• çərşənbə, 24 Aprel, 13:23
  • Baku Bakı 27°C

Pakistanın “National Courier” qəzeti: 20 Yanvar hadisələri Azərbaycan tarixində dönüş nöqtəsidir

20.01.18 18:10 750
Pakistanın “National Courier” qəzeti: 20 Yanvar hadisələri Azərbaycan tarixində dönüş nöqtəsidir
Pakistanın "National Courier” qəzetinin internet səhifəsində ekspert Mahmud ul-Həsən Xanın "Qara Yanvar şəhidliyi və insanlığın qələbəsi” adlı məqaləsi yayılıb.
AZƏRTACxəbər verir ki, məqalədə 20 Yanvar faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verilir. Müəllif Qara Yanvar hadisəsinin region üçün ciddi geosiyasi, sosial-iqtisadi əhəmiyyətinin olduğunu və SSRİ-nin süqutunu tezləşdirdiyini qeyd edir. "Zərbə” əməliyyatı adı altında 26 minlik sovet qoşununun Bakıya girərək dinc əhalini atəşə tutduğu, tankların qabağına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı hadisə nəticəsində aralarında qadın və uşaqların, müxtəlif dinlərin və millətlərin də nümayəndələrinin olduğu 147 sakinin qətlə yetirildiyi, 700-dən çox insanın yaralandığı vurğulanır.
Məqalədə 20 Yanvar hadisələrinin kökünün Dağlıq Qarabağ məsələsinə gedib çıxdığı, həmin dövrdə Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən azərbaycanlılara qarşı iğtişaşların törədildiyi və yüz minlərlə insanın öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığı bildirilir. Nəticədə Azərbaycanın müxtəlif şəhərlərində etiraz aksiyalarının başladığı qeyd olunur. "Berlin divarının yıxılması Avropa ölkələri üçün necə azadlıq və demokratiyaya yol açmışdısa, 20 Yanvar hadisələri də Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün eyni rolu oynayıb”, - deyə müəllif vurğulayır.
Məqalədə bildirilir ki, 20 Yanvar həm dəhşətli cinayət, faciə, eyni zamanda, insanların müstəqillik uğrunda apardıqları qəhrəmanlıq, fədakarlıq və mübarizə günüdür. Azərbaycan həmin gün dönməz müstəqilliyə, sosial-iqtisadi inkişafa və müasir cəmiyyətə sahib oldu və bu işdə 20 Yanvar şəhidlərinin müstəsna rolu olub.
Müəllif həmin vaxt Moskvada olan Heydər Əliyevin Bakıda baş verən faciəyə öz qəti etirazını bildirdiyini və Azərbaycan xalqının azadlıq hərəkatının liderinə çevrildiyini vurğulayır. Eyni zamanda, 20 Yanvar hadisələrinin Sovet İttifaqının süqutunu sürətləndirdiyi, müstəqillik hərəkatını gücləndirdiyi diqqətə çatdırılır. Məqalədə hadisəyə olan beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların müvafiq hesabatları qeyd edilir.
Yazıda 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş nöqtəsi olduğu bildirilir, təzyiqlərə və çətinliklərə baxmayaraq, Azərbaycan xalqının əzmlə mübarizə apardığı və 1991-ci il oktyabrın 18-də öz müstəqilliyinə qovuşduğu vurğulanır. "Bu gün Azərbaycan xalqı 1990-cı il yanvarın 20-də milli kimlik və azadlıq uğrunda canlarını fəda etmiş insanları qürurla xatırlayır, hər il bu günü şəhidlər günü kimi qeyd edir və Şəhidlər xiyabanını ziyarət edir”, - deyə müəllif oxucuların diqqətinə çatdırır.
banner

Oxşar Xəbərlər