• cümə axşamı, 28 mart, 19:12
  • Baku Bakı 13°C

Pambıqçılıq ölkə iqtisadiyyatında strateji sahə statusu qazanır

30.03.17 10:30 1985
Pambıqçılıq ölkə iqtisadiyyatında strateji sahə statusu qazanır
"Biz keçən ildən başlayaraq pambıqçılığa çox böyük dövlət dəstəyi göstəririk. Vətəndaşları və fermerləri stimullaşdırmaq üçün çox ciddi tədbirlər görürük. Pambığın alış qiyməti keçən ilki 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda, 10 qəpik subsidiya verilir. Vətəndaşlar hər gün tarla başında öz halal pullarını alırlar”. Bu fikirləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
Prezident vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yarandığını, bunun çox önəmli amil olduğunu qeyd edib: "Dövlət öz dəstəyini göstərir və göstərəcək. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Ancaq vətəndaşlar tərəfindən bu sahəyə maraq göstərilməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə, burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq”.
Bəs pambıqçılığın inkişafı ölkəmiz üçün iqtisadi baxımdan nə dərəcədə səmərəlidir? Ölkəmizdə bu il ötən ilkindən 3 dəfə çox, yəni 100 min ton pambıq istehsalı planlaşdırılır. Pambığın xam məhsul kimi də dəyəri olsa da, onun emalının qazandırdığı gəlir daha da çox olur. Sovet vaxtı Azərbaycan yalnız xam məhsulun dəyərini qazanırdısa, indi ölkəmizdə pambığı emal etmək üçün də kifayət qədər imkanlar var. Bu imkanlardan istifadə edib pambığı qızıla necə çevirə bilərik?
"Pambığa dünya bazarında böyük tələbat var”
Mövzu ilə bağlı fikirlərini mediaya açıqlayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, həyata keçirilən zəruri tədbirlər sayəsində insanlar özləri də pambıqçılığa maraq göstərirlər: "Bu məhsulun istehsalına mane olan əsas problem satışını təşkil etmək idi. Bunun üçün isə "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Pambıqçılıq həm qeyri-neft sektoruna öz töhfəsini verəcək, həm də ixrac yönümlü məhsulların miqdarını artıracaq. Xam və ya emal olunmuş şəkildə bazara çıxarılmasından asılı olmayaraq, pambıq ölkəmiz üçün gəlir gətirəcək. Pambıq həmişə dünya bazarında qiymətli olub. Amma bir də var pambığı xammal kimi deyil, məhsul şəklində təqdim etmək. Bizdə bu iş də görüləcək. Əgər müəssisələr normal fəaliyyət göstərsə, istehsal olunan pambıq emal olunub, bazara məhsul şəklində çıxarılacaq. İstehsal olunmasa belə, xam şəkildə də pambığa dünya bazarında böyük tələbat var”.
"İdxaldan asılılığa son qoya bilərik”
Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmov da ölkəmizdə kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı üçün böyük potensial olduğunu vurğulayıb. Bildirib ki, bu sahə mürəkkəb olduğundan bütün istiqamətlərdə inkişafın təmin edilməsi üçün kompleks yanaşmaya ehtiyac var: "Məsələn, strateji məhsul olan pambığın "ağ qızıl” statusunu özünə qaytarmaq üçün ilk növbədə ciddi dövlət proqramı hazırlanmalıdır. Bundan sonra pambıqçılığın inkişafına nail olmaq üçün kompleks yanaşma tələb olunur. Toxum, suvarma, gübrə istifadəsi üzrə müasir sistemin tətbiqi, yeni texnikaların cəlb edilməsi, bu sahə ilə məşğul olanların maarifləndirilməsi, ucuz və aşağı faizlə kreditlərin ayrılması və sair. Eyni zamanda emal müəssisələrinin sayı artırılmalı, həm də bura çoxlu sahibkar cəlb olunmalıdır ki, rəqabət və şəffaflıq olsun. Bununla yanaşı, bu işdə nailiyyətə çatmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi, bunun üçünsə beynəlxalq mütəxəssislərin cəlb olunması da zəruridir. Çünki indi pambıq əkən fermerlər aqrotexniki qaydalara tam əməl edə bilmədiyindən, həm az, həm də aşağı keyfiyyətli məhsul əldə edirlər. Bu da məhsulun qiymətinə təsir edir. Əgər bu istiqamətdə problemlərə kompleks yanaşılarsa, biz həm pambıqçılığı inkişaf etdirə, həm də ölkənin digər kənd təsərrüfatı məhsulları ilə bağlı idxaldan asılılığına son qoya bilərik”.
