AZE | RUS | ENG |

“Palaza bürün, el ilə sürün” məsəlinin əksinə gedən xanım - Uğur hekayəsi

“Palaza bürün, el ilə sürün” məsəlinin əksinə gedən xanım - Uğur hekayəsi
Kasıb bir ailədə böyüyən Vəfa Şıxıyeva universitetə daxil olub, Avropada təhsil alıb, hazırda Macarıstanda işləyir və doktoranturaya hazırlaşır

Bill Geytsin məşhur "Kasıb doğulmaq sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır” deyimi ilə yola başlayıb. Deyir ki, hər bir uğurun arxasında zəhmət və cəsarət dayanır. Ona görə, cəsarətini toplayıb öz zəhmətinlə yolu getməli, qarşına çıxan əngəlləri yıxmalı və o yolda heç kimi dinləməməlisən. Dinlədin və dayandınsa, yerində sayacaqsan.

Müsahibimiz Macarıstanda məşhur alman şirkəti Kontinental Automotive Group-da(AG) prototip koordinator işləyən Vəfa Şıxıyevadır. 24 yaşlı həmsöhbətimiz həmçinin sentyabrdan sözügedən ölkədə doktorantura təhsili almağı planlaşdırır.

Vəfa Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Macarıstanda Pannonina Universitetində davam etdirib. Lakin istər təhsili, istərsə də Macarıstana qədər getdiyi yol ona asan başa gəlməyib. Zəhməti, əzmi, məqsədi şəxsi həyatını belə unutdurub.

- Vəfa xanım, karyeranızda getdiyiniz yolun kələ-kötürlü olduğunu vurğuladınız. O yoldan danışaq...
- Karyerama 18 yaşımda başladım. Məşhur kafelərin birində kassir işləyirdim. Çünki pula çox ehtiyacım var idi. İlk uğurumu da elə burada qazandım. 6 ay kassir işlədikdən sonra "supervizor” oldum. Menecer vəzifəsinə qədər yüksəldim. 4-cü kursda dərslərim çox olduğu üçün işdən ayrılmaq məcburiyyətində qaldım. Diplomumu aldıqdan sonra yenə iş axtarmağa başladım. Universiteti bitirən kimi aptekdə işə düzəldim və 6 ay orada işlədim. Həmin müddət ərzində magistratura təhsili üçün xaricdəki universitetlərə müraciət edirdim. Ən böyük məqsədim yaxşı təhsil almaq idi. Artıq 16 yaşımdan Avropada təhsil almağa qərar vermişdim. Lakin bu zaman da mənə yaxşı iş lazım idi ki, təqaüd qazana bilməsəm belə, təhsilimi davam etdirə bilim. Ona görə də maaşı nisbətən çox olan işlərə müraciət edirdim. Daha sonra Beynəlxalq Bankda işləməyə başladım. Gəlirlərim məni qane edirdi. 2 ay işlədikdən sonra Pannonia Universitetindən təqaüdü qazanmağımla bağlı cavab gəldi. Sentyabra qədər pul yığdım, biletləri aldım və Budapeştə gəldim. Bir il oxudum və alman şirkətində təcrübə keçmək üçün müraciət etdim. Orada 6 həftəlik təcrübəm oldu. Daha sonra işimi bəyəndikləri üçün onlarla çalışmağa başladım.
 


