• şənbə, 20 Aprel, 17:44
  • Baku Bakı 23°C

Oxumağı bacarmasaydım jurnalist, ya da aşpaz olardım

08.04.19 14:30 1668
Oxumağı bacarmasaydım jurnalist, ya da aşpaz olardım
Müsahibimiz tanınmış xanəndə Arzu Əliyevadır.
– Təkrarsız ifanızın hardan qidalandığını bilmək maraqlı olardı.
– Musiqiçi ailəsində dünyaya göz açmışam. Ata tərəfdən babamın gözəl səsi vardı, musiqi ilə də məşğul olub. Atam da yaxşı səsinə görə babamdan geri qalmayıb. Kök tərəfə baxanda ifaçılar çoxdur. Özümün də musiqiyə sonsuz həvəsim vardı, bu yolda irəliləməyimin səbəblərindən biri həm bu, həm də məhz musiqi aləmində dünyaya göz açmağımdır. Amma bundan başqa təbii ki, ailəmin dəstəyi, mənə inanmağı çox önəmli idi. Birinci növbədə Allahıma təşəkkür edirəm ki, bu səsi, sənəti mənə bəxş edib. Dünyaya göz açandan Allah həyat yolumu seçib və önümü açıb. Çünki, mən uşaq yaşlarından oxumağa həvəsli idim. Məclislər, ad günüləri olanda orada ən çox bizə –səsi olanlara yer ayırırdılar. Baxmayaraq ki, valideynlərim məni oxumamışdan əvvəl fortepiano sinfinə yazdırmışdılar, sonra mən öz-özlüyümdə dərk etdim ki, sən demə mən fortepianoya elə oxumaq üçün getmişəm. Çünki, mən çox istəyirdim ki, həm müşayiət edim, həm də özüm ifa edim. Bu da birbaşa ifa ilə bağlı olduğuna görə son zamanlar bunu özümdə kəşf etdim. Amma istedadımın üzə çıxmasında birbaşa Mənsum İbrahimovun çox böyük əməyi var. Məktəb müsabiqələrində, özfəaliyyət tədbirlərində, uşaqlara aid olan müsabiqələrdə iştirak edirdim. O müsabiqələrin birincisində münsiflər heyətində Mənsum müəllim əyləşmişdi. Orada qardaşımla birlikdə oxuduq. Mən o müsabiqənin birincisi oldum. Mənsum müəllim məni təhsil almaq üçün öz sinfinə dəvət etdi və beləcə mənim bu sənət yolunda ilk cığırım açıldı. Mən evdə muğam oxumurdum, atamdan və televiziyadan öyrəndiyim mahnıları oxuyurdum. Mənsum müəllim hər zaman deyir ki, mən ilk dəfə onun yanına gedəndə türk mahnısı oxumuşdum. Baxmayaraq ki, atam və babam muğam ifaçısı olmuşdular, muğamdan sadəcə dinləmək sarıdan anlayışım vardı. Amma muğamı bilmirdim. Onu mənə ustadım Mənsum müəllim öyrətdi. O, türk mahnısı sədası altında mənim muğam ifaçısı ola biləcəyimi çox böyük təkidlə valideynlərimə bildirdi ki, bu uşaqla məşğul olsanız gələcəkdə ondan yaxşı muğam ifaçısı olar. Bu onun professionallığındanmı irəli gəlirdi, bilmirəm, bəlkə gələcəkdə mən də elə olacağam. Hələ də mənim üçün sirr olaraq qalır, türk mahnısının xalları altında ustadım onu necə hiss etmişdi?! Nə qədər gözəl proqnoz verib ki, bu gün mən səhnədəyəm. Nə yaxşı ki, mən məhz Mənsum müəllimin tələbəsi olmuşam. Onun sinfində təhsil almasaydım, bəlkə də bu sənəti davam etdirməzdim. Çünki, hər bir sahədə olduğu kimi bizim sahədə də müəyyən məğlubiyyətlər, enişlər-yoxuşlar, daşlı-kəsəkli yollar olur. 2005-ci ildə keçirilən muğam müsabiqəsinin iştirakçılarından biri idim. O zaman Mənsum müəllimin sinfinə yeni gedirdim, bir-iki muğam öyrənmişdim.
