• çərşənbə axşamı, 23 aprel, 15:23
  • Baku Bakı 24°C

Oyun başlandı: nə millidir, nə şura

21.06.13 11:05 1539
Oyun başlandı: nə millidir, nə şura
Kordova xəlifəliyinin əmiri Mütərrif əbd ər Rəhman 929-cu ildə onun yerinə göz dikən vəzirlərin Əl Xəraf və Əl Belalta vilayətlərindəki narazıları ətraflarına toplayaraq "Musərəb birliyi" yaratdığını eşidəndə gülmüş və demişdi:
"Kəndlərdəki bərbər tayfaları, şəhərlərdəki ərəblər və qoşunlardakı suriyalılar bu insanlara inanacaqlarmı? Onların istəkləri hakimiyyətə yiyələnməkdir, insanların yaxşı həyatını təmin etmək yox".
Elə də oldu. "Musərəb birliyi"nin İberiya yarımadasından ərəbləri qovmağa çalışan ispan kralı və adamlarının layihəsi olduğu aşkarlandı. Ərəblərin daha yaxşı yaşamı, rifahı barədə danışanların əslində ispan çəkmələrini öpənlər olduğu bilindi.
Azərbaycanda indi insanların daha yaxşı yaşaması, demokratiya, insan haqları və ilaxır kimi bəlli dairələrdə, məlum güc mərkəzlərində hami başyelləmələri ilə qarşılanan sözləri söyləyib hakimiyyətə gəlməyə çalışanlar var.
Həmin adamların bir qismi "Milli Şura" adlı qurum yaradaraq ölkə müxalifətindəki siyasətçiləri, həmin siyasətçilərin siyasətinə inandıqlarını deyən adamları və o adamların yaxşı insan olduqlarına şübhə etmədiklərini vurğulayan kəsləri toplayaraq iqtidara gəlməyə hazırlaşır.
Milli Şura yaradılmazdan əvvəl buyururdular ki, bəs hörmətli Azərbaycan əhli və sayğılı vətəndaşlar, özülünün qazılmasında Rüstəm İbrahimbəyov və Eldar Namazovun briqadirlik edərək podratçı sifarişi yerinə yetirdikləri bu qurum milli olduğu üçün cəmiyyətin bütün tabanlarının mənsublarının təmsilçilərinin yer alacağı qurum olacaq və milli maraqları güdəcək, şura olduğu üçün də orada mübahisələr yox, müzakirələr olacaq və adi, yəni seçkilər dövründə müxalifətçi siyasətçilərimizin "orta statistik seçici" adlandırdığı insanların mənafelərinin təminatı üçün var qüvvə ilə çalışacaq.
Daha səlis olsaq, R.İbrahimbəyov və Eldar Namazov Milli Şurada siyasi dartışma, yer və müxalifət düşərgəsinin çox önəm verdiyi mübarizlik titulları uğrunda dartışmaların olmayacağına qəsəm etdilər.
O da deyildi ki, prezidentliyə vahid namizəd məsələsində kəskin qarşıdurmalar olmayacaq və haşa, intriqalara yol verilməyəcək.
Amma biz saydığımızı sayaq, bu Milli Şuraya inanan müxalifətçilər hesablarını aparmaqda olsunlar - gör, podratçılar və onların iş icraçısı Rüstəm İbrahimbəyov nə sayır.
Milli Şuranı yaradanlar qurumu prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsini birləşdirəcək, vahid mərkəzə gətirəcək struktur kimi qələmə verirdilərsə, indi həmin sözlərin, yumşaq desək, həqiqətə uyğun olmayan kəlmələr olduğu əyandır.
Yəni adamlar yalan danışıblar və həmişəki kimi, puç vədlər verməklə məşğul olublar.
Rüstəm İbrahimbəyov prezidentliyə vahid namizəd ola biləcəyini istisna etmir. Cənab kinodramaturq və ssenariçiyə "dahi siyasətçi", "mübariz şəxsiyyət" olması barədə o qədər danışdılar ki, axırda özü də deyilənlərə inandı.
Milli Şuraya yığışanlar onun Bakıya gəlişini səbirsizliklə gözləyirlər.
Bəlkə də gözləyirdilər - indi artıq gözləmirlər, ola bilər, çünki kökü saralan gözlərdə əvvəlki təpər qalmayıb.