"Pambıqçılığın bərpası məşğulluğun artması deməkdir”
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Pərviz Heydərov deyir ki, neftin bizə vurduğu ən böyük zərər qeyri-neft sektorunun geridə qalması olub: "Ölkəmizin son illər ərzində sürətlə inkişaf etməsinə əsas səbəb neft olub. Regionlarımız da daxil olmaqla, bütövlükdə ölkədə indiyədək müxtəlif infrastrukturların yaradılması, böyük həcmdə maliyyə ehtiyatlarının əldə olunması, həmçinin əhalinin sosial-iqtisadi vəziyyətinin əhəmiyyətli şəkildə dəyişməsi məhz neft gəlirləri hesabına baş tutub. Bununla belə, neftin zərəri də az olmayıb. Belə ki, qeyri-neft sektoru geridə qalıb, onun xüsusən də kənd təsərrüfatı bölməsi və bu bölməyə aid bir sıra mühüm sahələr tənəzzülə uğrayıb. Bunlardan ən birincisi isə pambıqçılıqdır. Bundan sonra prioritet sahələr sənaye ilə kənd təsərrüfatı sayılır. Kənd təsərrüfatında keçmiş ənənələr bərpa edilməlidir ki, bura pambıqçılıq, tütünçülük və baramaçılıq daxildir. Adlarını çəkdiyim kənd təsərrüfatı məhsulları üzrə bazar axtarmağa heç bir ehtiyac yoxdur. Hamısı ixracyönümlü məhsullardır. Valyuta gəlirlərimizin azaldığı halda bunun nə demək olduğu yaxşı bəllidir”.
Ekspert hesab edir ki, pambıqçılığın bərpası həm də məşğulluğun artması deməkdir: "Bəziləri bildirirlər ki, pambıqçılıq yaxşı gəlir mənbəyi deyil və kəndlidə bu sahəyə maddi maraq yaratmaq guya çətin məsələdir. Bu, tamamilə əsassız və yanlış fikirdir. Əvvəla, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi aqrar sektora məxsus ərazilərdə məskunlaşıb. Keçən il isə 24 rayonda pambıq əkilmişdi - ümumən 52 min hektarda. Bu il bunu 128 min hektara çatdırmaq istənildiyi deyilirdi. Hər hektarda orta hesabla minimum 1 nəfər çalışarsa, pambıqçılığın bərpası istər-istəməz məşğulluğun artması demək olacaq. Digər tərəfdən isə, sözügedən sahədə tədarükçü şirkətlər ilə emal müəssisələrinin dünya bazarlarındakı qiymətlərlə bağlı daha çox gəlir götürəcəklərini nəzərə alsaq, onlar tərəfindən fermer və kəndlilərin pulu əgər vaxtında və istənilən səviyyədə verilərsə, görəsən, nədən maddi maraq yaranmasın ki? Bunun üçün isə gəlirlərin bölüşdürülməsində istehsalçı, emalçı və dövlət əlaqələri - münasibətləri düzgün təşkil olunmalıdır. Lakin bütün bunlardan ötrü şübhəsiz, kompleks stimullaşdırıcı tədbirlər həyata keçirmək lazımdır. İlk addım isə məhz qiymət siyasəti ilə bağlı olmalıdır. Hesab edirəm ki, qiymət əsas şərtdir. Bu və ya digər güzəştlərin və subsidiyalaşdırmaların tətbiqi ilə istənilən nəticəyə nail olmaq çətindir. Hazırda sevindirici hal ondan ibarətdir ki, dövlət bu sahəni diqqətə götürüb. Dövlət başçısı hələ keçən il qeyd etdi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır. Çünki "qara qızıl”dan gəlirlər azaldıqca, pambıqçılıq kimi sahələrə diqqət və qayğı istər-istəməz qaçılmaz xarakter alır. Lakin bu qayğı bilavasitə dünya bazarları ilə əlaqəli və xüsusən də, qiymət sarıdan qarşılıqlı münasibətlər əsasında həyata keçməlidir”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər