• çərşənbə, 24 Aprel, 20:44
  • Baku Bakı 23°C

Oxumusan, pulunu ver

18.11.17 10:30 3753
Oxumusan, pulunu ver
Bildiyimiz kimi, bir neçə gün sonra Məhərrəmliyin ikinci - Səfər ayı başa çatacaq. Və bu xəbərə deyərdim ki, ən çox sevinən şou-biznes əhlidir. Çünki bu aylarda, el dili ilə desək, onların "bazar”ı olmur. Məhərrəmlik bitdikdən sonra toylar başlayacaq. İndidən toylara sifariş alan müğənnilər çoxdur.
Bu yerdə qeyd edək ki,Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən, toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq. Müəllif qonorarından yayınmaq istəyənləri ağır cərimə və həbs gözləyir.
İndiyə qədər mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün klublarda, barlarda, gecə barlarında, kafelərdə, restoranlarda, kazinolarda və digər ictimai yerlərdə (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri və konsert tədbirləri istisna olmaqla) müəllif qonorarı minimum əmək haqqının 16 mislinə bərabər olmalı idi. Dəyişikliyə əsasən, bundan sonra bu hallarda müəllif qonorarı bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat olacaq. İndiyə qədər mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, şadlıq evlərində, kafelərdə və restoranlarda (toy mərasimlərində) kütləvi ifasına görə müəllif qonorarı toy mərasimlərinin keçirildiyi hər gün üçün minimum əmək haqqının 6 mislinə bərabər olub. Bundan sonra isə bu hallarda müəllif qonorarı toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat olacaq.
Hər iki halda qonorar şadlıq evlərinin, kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödəniləcək. Həmin obyektlər icarəyə verildiyi hallarda isə, icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qonorarın məbləği əldə olunan gəlirdən faizlə yox, mütləq rəqəmlərlə göstərilməlidir.
Əslində bu məsələdə cavabsız suallar çoxdur. Müəllifə qonorarı kim ödəyəcək, müğənni, yoxsa kafe, restoran sahibi? Bəs məbləğ hara və kimə, necə ödəniləcək? Digər bir məsələ isə, vəfat etmiş bəstəkarların əsərlərinin, o cümlədən xalq mahnılarının qonorarı ilə bağlıdır.
Məsələ ilə bağlı ilk olaraq müğənnilərin fikirlərini öyrəndik. Bəzi müğənnilər belə bir dəyişiklikdən xəbərdar olmadıqlarını və bu haqda hələ ki bir şey deyə bilməyəcəklərini bildirdilər.
Xalq artisti Səməd Səmədov isə "Müsavat.com” saytına açıqlamasında bu məsələyə müsbət yanaşdığını bildirib: "Doğrudur, bütün sivil ölkələrdə ifaçılar ifa etdikləri mahnının müəlliflərinə qonorar ödəyirlər. Həm də buna görə bu qərara müsbət baxıram. Amma bilmirəm, biz indi o qonorarı hara ödəməliyik? Tutaq ki, mən Eldar Mansurovun mahnısını oxumuşam. İndi qonorarı necə və kimə ödəməliyəm?”
Müğənni Ədalət Şükürov "Kaspi”yə açıqlamasında dedi ki, mahnılarının halallığını verir, kim istəyir, oxusun: "Məclisdə, ola bilər ki, kimsə hansısa həmkarımdan mənim mahnımı oxumağı istəyir. Və bu düzgün çıxmaz ki, mən həmin həmkarıma deyim, mənim qonorarımı ver. Mahnı mənimdi, mən də halal edirəm”.
Müğənni Eldəniz Məmmədov bildirir ki, bu qərardan xəbəri olsa da, mexanizmin necə işləyəcəyini, hansı əsaslarla bu qərarın verildiyini bilmir: "Açığı, mən başa düşmədim bu qərar necə işləyəcək. Misal üçün, toyda bəyin anası mahnı sifariş verəcək ki, filan bəstəkarın mahnısını oxu. Mən buna görə kiməsə niyə pul ödəməliyəm? Elə toydan qazandığımızı da bura verək?”
Bəstəkar, müğənni Murad Arif edilən bu dəyişikliyi müsbət qarşılayır: "Bu məsələni müsbət qiymətləndirirəm. Çünki müğənni kimi ancaq öz mahnılarımı oxuyuram. Öz mahnılarımı oxuduğum üçün də pulum cibimdə qalır. Bu gün Emin Sabitoğlunun, Tofiq Qliyevin, Cahangir Cahangirovun bəstələrini oxuyanların ödəyəcəyi qonorarlar onların varislərinə ötürüləcəksə, bu yaxşı təşəbbüsdür. Mən bu kimi məsələlərdə müəlliflərin və onların varislərinin tərəfindəyəm. Amma yaxşı olardı ki, bu işi ilk olaraq toylardan yox, radio və televiziyadan başlasınlar. Yəni başlanğıc üçün radio və televiziyadan qonorar alınsın. Və bunu da qeyd edim ki, dünya bu praktikanı çoxdan tətbiq edib”.
Yaradıcı Təşəbbüslər İctimai Birliyinin sədri Tariyel Məmmədov deyir ki, bu, Sovet vaxtında da belə idi: "Kafelərdə, restoranlarda oxunan mahnılara görə müəlliflərə ödəniş olmalıdır. Çünki müəllif bu mahnının üzərində əziyyət çəkib. Sənətə, sənətkara vəsait ayrılmalıdır. Sovet vaxtında da bu mexanizm işləyirdi. İndi də bunun yenidən gündəmə gətirilməsi çox yaxşı təşəbbüsdür. Həmin dövrdə müqavilə imzalanırdı və hər şey qanunla həyata keçirilirdi”.
Mövzu ilə bağlı suallarımızı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə də göndərdik. Agentlikdən verilən cavaba görə, toy məclisi, digər mərasimlərdə ifa olunan mətnli və ya mətnsiz musiqi əsərlərinə görə qonorar həmin mərasimlərin keçirildiyi obyektin mülkiyyətçiləri tərəfindən ödənilir: "Həmçinin bildiririk ki, Müəllif Hüquqları Agentliyi qonorar yığımı ilə məşğul olmur. Bunun üçün qonorar yığımı ilə məşğul olan müəlliflərin kollektiv əsasda yaratdıqları ictimai birlik fəaliyyət göstərir və qonorar yığımı ilə həmin təşkilat məşğul olur”.
"Vəfat etmiş bəstəkarın, xarici mahnının, xalq mahnısının qonorarı necə ödəniləcək” sualımıza cavab olaraq bildirildi ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 25-ci maddəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir: "Göstərilən Qanunun 29-cu maddəsinə əsasən müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Qanunun yuxarıda göstərilən müddəalarına əsasən bildiririk ki, vəfat etmiş müəlliflərin əsərlərindən istifadəyə görə yığılan qonorar onların vərəsələrinə ödənilir. Qeyd etmək istərdik ki, qonorar ödənilməsi üçün milli və xarici əsərlər arasında heç bir ayrı-seçkilik yoxdur. Əsərdən istifadəyə görə qonorarın ödənilməsi qaydası bütün əsərlərə - istər yerli, istərsə də xarici əsərlərə aiddir, çünki qonorar yığan yerli ictimai birlik beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin (CISAC) üzvüdür”.
Günel Azadə
banner

Oxşar Xəbərlər