-18 yaşınızda işləmək məcburiyyətində olduğunuzu vurğuladınız. Həm oxuyub, həm pul qazanmaq çətin deyildiki?
- Kasıb ailədə böyümüşəm. 3 bacıyıq. Anam çox zəhmətkeş qadındır. Bizim təhsilimiz üçün ömrünü fəda edib. Biz çox əziyyət və çətinliklə böyümüşük. Məktəb vaxtından qarşıma məqsəd qoymuşdum ki, "palaza bürün, el ilə sürün” məsələnin əksinə gedəcəyəm və "sürünməyəcəyəm”. Mən kasıb həyatı yaşamaq istəmirdim. Bizim ailədə çox problem olurdu. Həm ailədəki çətinliklər, keçimsizlik, həm kasıbçılıq məni formalaşdırdı. Birinci sinifdə oxuyandan məqsədli uşaq idim. Hətta yadımdadır, riyaziyyatdan zəif olduğum üçün atamın verdiyi qəpikləri yığıb, 5-ci sinifdə bir ay riyaziyyatımı inkişaf etdirmək üçün hazırlığa getmişdim. Uşaq olsam da, zəif nöqtələrimi bilir və həll edirdim. 9-cu sinifdə evdə dedim ki, universitetdə oxumaq istəyirəm. Fikirlərimə qarşı çıxdılar. Dedilər ki, səni hazırlığa qoymağa pulumuz yoxdur. Özün hazırlaş və texnikuma sənəd ver. Mən də ağladım və qəti şəkildə dedim ki, ali təhsil alacağam. Təsəvvür edin, anam 200 manat maaş alırdı və ortancıl bacım da satıcı işləyirdi. Anam 200 manatının 160 manatını hazırlığa getmək üçün mənə verir, 40 manatını yol pulu saxlayırdı. Həmin müddətdə ailəvi problemlərə görə, evdə hazırlaşa bilmirdim. Məhz yaxşı nəticə əldə edə bilmək üçün bir il bibimgildə qaldım. Gündə 2 saat yatırdım. Universitetə qəbul olmamaq kimi bir şansım yox idi, çünki ailəm mənə görə əziyyət çəkirdi. Məqsədimə çatdım və universitetə qəbul oldum. 1-ci kursun yaz aylarında atam bizdən ayrılıb getdi. Qərara gəldim ki, işləməliyəm. Məqsədlərimin arxasınca getməli idim. Bilirdim hər şey çətin olacaq. Amma həyatda asan heç nə yoxdur. Heç bir təcrübəm yox idi, qapı-qapı gəzib, iş axtarırdım. Təsəvvür edin ingilis dilindən heç bir söz bilmirdim. Kafedə işləyəndə filippinli müdirimiz mənə dedi ki, sən dil bilmirsən, necə işləyəcəksən? Onu da əmin etdim ki, bunu bacaracağam. Həm SOCAR-da praktikaya gedir, həm də kassir kimi işləyirdim. 8-də dərsə gedir, 2-də çıxıb işə gəlirdim. İşdən çıxandan sonra da evə gec saatlarda çatır, dərs oxuyurdum. 3 il ərzində gündəlik cəmi 3-4 saat yuxu yatmışam. 8 saat ayaq üstdə qalırdım. Çox çətin rejimim var idi. Bugünkü nailiyyətlərim mənə heç də asan başa gəlmədi.
 


