəcək?

İqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında bildirdi ki, bəzi sahələrdə dövlət dəstəyinə ehtiyac var: "Dövlət başçısı Sabirabadda keçirdiyi müşavirədə dedi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ümumiyyətlə, elə sahələr var ki, sırf bazarın öhdəsinə buraxıla bilməz. Çünki bazar iqtisadiyyatı çox şeyi həll etmir. Bəzi sahələrə dövlət dəstəyi lazımdır. Ona görə də pambıqçılığın bərpası və inkişafı üçün çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət həlledici rol oynamalıdır. Bu rol müvafiq qayğıdan və dəstəkdən ibarət olmalıdır. Ancaq həmin qayğı və dəstək bilavasitə dünya bazarı ilə əlaqəli və xüsusən də qiymət sarıdan qarşılıqlı münasibətlər əsasında həyata keçməlidir.Məlumdur ki, pambığın satınalma qiyməti bu ildən artırılıb. Belə ki, 2016-cı ildən birinci növ pambığın bir tonu üzrə satınalma qiyməti 500 manat, ikinci növü üzrə 470 manat, üçüncü növü üzrə 440 manat, dördüncü növü üzrə isə 400 manat edilib. Müqayisə üçün qeyd edək ki, keçən il, yəni 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 410 manat, 390 manat, 370 və 350 manat idi. Dünya bazarında 1 ton pambıq lifinin qiyməti isə 1500-1600 ABŞ dollarından yuxarı təşkil edir”.

İqtisadçı deyir ki, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya veriləcəyi təqdirəlayiq haldır. Lakin o hesab edir ki, sözügedən sahədə tədarükçü şirkətlər və emal müəssisələrinin dünya bazarındakı qiymətlərlə bağlı daha çox gəlir götürəcəklərini nəzərə alsaq, bu istiqamətdə əlavə addımların atılmasına da ehtiyac var: "Belə ki, gəlirlərin bölüşdürülməsində istehsalçı, emalçı və dövlət əlaqələri düzgün təşkil olunmalıdır. Bütün bunlardan ötrü isə kompleks stimullaşdırıcı tədbirlər həyata keçirmək lazımdır. İlk addım isə məhz qiymət siyasəti ilə bağlı olmalıdır. Hesab edirəm ki, qiymət əsas şərtdir”.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, dövlət hansı sahələrin inkişafında maraqlı olursa, o sahələrdə təşviqin həyata keçirilməsi, subsidiyalaşma və digər mexanizmlərin tətbiq edilməsi normaldır: "Düşünürəm ki, pambıqçılığın inkişafı daha çox ənənəvi potensiala söykənən bir istiqamət olaraq müəyyənləşdirilib. Eyni zamanda, valyuta daxil olmasına müəyyən qədər şərait yaradan alət olaraq düşünülür. Çünki pambıq dünya bazarına çıxarılacaq məhsuldur. Bunun qarşılığında da ölkəyə valyuta axınını təmin etmək mümkündür. Digər tərəfdən, bu sektorun kifayət qədər böyük əmək tutumluluğu var. Bu baxımdan yanaşdıqda subsidiyalaşmanın tətbiq edilməsi müsbət haldır”.

R.Həsənov bildirdi ki, pambıqçılığın inkişafında intensiv inkişafa nail olmaq üçün işlər görülməlidir. Subsidiyalaşma da bu inkişafın bir tərkib hissəsi hesab oluna bilər: "Azərbaycanda 2015-ci ilin statistikasına görə 22 min hektardan təxminən 41 min ton pambıq istehsal olunub. Bu, bir hektar üçün təxminən 800 kq məhsul istehsalı deməkdir. Bu prizmadan yanaşdıqda hökumətin bu gün tətbiq etdiyi subsidiya şərtləri ilə bundan sonrakı dövrdə artıq pambıq əkən vətəndaş bir hektar üçün hökumətdən təxminən 180 manata yaxın yardım alacaq. Təbii ki, bu, müəyyən xərclərin qarşılanması üçün müsbət bir addım hesab oluna bilər. Eyni zamanda, pambığın alışı ilə bağlı qiymətin artırılması qarşıdakı dövrdə nəzərdə tutulur. Bütövlükdə bunların təşkil edilməsi gələcəkdə bu sahəyə marağı nisbətən artıra bilər. Çünki təxminən 15-20 il bundan əvvəl Azərbaycanda əkilən pambıq sahələri təxminən 110 min hektar idi. Amma bu gün 22-23 min hektara düşübsə, deməli, 5 dəfə azalma var.Məhsuldarlıqda nisbətən artım müşahidə olunur. Bu da onunla bağlıdır ki, texnoloji avadanlıqların tətbiq olunması və s. kimi innovasiyanın tətbiqi məhsuldarlığa müsbət təsir göstərir. Amma düşünürəm ki, hökumət daha çox pambıqçılıqda intensiv inkişafa fokuslanmalıdır. Daha müasir metodların tətbiqi ilə məhsudarlığın artırılması və bu sahənin gəlirliliyinin yüksəldilməsi yolu ilə prosesin təşkili aparılmalıdır. Burada subsidiyalaşma alətlərdən biridir. Amma eyni zamanda digər istiqamətlərdə də fermerlər üçün müəyyən qədər şəraitin yaradılması, onlara logistik dəstəyin təmin olunması kimi məsələlərə də baxmaq lazımdır”.

İqtisadçının sözlərinə görə, subsidiyalaşma dövlət büdcəsinə ciddi yük deyil: "Subsidiyalaşmanın nə qədər müddət tətbiqini öncədən planlaşdırmaq çox çətindir. Bu, dövlətin maliyyə dəstəyindən də asılıdır. Bu gün elə də ciddi xərc yaratmır. 2015-ci ilin statistik təhlili ilə götürsək, ayrılan subsidiya dövlət büdcəsi üçün əlavə yük yaradır. Amma 2016-cı il üçün əkilən sahələr əvvəlki ilə müqayisədə 2 dəfə artıqdır. İki dəfə artıq məhsul yığımı olsa, 8-10 milyon manat dövlət büdcəsi üçün yük olsa da, çox ciddi yük deyil. Bu baxımdan bu işin davamlılığını təmin etməklə prosesin daha da genişlənməsini, əkin sahələrinin artmasını, intensiv təsərrüfatçılığın formalaşmasını dəstəkləmək daha məqsədəuyğun olar. Amma növbəti dövlərdə dövlət büdcəsinin gəlirləri ilə bağlı problemlər dərinləşərsə, büdcənin yükünün azaldılması məqsədi ilə bir çox istiqamətlərdə subsidiyaların, əlavə yardımların, subvensiyaların dayandırılması qərarı verilə bilər. Bunlardan biri də pambıqçılıq ola bilər. Amma nəticə əldə olunana qədər yəqin ki, subsidiyalaşma prosesi davam etdiriləcək”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər