• cümə, 29 Mart, 00:34
  • Baku Bakı 7°C

Çoxuşaqlı, yoxsa təkuşaqlı? - Polemika

13.07.15 11:21 3350
Çoxuşaqlı, yoxsa təkuşaqlı? - Polemika
Əvvəllər bir ailədə ən azı 5-6 uşaq olardı. Bu uşaqlar da növbə ilə bir-birlərinin paltarlarını geyinər, dərs ləvazimatlarını istifadə edərdi. Hətta el arasında belə bir deyim də var idi: “Uşağı verən Allah onun ruzisini də yetirər”. Amma zaman keçdikcə hər şey dəyişir, müasirliyə doğru addımlayırıq. Artıq hətta 3 uşaqlı ailələr nadir tapıntıya çevrilib desək, yəqin ki, yanılmarıq. Bəs gənclərimiz bu mövzuda nə düşünür? Müasir dövrdə çox, yoxsa az uşağa üstünlük verməliyik?
“Ayağını yorğanına görə uzat”
Ceyhun Mustafayev, tələbə
Ceyhun düşünür ki, bu məsələ nəinki ölkəmizdə, artıq bütün dünya miqyasında aktualdır. Müsahibimizin sözlərinə görə, bunun ən böyük səbəbkarı valideynlərdir: “Ailə qurduqdan sonra valideynlər əvvəlki ilə müqayisədə övladlarının işinə daha çox qarışırlar. Xüsusilə bu, dünyaya övlad gətirmək məsələsində özünü büruzə verir. Bəzən elə olur ki, gənc ailə maddi vəziyyətinə baxaraq övlad haqqında fikirləşmir, belə böyük məsuliyyəti çiyinlərinə alacaq qədər özünü hazır hiss etmir. Elə bu vaxt hər iki tərəfdən qohum-əqrəba fəaliyyətə başlayır. cütlüyü uşaq dünyaya gətirmədiklərinə görə qınayır, “həyatı” başa salırlar. Hətta ilk hədəflərini əldə etdikdən sonra təzyiqlər dayanmır. Deyirlər ki, bu uşağa bacı, ya qardaş lazımdır ki, səhər ona arxa-dayaq olsun. Deməsinlər ki, filankəsin oğlunun qızı və ya oğlu yoxdur. Bu hallar ən çox övlad dünyaya gətirməzdən öncə özünü büruzə verir. Əslində bu, yanlış düşüncədir. Hazırda gənc ailələr özlərini güclə dolandırırlar, 2-3 uşağı necə böyüdəcək, onun ehtiyaclarını necə ödəyəcəklər?”.
Müasir dövrdə ailədə bir uşaq dünyaya gətirməyin yetərli olduğunu düşünən müsahibimiz deyir ki, valideyn övlad dünyaya gətirməzdən öncə ona necə təhsil verəcəyini, necə boya-başa çatdıracağını düşünməlidir. Həmsöhbətimizin sözlərinə görə, 5 uşağı ac, yoxluq içində böyütməkdənsə, birini ürəyin istəyən kimi böyütmək daha düzgündür: “Övlad nə qədər müqəddəsdirsə, təhsili, tərbiyəsi də o qədər müqəddəsdir. Əgər sən iki və ya üç uşağın eyni anda yeməyini, geyimini, təhsilini, tərbiyəsini verməkdə çətinlik çəkirsənsə, bu məsuliyyətə əvvəldən “yox” deməyi bacarmalısan. Əks halda, problemlərlə üzləşməyə də hazır olmalısan. Hətta bəzən bu problemlər ailələrin dağılmasına, uşaqların valideynlərdən biri olmadan böyüməsinə gətirib çıxara bilər. Necə deyərlər, “ayağımızı yorğanımıza görə uzatmalıyıq”.
“Ailədə tək uşaq anormal böyüyür”
Günay Nəbiyeva, tələbə
Günay ailədə çoxuşaqlılığın tərəfdarıdır. O, Ceyhundan fərqli olaraq, düşünür ki, tərbiyənin və təhsilin ailədə uşaqların sayına görə müəyyənləşdirilməsi tamamilə yanlış fikirdir. Müsahibmizin sözlərinə görə, bir uşağın bacısı, qardaşı olarsa, o zaman o, eqoist böyümür və heç zaman özünü tək hiss etmir: “Valideyn hər zaman övladının yanında olmur. Bu səbəbdən də uşağın özünü tək hiss etməməsi və sirlərini bölüşməsi üçün mütləq bacıya və qardaşa ehtiyacı var. İdeal ailədə uşaq sayı minimum üç olmalıdır. Tərbiyə məsələsinə gəldikdə isə, hər şey ailənin təməl sütunları olan valideynlərdən asılıdır. Yəni ailə sağlam təməl üzərində qurulubsa, valideynlərin bir-birinə olan münasibəti sevgi və hörmət çərçivəsində formalaşırsa, uşağa düzgün tərbiyə də verilir. Evə gələn hər qonağa görə ruzi verən Allah uşağın da ruzisini özüylə bərabər gətirir. Buna görə uşaq sayının çoxluğundan qorxmaq lazım deyil. Uşaq səsi gəlməyən evdə yaşamaq da mümkün olmaz. Hər bir ana və atanın əsas missiyası cəmiyyətə xeyirli övlad yetişdirmək olmalıdır”.
Həmsöhbətimiz təkuşaqlı ailələrin yaşadığı problemlərdən də danışdı. O deyir ki, ən böyük problem uşağın sağlamlığında özünü bÜruzə verir: “Təkuşaqlı ailələr bir çox problemlərlə üzləşirlər. Ən önəmli problem onların sağlamlığı ilə bağlı olur. Tək uşağın nitqində, ətrafdakı insanlarla ünsiyyətə girmək bacarığında müəyyən problemlər yaranır. Onlar tək böyüdüyü üçün digərlərinə nisbətən daha ərköyün və qısqanc olurlar. Demək olar, anormal böyüyürlər. Əşyalarını dostları ilə paylaşmağı sevmir, yardım etməkdən qaçırlar. Valideynlərinin digər uşağa nəvaziş göstərməsinə qısqanclıqla yanaşIr, bütün diqqətin öz üzərində cəmləşməsini sevirlər. Belə olan halda ən böyük məsuliyyət valideynlərin üzərinə düşür. Bəzən vəziyyət daha da pisləşir. Bu zaman valideynin peşəkar psixoloq yardımı alması məsləhətdir. Çünki bu, artıq uşaqda psixoloji zədə yarada bilər”.
“Övlad dünyaya gətirmək nəsli davam etdirmək deməkdir”

Nəcəf Nəcəfli, jurnalist
Nəcəf düşünür ki, övlad ailənin dayağı, nəslin davamçısıdır. Bu səbəbdən övladın sayının çox olmasının heç bir ziyanı yoxdur: “Hər bir övlad böyüdükdən sonra ata-anasına dəstək olur, ailədəkilər problemlərin öhdəsindən birlikdə gəlirlər. Valideynlər yaşlandıqdan sonra da övladlarının bir-birinə arxa-dayaq olacaqlarından əmin olurlar. Bu səbəbdən mən çoxuşaqlı ailəni ideal ailə hesab edirəm. Çünki övlad dünyaya gətirmək nəsli davam etdirmək deməkdir”.
Müsahibimiz düşünür ki, tək ağacı yıxmaq asandır, lakin güc birlikdə olduqdan sonra istənilən problemin öhdəsindən gəlmək mümkündür: “Təbii, burada ailənin sosial vəziyyətinin normal olması çox önəm kəsb edir. Bəzən dünyaya gələn əkiz, üçəm və daha çox uşağın sosial təminatı o qədər də asan olmur. Çünki müasir dövrdə tələblər getdikcə çətinləşir. Çoxuşaqlı ailənin qazancı azdırsa, bu, sözün əsl mənasında ciddi problemə çevrilir. Odur ki, valideynlər hər şeydən əvvəl bu kimi faktları nəzərdən keçirsə, çox yaxşı olar. Onlar dünyaya gələn övladlarının yeməyinin, geyiminin, təhsilinin xərclərini əvvəlcədən nəzərə almalıdırlar”.
Şəbnəm MEHDİZADƏ
banner

Oxşar Xəbərlər