- Həm ailəvi problemlər, travmalar, həm kasıbçılıq... Nədən motivasiya alırdınız?
- İnsanlar dünyaya gəlir, yaşayır, universitetə qəbul olur, yaxud təhsil almır, ailə qurur. Hər kəs standart, monoton həyat yaşayır. Mənim yaşadığım həyat onsuz da rahat deyildi. Eynilikdən çıxmaq istəyirdim. Bəlkə də elə həyat tərzim mənə motivasiya verdi ki, bunu yaşamamalısan. Öz-özümə deyirdim ki, Vəfa, sən belə ölə bilməzsən. Bill Gaytsin dediyi kimi, kasıb dünyaya gəlməyi sənin günahın deyil, amma kasıb ölürsənsə, bu, sənin günahındır. Mən kasıb ölmək istəmirdim. Düzdür, ailəmizi seçmək şansımız yoxdur, amma gələcəyimiz öz əlimizdədir axı... Ən böyük motivasiyam isə "bacara bilməzsən”, "çətin olar” sözləri olub. Mənə çətin olar dedikcə, onun üstünə gedirdim. 9-cu sinifdə ailəm mənə pul yoxdur qəbul ola bilməzsən dedi, bacardım. Sonra işə düzəlmək istədim, işlə universitet birlikdə alınmaz, dedilər, alındırdım. Mənə bacarmazsan deyənlər, əslində ən böyük gücü verib. Avropada magistratura təhsili almaq üçün ingilis dili lazım idi. Axırıncı kursda oxuyanda, öz maaşımla 1500 manat pul yığmışdım. İngilis dilindən kursa getməli və İLTS almalı idim. Oktyabrda kursa başladım, həm tezisi yazır, həm kursa gedirdim. Yenə gərgin rejim idi. Fevral ayında pulum qurtardı. Dedim yox, kursu yarımçıq qoya bilmərəm, 2 ay nə iş olsa, işləyəcəyəm və kursun pulunu yığacağam. Şəhərin canına düşüb, iş axtarırdım. Havasız bir yerdə iş tapdım. 6 saata gündə 150 manata işlədirdilər. Kursumun pulu da 150 manat idi. Mənə də 1 ay yarım işləmək lazım idi. 2 aya yaxın işlədim və məqsədimə nail oldum. Təsəvvür edin həm işləyir, həm oxuyur, həm də kursa hazırlaşırdım. Başqa sözlə desək, həmin vaxt yaşamırdım (gülür). İLTS-a metroda, ayaq üstdə, yemək yeyəndə hazırlaşırdım. Ən böyük arzum Almaniyada oxumaq idi, amma həmin müddətdə təqaüdü ala bilmədim. Çox üzüldüm. Çünki bütün enerjimi ona sərf etmişdim. Lakin bu, alınmadı.
 


- Almaniya arzunuz puç oldu. Bəs Macarıstan macərası necə başladı?
- Bu gün qəmliyəmsə, artıq sabah özümə gəlməliyəm. Əgər kefimi nə isə pozubsa, ən çox iki gün haqqım var ki, qırağa çəkilib, üzgün olum. Üzgünlüyüm adətən 1-2 gün çəkir.  Həyatda hər şey öz axarına düşür. Yeganə bərpa olunmayan resurs zamandır. Mənim pis olmağa sərf etməyə vaxtım yox idi. Ondan sonra başladım yenidən hər yerə müraciət etməyə. Beynəlxalq Banka o müddət ərzində düzəlmişdim. Təqaüdlə bağlı o qədər inamsız idim ki, heç maillərimə də baxmırdım. 2 ay sonra mənə Macarıstandan təqaüd qazanmağımla bağlı mail gəlib. Mən həmin mesajı 2 həftə sonra gördüm. Maaşımı aldım, düşünmədən işdən çıxdım və Macarıstana gəldim. Macarıstan macəram da belə başladı. Hazırda həm işləyir, həm də doktoranturaya hazırlaşıram.

- Vəfa xanım, kasıb ölməmək üçün dayanmadan işləyib, əziyyət çəkmisiniz. Lakin bankda kifayət qədər maaş almanıza baxmayaraq, göz ardı edib, xaricdə sıfırdan başlamısınız. Yəqin ki, bu qərarınıza görə, qınayan az olmayıb.
- Düzdür, çox az pul ilə xaricə gəldim. Banka işə düzələndə dedilər ki, maaşın da, işin də yaxşıdır, getmə. Amma məqsədlərim var idi. Avropada magistratura təhsili almalı idim. Ayağımın altına qızıl xalı da sərsəydilər gedəcəkdim. Düzdür, təqaüdüm maaşımdan dəfələrlə az idi, mən yenə o maaşdan imtina edib, gəldim. Mənim üçün əsas olan maaşımın miqdarı deyil, məqsədlərimdir. Məqsədimə çatanda dünyanın ən xoşbəxt insanı oluram.
 


