“Oxuyanda hamı çəngəl-bıçağını yerə qoyub mənə qulaq asardı” - Keçmişdəki mən
Uşaqlıq
dövrünün hər bir anını indiyə kimi xatırlayır. O illərini çox mənalı, dolu-dolu
yaşadığını, hərdən də xatırladıqca kövrəlib ağladığını deyir. Bununla yanaşı
düşünür ki, insan həyatı müəyyən hissələrə ayrılır və bunlar yaşamı daha
rəngarəng edir. "Əgər indi nəyisə düz ediriksə, deməli, əvvəllər nəyisə səhv
edərək öyrənmişik. Buna görə də insan
keçmişdəki səhvlərinə görə peşman olmamalıdır” – deyən müsahibimiz tanınmış
müğənni Tacir Şahmalıoğludur.
"6 yaşımda atam mənim səsimi, istedadımı kəşf etdi”
Ailədə 4
bacı 4 qardaş olublar. Müsahibim 1965-ci ilin may ayında Ağdam rayonunun
Sarhacılı kəndində ailənin ortancıl övladı olaraq dünyaya gəlib. Onunla ilk
olaraq uşaqlıq illərindən danışdıq, o qayğısız illərinə qiyabi səfər etdik: "Hərdən
tək olanda o illəri xatırlayıram. Yadıma düşdükcə də kövrəlib ağlayıram. O
illərim elə gözəl keçib ki, bəlkə də xatirələrimdən bir kitab yazmaq olar. Elə o
illərdə - 6 yaşımda atam mənim səsimi, istedadımı kəşf etdi. Həyətdə oyandığım
vaxt özüm üçün mahnı oxuyurdum. Atam başa düşüb ki, mənim səsim var. Mən heç
bunun fərqində deyildim. Atam məni çağırdı, oxumağımı istədi, mən də oxudum. O
dövrdə pionerlər evi var idi. Oranın bədii rəhbəri kəndbəkənd düşüb yaxşı səsi
olan uşaqları yığırdı. Bir dəfə bizim Sarhacılıya gələndə kimsə mənim haqqımda
ona deyib. Atamla danışıb məsləhət etdilər. Daha sonra məni pionerlər evinə dəvət
etdilər. 6 yaşımdan 12 yaşıma qədər orada musiqi təhsili aldım. Orda olanda «Qarabağ
bülbülləri» instrumental ansamblında oxuyurdum, o dövrdə bizi müxtəlif yerlərə
dəvət edirdilər. Biz də həmişə kollektiv gedirdik. Çox vaxt birincilik
qazanırdıq. O dövrün ən böyük teatrı olan "Bolşoy Teatr”da bizi dinlədilər. Sonralar
Almaniyaya, Türkiyəyə, İrana getdik. Beləliklə, «Qarabağ bülbülləri» instrumental
ansamblı məşhurlaşdı, haqqımızda kino çəkildi. O kino da Qarabağın cənnət
məkanlarında dilbər guşələrində lentə alındı”.
"Allahın verdiyi nemətə görə həmişə hörmətli
olmuşam”
7-ci sinfə
kimi əlaçı olduğunu deyən müsahibimin ən çox sevdiyi fənn ədəbiyyat və
coğrafiya olub: "Ədəbiyyat və coğrafiyanı çox sevirdim və yaxşı qiymət alırdım.
Məktəbdə həmişə sevilən şagird olmuşam. Başqa dövlətlərdə konsertlərimiz olanda
qəzetlərdə bizim haqqımızda məqalələr çıxırdı, dəfələrlə adım hallanırdı. O
vaxtı hər şey indiki kimi sadə gəlmirdi.
Qəzetdə adının çıxması böyük uğur sayılırdı. Oxuduğum məktəbin adını
ucaltdığıma görə direktorumuz və müəllimlərimiz məni sevirdilər. Allahın
verdiyi nemətə - səsimə görə həmişə hörmətli olmuşam. 12 yaşım olanda oxuduğum
«Bayatı Şiraz» muğamı indi də milyonların dilindədir. Onu hər bir uşaq oxuya
bilməz. Bu, Allahın mənə verdiyi vergidir. El şənliklərində oxuyanda hamı
çəngəl-bıçağını yerə qoyub mənə qulaq asardı. Səsimin məlahəti insanları özünə
cəlb edirdi. Əgər kimsə bir-biri ilə danışırdısa, söhbətini yarımçıq
saxlayırdı”.
"Əsgərlikdə olanda ansambl yaratmışdıq”
Onillik
orta təhsilini Ağdamda aldıqdan sonra 1983-cü ildə Üzeyir Hacıbəyov adına
kollecə daxil olur. Lakin sonra hərbi xidmət yaşı çatdığı üçün əsgərliyə
yollanır. Deyir ki, hərbi xidmətdə də sənəti ilə diqqət mərkəzində olub: "1984-86-cı
illərdə hərbi xidmətdə oldum. Orada olanda şəkil çəkir, gözəl xətlə yazı
yazırdım. Hərbi xidmətimi Latviyanın Riqa şəhərində keçmişəm. Latışlar çox
mədəni millətdirlər. Onlar mənim bu bacarıqlarımı kəşf etdilər. Orada yazı
işlərinə baxırdım. Sonra isə musiqiçi olduğumu bildilər. Hətta sonradan biz
orada əsgərlərdən ibarət ansambl da yaratmışdıq. Bizi gəlib başqa hərbi
hissələrə, özəl məktəblərə dəvət edirdilər. O ansamblda tacik, özbək, rus,
gürcü millətlərindən nümayəndələr var idi. O zaman demək olar ki, hər millətin
mahnısından ifa edirdik. Əsgərlikdə çox danışılan ciddi davalar bizdə olmurdu. Hətta
bir əsgər digər əsgəri vuranda gedib başa salırdıq. Əsgərlikdə qazandığım qazax,
özbək dostlarım var idi. Onların bəziləri ilə indi də əlaqə saxlayır, yazışır,
görüşürük”.
Hərbi
xidməti başa vurandan sonra müsahibim təhsilinə davam edib. Təhsil aldığı
illərin də yaradıcılıq cəhətdən məhsuldar keçdiyini deyir: "Kollec illərində
bir neçə filmdə rol aldım. Onlardan biri bizim «Qarabağ bülbülləri» ansamblı
haqda olan 45 dəqiqəlik eyniadlı sənədli filmdir. Biz uşaq olanda o ansamblda
oxuyurduq, qrupda 4 nəfər var idi. Mən kollecdə olanda, yəni 10 il sonra "Qarabağ
bülbülləri”nin taleyi ilə maraqlandılar və haqqımızda belə bir film çəkdilər.
Araşdırıb hər birimizi tapmışdılar. Onlardan biri un kombinatında, biri Bakıda mağazada,
digəri isə kənd məktəbində işləyirdi. Musiqi kollecində oxuduğumu biləndə məni
filmə çəkdilər. Daha sonra "Xanəndə” filmində, «Şah İsmayıl» operasında ifa
etdim. Həmçinin, Üzeyir Hacıbəyovun «Sənətin akkordları» filmində də yer
almışam. Bunlar mənim gənclik illərimə təsadüf edirdi”.
İlk
sevgisini kollec illərində yaşayan T.Şahmalıoğlu bunun ötəri hiss olduğunu bildirdi.
Ailə qurması isə 30 yaşda olub: "Ailə qurmağım çox pis vaxtlara düşdü. 20
Yanvar faciəsini gördük, 92-ci ildə qaçqın olduq. Evlənmək haqqında heç
fikirləşə də bilmirdim. Çünki heç ağlımdan da keçmirdi. O vaxtı adam ancaq ana-bacıdan,
qardaşından başqa heç nə fikirləşə bilmirdi. Maddi imkanımız xeyli aşağı idi.
Bilirsiniz ki, mən el şənliklərindən pul qazanıram. Həmin vaxt Bakıda elə bir
vəziyyət yarandı ki, toylar da yığışıldı, çətin vəziyyət gəldi. 30 yaşa gəlib
çıxanda gördüm ki, mənə bir həyat yoldaşı lazımdır. Evdən məsləhət bildilər,
qohumlarımızdan bir xanımla həyatımı birləşdirdim. İki övladım - bir oğlum, bir
qızım dünyaya gəldi. Balaca ailəmizdə demokratik abı-hava qurmuşuq. Ailəmə
böyük hörmətim var. Bir-birimizin qəlbinə dəymirik, hörmətlə yanaşırıq. Oğlumun
dediyini mən başa düşürəm, mənim dediyimi də o. Qızımı dünyaya dəyişmərəm. Allah
nə qədər ömür verəcəksə, onu gözəl və mənalı yaşamağa çalışacam”.
"Yemək yarışmasını mən qazandım”
Müsahibimiz
deyir ki, həm də yaxşı aşpazdır, dadlı yeməklər bişirməyi bacarır: "Bir dəfə
telekanalların birində yemək yarışı keçirilirdi. Beş nəfərlik yarışma
iştirakçılarının dördü qadın olsa da, sonda mən qazandım. Təvazökarlıqdan uzaq
olsa da, deyim ki, mənim çox gözəl yemək bişirmək qabiliyyətim var. Elə olur
ki, özəl yeməklər bişirirəm. Amma bu hər gün alınmır. Həm vaxt olmur, həm də
həyat yoldaşım o qədər gözəl yeməklər bişirir ki, mətbəxdə mənə ehtiyac qalmır.
Onun da əlinin duzu var, gözəl, dadlı yeməklər bişirir. Belə işlərdən qaçan
adam deyiləm”.
T.Şahmalıoğlu
bildirdi ki, həyatının hər dövrünü bir hissəyə ayırır, hər birinin yeri isə
xatirələrində fərqlidir: "Uşaqlıq illəri ilə gənclik dövrünü qarışdırmaq olmaz.
Uşaqlıq illəri bir başqa, amma gənclik illəri tamam ayrıdır. İndi isə hər şey
tam fərqlidir. Mən həmişə həyatımı hissələrə ayırıram. Uşaqlıq illərimdə
dərd-qəmsiz, heç nəyi fikirləşmədən yaşamışam. Kollec illərində xeyli
konsertlərim olub, artıq Ağdamda məşhur idim, öz ansamblım var idi, tədbirlərə,
el şənliklərinə gedirdim. İndi deyirəm ki, kaş mən 20 il bundan qabaqkı yaşım
olaydı. Həqiqətən də hər yaşın öz fərqi var. Məsələn, indi həyata tamam fərqli
baxıram. Gəncliyimdəki kimi fikirləşmirəm. İndi daha ağıllıyam, etdiyim
səhvləri təkrarlamamağa çalışıram. 20 il bundan əvvəl kiminsə qəlbinə
dəyirdimsə, indi bundan çəkinirəm. Yəni, həyatı fikirləşə-fikirləşə yaşayıram”.
Sonda
T.Şahmalıoğlu gənclərə tövsiyələrini də verdi: "Gənclərə bir-birinə hörmət
etməyi, təhsil almağı, elm öyrənməyi tövsiyə edərdim. Bəylər xanımlara qarşı münasibətdə
daha həssas olmalıdırlar. Aqressiv olmamağı, bir-birinə hörmət bəsləməyi arzulayıram.
Dəfələrlə oğlanların qızlara sataşdığını görmüşəm. Belə hallar gənclərə
yaraşmaz. Qadınlara qarşı son dərəcə diqqətli, mülayim olmalıdırlar. Bizim
xanımlarımız gözəldir, zərifdir. Ən başlıca tövsiyəm isə ata-analarımıza
hörmətdir. Əgər bir ailədə valideynə hörmət yoxdursa, onun övladları da özünə
elə davranacaq. Kim ki, valideynlərinə hörmət edir, onun qarşısında həmişə
yaşıl işıq yanacaq və işi həmişə düz gətirəcək”.
Şəbnəm Mehdizadə