Pakistanın Baş naziri BDU-nun Fəxri doktoru adına layiq görülüb - Fotolar
BakıDövlətUniversitetində(BDU)
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd
Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir
keçirilib.
BDU-nun Mətbuat və informasiya
şöbəsindən "Kaspi”yə bildirilib ki, Məhəmməd Nəvaz Şərif öncə universitetin Şərqşünaslıq fakültəsinin
urdu ixtisasında təhsil alan tələbələrlə görüşüb. Tələbələr urdu dilində Azərbaycan-Pakistan
əlaqələri ilə bağlı fikirlər səsləndirib, məşhur pakistanlı şair Allama İqbalın
şeirlərini söyləyiblər. Ali qonağın Heydər Əliyev Muzeyi ilə tanışlığından
sonra tədbir işini universitetin böyük akt zalında davam etdirib.
Tədbiri açan universitetin
rektoru, akademik Abel Məhərrəmov dünyanın tanınmış siyasətçilərindən biri,
müasir dünyada demokratiyanın inkişafına layiqli töhfələr vermiş tanınmış
ictimai-siyasi xadim, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərifi
salamlayaraq onun Bakı Dövlət Universitetinə gəlişini əlamətdar hadisə
adlandırıb.
Ali qonaq haqqında məlumat verən
rektorun sözlərindən aydın olub ki, Məhəmməd
Nəvaz Şərif 1949-cu il dekabrın 25-də Pakistanın Pəncab vilayətinin Laxor şəhərində
anadan olub. Pakistan Müsəlman Liqasının sədri olan Məhəmməd Nəvaz Şərif dörd dəfə
ölkəsinin baş naziri seçilib və baş nazir olduğu bütün dövrlərdə Pakistan-Azərbaycan
əlaqələrinin inkişafına xüsusi önəm verib. Ölkələr arasında yüksək səviyyəli
strateji müttəfiqlikdən bəhs edən rektor qeyd edib ki, Pakistan Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlərdən biri, İslam dünyasının ən böyük və qüdrətli ölkələrindəndir. Rektor onu da bildirib ki, Pakistan Dağlıq
Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyini hiss etdirib, Xocalı soyqırımını tanıyaraq ölkəmizə dəstək verib, Qarabağ münaqişəsinə görə Ermənistanı dövlət kimi
tanımayan yeganə BMT üzvü kimi
tarixə düşüb.
Rektor Abel Məhərrəmov iki dövlət
arasındakı diplomatik əlaqələrdən də bəhs edib. 1993-cü ildə Pakistanın Bakıda,
1997-ci ildə isə Azərbaycanın İslamabadda səfirliklərinin açıldığını
vurgulayıb. Deyib ki, ümummilli lider Heydər Əliyev ölkələr arasındakı dostluq əlaqələrinin
inkişafına xüsusi önəm verib, bu münasibətlərin strateji müttəfiqlik müstəvisində
olmasına çalışıb. Prezident İlham Əliyev
də bu uğurlu siyasəti davam etdirərək əməkdaşlığın ən müxtəlif sahələri üzrə
inkişafını daim diqqət mərkəzində saxlayır. Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da iki qardaş ölkə
arasında münasibətlərin güclənməsinə yönəlmiş xüsusi xidmətləri vardır.
Rektor eyni zamanda, Bakı Dövlət
Universiteti haqqında məlumat verib, BDU-da dünyanın 14 qabaqcıl dilinin, o
cümlədən urdu dilinin tədris edildiyini diqqətə çatdırıb.
Rektor çıxışının sonunda Bakı
Dövlət Universiteti Elmi Şurasının 12 oktyabr 2016-ci il tarixli iclasında Məhəmməd
Nəvaz Şərifə BDU-nun Fəxri doktoru adının verilməsi haqqında qərarını elan
edib. Məlum olub ki, ali qonaq "Dünyada sülhün qorunmasında, xalqlar arasında
dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycan-Pakistan Respublikaları
arasında qardaşlıq münasibətlərinin daha
da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə» BDU-nun Fəxri doktoru adına layiq görülub.
Rektor Fəxri doktor diplomunu və
mantiyanı ali qonağa təqdim edib.
Sonra Pakistan İslam
Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif BDU-nun Fəxri doktoru
adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən
danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib.