Oyun, yoxsa ölüm tələsi?
"Mavi Balina” ilə WhatsApp proqramı vasitəsilə göndərilən link sayəsində
tanış oldum. Bu oyun əslində telefona endirilən bir tətbiqetmə deyil. Oyun,
link vasitəsilə idarəedicilər tərəfindən göndərilir. Adətən vəzifələrin gecə
saat 2-dən sonra icra edilməsi tələb olunur”.
Hindistanın
cənub-şərqindəki Karaikal şəhərində yaşayan 22 yaşlı Alexander adlı gənc
bu intihar oyunundan, qardaşının vəziyyətdən
xəbərdar olaraq son anda polisə xəbər verməsi sayəsində qurtulub. Alexander,
50 mərhələdən ibarət olan oyunun ən çətin tələblərindən birini yerinə yetirdiyini
də bildirib: "Gecə yarısı Akkaraivattam məzarlığına getdim və burada bir
selfie çəkərək sosial mediada bu şəkli paylaşdım. Tapşırığa əsasən hər gün təkbaşına
qorxu filmləri izləmək məcburiyyətində idim. Sonradan bunun əsas məqsədinin
qurbanların daimi olaraq qorxu içində yaşamasını təmin etmək olduğunu öyrəndim.
Bu, tam mənası ilə bir ölüm tələsidir və mənim üçün çox ağrılı bir təcrübə
oldu. Oyuna qoşulandan sonra insanlarla münasibəti kəsdim və otağıma qapandım.
Oyundan çıxmaq istəsəm də, bacara bilmədim”.
Təəssüflər
olsun ki, uşaqları intihara məcbur edən "Mavi Balina" oyunu Azərbaycanda
da yayılır. Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid
edən "Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları
özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının
sayı yüzlərlədir. Türkiyə mətbuatında uşaqları intihara cəlb edən bu oyunla
bağlı araşdırma yazısı yer alıb. Virtualaz.org–un məlumatına görə, oyunla bağlı
bir çox qaranlıq məqamlara aydınlıq gətirilən yazıda oyunun hər hansı rəsmi
internet səhifəsi və ya internet ünvanının olmadığı bildirilir. Rusiya çat səhifələrində
oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin
ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və
bundan sonra şantaj yolu ilə "oyunçu”dan verilən bütün təlimatları yerinə
yetirməsi tələb olunur. İstifadə edilən şantaj sistemindən "Black Mirror” –
"Qara güzgü” filminin "Shut Up and Dance” (Sus və rəqs et) adlı bölümündə
istifadə olunduğu ortaya çıxıb. Bu hekayədə veb kameradan çəkilən gizli görüntüləri
yaymaqla təhdid edən hakerlər qurbanları cinayəttörətməyə məcbur ediblər.
Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın "Novaya” qəzetinin
məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130
gənc bu oyunun təsirindən intihar edib. "Mavi Balina” oyununa görə mart ayında
Rusiyada bir gənc qızın intiharından sonra 6 ay ərzində 130 gəncin intiharıyla
bağlı araşdırma aparılıb. Oyunu idarə edən və əmrlər verən şəxsin kim və ya
kimlər olması araşdırılıb. Bu zaman oyunun Qazaxıstan, Qırğızıstan, Ukrayna və
Azərbaycana, buradan da Avropaya yayıldığı ehtimalı ortaya çıxıb. Rusiyalı
Filip Budekin 8 ölüm qrupu yaratdığına görə saxlanılıb və onun həm də "Mavi
Balina” oyununun yaradıcısı olduğu ehtimalı var. Dünyada yüzlərlə gəncin ölümünə
səbəb olduğu ehtimal edilən bu oyuna qarşı "Ononimous” hakerlər qrupu da təpki
göstərərək kampaniya başladıb. Mənbənin yazdığına görə, təkcə bu ay ərzində
Türkiyədə iki gəncin məhz bu oyunun təsiri nəticəsində intihar etdiyi məlum
olub.
Zamanın tələbi olan texnologiya həyatımızı asanlaşdırdığı kimi, özü
ilə bərabər belə neqativ hallar da gətirir. Bəs övladlarımızı bu təhlükədən
uzaq tutmaq üçün nə etməliyik?
"Multimedia"
İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz"Kaspi”yə
açıqlamasında bildirdi ki, bir müddətdir dünyada bu məsələ gündəmdədir:
"Sözügedən oyun uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi problemlər
yaradır. Düzdür, Azərbaycanda bu oyun bir o qədər də geniş yayılmayıb. Amma müəyyən
narahatedici məqamlar var. Düzdür, son illər Azərbaycanda informasiya təhlükəsizliyinin
qorunması istiqamətində müəyyən addımlar atılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
elektron təhlükəsizlik mərkəzi var. Həmçinin informasiya təhlükəsizliyi ilə
bağlı agentlik fəaliyyət göstərir. Bu iki qurum
məsələ ilə bağlı ciddi addımlar atmalıdır. Bununla yanaşı, Təhsil
Nazirliyinin də aidiyyəti bölmələri var. Məsələn, təhsil sisteminin
informasiyalaşdırılması idarəsi kimi qurumlar maarifləndirici işlər aparmaqla
problemin həllinə yardımçı ola bilərlər. Hesab edirəm ki, xəbərdaredici
mesajların verilməsi vacibdir. Aidiyyəti qurumlar media ilə birgə işləyərək belə
bir təhlükənin qarşısının alınması üçün hansı addımların atılmasını söyləməlidirlər.
Çünki bu elə bir məsələdir ki, profilaktiki addımların atılması vacibdir.
Monitorinq aparılmalı və maarifləndirici tədbirlər həyata keçirilməlidir”.
Sosioloq Lalə Mehralı deyir ki, uşaqların belə tələyə düşməsinin
günahkarı elə valideynlərdir: "Bu qəbildən olan oyunlar oyunçuya konkret vəzifələr
tapşırır. İlk günlər sadə idman hərəkətləri və ya evdə, küçədə qaçış kimi
tapşırıqlar verir. Təxminən 45-50 gün davam edən tapşırıqlar getdikcə qəlizləşir,
vəhşiləşir. Oyunçu qeyri-ixtiyari tapşırıqları icra edir, ən təhlükəli əmr də
olsa, özünü bunu etməyə məcbur hiss edir. Əvvəlcə heyvanları öldürmək, dərisini
soymaq kimi tapşırıqlar verirlər. Amma sonra oyunçu daha təhlükəli, vəhşilik tələb
edən əməllərə məcbur edilir. Özünü uca bir yerdən atmaq, asmaq, damarlarını kəsmək,
ailə üzvlərini öldürmək də bura daxildir. Uşaqların bu cür tələlərə düşməsinin
səbəbkarı da elə valideynlərdir. Məktəbli uşaqların hərəsinin əlində kitab
boyda bir telefon, planşet var. Evdə azad internet olduğu üçün istədiyi sayta
girə, xoşuna gələn oyunu oynaya bilir. Valideyn nəzarət etməsə, bu oyun
asılılığı təhlükəli həddə qədər yüksələ bilir. Onların oynadığı oyunlar,
girdiyi saytlar üçün kompüterdə filtr –süzgəc tətbiq etmək olar. Yaxud sadəcə
diskləri alıb müəyyən edilmiş oyunları oynamağa icazə vermək lazımdır”.
Şəbnəm Mehdizadə