- Əslində məqsədinizə çatırsınız, amma onu da keçmək istəyirsiniz? Doktorantura təhsili kimi...
- Həyatda hər insanın ayaqda qalma səbəbi var. Mənim də həmişə qarşıma qoyduğum mərhələlərim olub. Onları keçmək üçün əlimdən gələni edirəm. Düzdür, doktorantura təhsili ağlımda yox idi. Burada oxuyanda düşündüm ki, niyə də yox. Nəslimizdə Avropada doktorantura oxuyan olmayıb. Niyə də 28 yaşımda məni doktor Vəfa Şıxıyeva çağırmasınlar? Mən dünyanı xilas edən insanlardan olmaq istəyirəm. Fil qulağında yatıb, dünyadan mənasız gəlib, mənasız getmək istəmirəm.  Yaralı olmaq, özümdən sonra iz qoymaq istəyirəm.

- Yəqin ki, kasıbçılıqla yanaşı, xanım olduğunuz üçün də Avropada tək təhsil almaq xəyalınıza inananlar az olub. Adətən ailələr qız uşaqlarının azadlığından qorxurlar.
- "Vəfa bizim pulumuz yoxdur e, sən nə danışırsan?”, "Sən Avropada gedib necə oxuyacaqsan”, "Biz kasıbıq”, "Avropada oxumaq asan deyil”, "Qız uşağısan”, "Səni incidərlər”, "Day-dayın yoxdur”...  Mən gözümü açandan bu sözləri eşitmişəm, amma fikrimi dəyişməmişəm. Yeniyetməliyimi xatırlamıram. Qızlar o yaşlarda bəzənib-düzənməyə meyilli olurlar. Universitetə qəbul olmağa o qədər fokuslu idim ki, qız olmağımı belə, xatırlamırdım. Dərsdən gəlib çantamı kənara qoyub, tapşırıq edirdim. Başa düşürdüm ki, hazırda yaşadığım həyat çox çətindir. Vəziyyətdən çıxmaq üçün nəsə etməliydim. Çıxış yolu da təhsil idi. Mənim kimi ailədə böyüyən qız intihar da edə bilərdi , pis yola da düşərdi. Amma mən güclü oldum. Bunu anama borcluyam. Mənə inanmasa da, həmişə dəstəkləyib. Qadın kimi dünyaya gəlmək asan deyil. Qızsan, belə gülmə, qızsan, belə geyinmə, qızsan, axşam vaxtında gəl... Mən işdən 11-12-də gələndə, qonşular hər gün soruşurdular ki, haradan gəlirsən? Məncə, qadın uğur qazanmaq üçün özünü karlığa qoymalıdır. Mən ətrafı eşitmirdim. Kar idim.
 
 

- Bir az da işinizin xüsusiyyətlərindən danışaq.
- Kontinental AG 1871-ci ildə Almaniyanın Hannover şəhərində qurulan təkər və avtomobil hissələri istehsal edən firmadır. Təkər istehsalı sayına görə Avropada 2-ci, dünyada 4-cü yeri tutur. Dünyanın ən məşhur avtomobil firmaları ilə müqavilələrimiz var və mühərrikləri istehsal edib, məşhur avtomobil firmalarına satırıq.

- Ənənəvi sualımız. Uğur sirriniz nədir?
- Zəhmət. Qazandığım bütün uğurların arxasında mənim zəhmətkeşliyim durur. Bir də sürüdən çıxmaq üçün sənə cəsarət lazımdır. Sən cəsarətli, zəhmətkeş olmalı, nə istədiyini bilməlisən və heç kimə qulaq asmamalısan. Uğur qazanmaq istəyən insanın qarşısında o qədər maneələr olur ki... Sən onları dinləsən, yolunu itirərsən. Məşhur bir filmdə deyildiyi kimi, heç kimin sizə "bacara bilməzsən” deməyinə icazə verməyin. Bəzi insanlar özlərinin bacara bilmədiklərini, başqalarının da edə bilməyəcəyini sanırlar. Sən onları dinləsən, xəyallarına qəsd edərsən.

Aygün ƏZİZ
 




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973