Prezident seçkilərinə qatılmasını və müxalifət düşərgəsindən də vahid namizəd olmasını yetərincə real məsələ kimi gündəmə gətirən cənab Vorobyaninov, bağışlayın, İbrahimbəyov de-yure şəriki Eldar Namazovla birlikdə bu məsələni Milli Şurada müzakirə etdirmək istəyir.
Amma işlər qəlizləşib.
İctimai Palata adlı qurumda qalsalar da, Milli Şurada da yer almış AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər vahid namizəd məsələsinin o qədər də sadə olmadığını vurğulayıblar.
İsa Qəmbər deyib: “Biz prinsiplər, dəyərlər daşıyan qüvvələrik. Bizim üçün şəxsiyyətlər öndə ola bilməz, partiyalarımızın maraqları bizim üçün önəmlidir. Lakin Azərbaycanın marağından öndə ola bilməz. Vahid namizəd olacaq şəxs Azərbaycanda olmalıdır. Vahid namizəd olacaq şəxs vahid namizədliyi ilə bağlı iddiasını ortaya qoymalıdır. Namizəd olmayan şəxs nə cür vahid namizəd ola bilər? Bugünkü məsuliyyəti, ağırlığı boynuna götürməyən şəxs nə cür bizim yekdil namizədimiz ola bilər? İndiki şəraitdə namizədlik irəli sürmək özü cəsarət tələb edir. Bu olmadan “xalq məni istəmişdi” mövzuları, təbii ki, bizim üçün inandırıcı və cəlbedici deyil”.
Milli Şuranın vahid namizəd məsələsinin iki illik keçid müddəti konsepsiyasına uyğun həll oluna biləcəyini vurğulayan İsa Qəmbərin sözlərinə görə, həmin konsepsiyada nəzərdə tutulan məsələlər, atılacaq addımlar öz əksini tapmalıdır: “Bütün bu məsələlər ciddi müzakirələr və yazılı müqavilə ilə təsdiqlənməlidir. Prosesdə iştirak edənlərin həmin sənəddə imzası olmalıdır. Ona görə də bu məsələ bizim üçün qırmızı xətdir”.
Müsavat başqanını həmişə, hər şəraitdə və hər yerdə hər formada dəstəklədiyini sürəkli deyən AXCP sədri Əli Kərimli hal-qəziyyəni belə görərək gözlənilən addımı atıb.
Yəni o sözdə dəstəklədiyi İsa Qəmbərin dediklərinə qarşı çıxıb və deyib:
"Milli Şuranın prezidentliyə namizədi ilə bağlı siyasi qüvvələrin əksərinin mövqeyi üst-üstə düşür. Hamı belə hesab edir ki, keçid düvrü üçün ən uyğun şəxs Rustəm İbrahimbəyovdur. Onun özu də vahid namizəd olmaga razılıq verib”.
Müsavat başqanının açıqlamalarından duyuq düşən Rüstəm İbrahimbəyov isə qəzəbnak olub.
"Kütləvi informasiya vasitələrində aktiv müzakirə olunan Bakıya qayıdışım məsələsinə gəldikdə, əvvəllər dediyim kimi, indi ABŞ-dayam və Vaşinqtonda apardığım işlərin mühümlüyünü dərk etmək gərəkdir. Əfsuslar olsun ki, bu məsələnin mühümlüyünü bəziləri anlamırlar. Müxalifətin bu istiqamətdəki aktiv fəaliyyəti vəziyyəti dəyişə bilər.
Buna görə də Bakıya qayıtmazdan əvvəl Avropa və Türkiyəyə yollanaraq bu işi başa vurmaq niyyətindəyəm. Milli Şuranı yaradanda prezidentliyə namizəd olmaq fikrim yox idi. Amma təkrar edirəm, əgər Milli Şura mənim namizədliyimi məqbul sayarsa, bu təklifi qəbul edəcəyəm", - Rüstəm İbrahimbəyov deyib.
Göründüyü kimi, Milli Şurada vəziyyət artıq maraqlıdır.
Bir tərəfdə Milli Şuranı nə üçün yaratmağa çalışdığını dolayı yolla da olsa, etiraf edən və siyasətçi olduğuna sadəlövhcəsinə inanmağa başlamış Rüstəm İbrahimbəyov, digər tərəfdə bu sadəlövhün siyasi iştahlarına Azərbaycandan kənardan dəstək verildiyinə işarə vuran İsa Qəmbər, başqa tərəfdə vəziyyəti dəyərləndirməyə çalışan Əli Kərimli.
Və bir də Milli Şurada yalnız öz maraqlarını güdən Eldar Namazov.
Milli Şuraya inanaraq ora qatılanlar yenə də aldadıldıqlarını anlayacaqlar deyəsən.
Amma indi yox, bir qədər sonra.
Oyun başlandı, cənablar...
Novruz Sultanov
Milli.Az
banner

Oxşar Xəbərlər