– Son zamanlar sənətə gələn muğam ifaçılarının sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu qədər ifaçının arasında öz yerinizi necə təsəvvür edirsiniz?
– Düşünürəm ki, son zamanlarda muğam ifaçılarının sayının artmasında Muğam müsabiqələrinin, bilavasitə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Televiziyasının rolu çox böyükdür. İlk dəfə 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsi Üzeyir Hacıbəylinin 120 illiyinə həsr olunmuşdu. Muğamın bu dərəcədə dünyada tanınması, Azərbaycanda hədsiz sevilməsi, gənclərin, hətta yeniyetmə uşaqların muğama həvəsi-bütün bunlar, ölkə başçısının və Mehriban Əliyevanın muğama göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu günə kimi altı Muğam müsabiqəsi keçirilibsə, deməli 120 belə gənc var. 120 gənc arasında 100-nü deyil, 20-ni saysaq, çox şükür Allaha üzdə olan, dövlət tədbirlərində iştirak edən ifaçılardan biri də mənəm. Mənə olan dəstək öz yerində, təvazökarlıqdan uzaq da olsa, deyim ki burada öz çalışqanlığımın, öz zəhmətimin rolu da az olmayıb. Bəzən deyirlər ki, muğam ifaçısıdır, nə var ki, müsabiqədə oxudu, tanınır, populyar oldu, sevilir. Hər bir nəticənin söykənəcəyi bir zəhmət var. Bu gün hər bir muğam ifaçısının əldə etdiyi uğurun arxasında gərgin zəhmət dayanır. Mənim zəhmət yolumda özümdən də çox çalışan valideynlərim, əsasən də anam olub.
– Bu gün qadın üçün sənətdə olmaq, müğənnilik etmək asandır, yoxsa çətin?
– Bir qadın üçün nəinki müğənnilik, hər bir sahə çətindir. Hər sahənin, müəllimlik, həkimlik peşəsinin, sizin peşənin də öz çətinliyi var. Amma ifaçılıq sənətində belədir ki, ekran qarşısında olduğun üçün ikiqat nəzərdəsən, daha çox insan səni tanıyır, məsuliyyətin daha böyükdür. Küçədə gedərkən, kiməsə müraciət edəndə başqa bir sahədə çalışan xanımdan daha məsuliyyətli olursan. Səni on nəfərdən səkkizi də tanıyar, nəfərdən ikisi də. Tanınmaq ehtimalı səni hər zaman daha məsuliyyətli olmağa, nəyisə qorxa-qorxa etməyə məcbur edir. Sərbəstliyin olmur, populyarlıq sərbəstliyi əldən alır. Amma illər öncəyə nəzər salanda bu gün sənətdə olmaq bir qadın üçün daha rahatdır. O zamanlar evdə xanım müğənnini incidirdilər. Adətən xanım sənətkarlar deyirlər ki, ailədən gizlincə oxumağa gedirdim, filan yerdə oxuyurdum, evə gələndə paltarımı dəyişirdim ki, evdəkilər bilməsinlər. Allaha şükür, bizim ailədə mənim belə bir problemim olmayıb. Əksinə, valideynlərim məni bu yola sövq edib. Hər bir sənətin çətinliyi var. Biz də sənətdə qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlməliyik.
– Seçim qarşısında qalsaydınız ailəni, yoxsa sənəti seçərdiniz?
– Yəqin ki, ailəni seçərdim. Sənətimi həddindən çox sevirəm. Elə bir situasiya ilə hələ ki qarşılaşmamışam, bunu mənə deyən olmayıb. Amma bir qadına ailə çox vacibdir. Səkinə İsmayılova bir dəfə demişdi ki, düşünün tək qadınsınız, ailə qurmamısınız, amma sənətdə çox gözəl bir zirvəyə çatmısınız. Konsertdən çıxmısınız, əlləriniz dolu güllə evə gəlirsiniz, evdə isə heç kimsə yox. Yəni o sevinci, o həyatı bölüşməyə bir insan lazımdır. İnşallah ,belə bir seçim qarşısında qalmaram. Bunu nəinki özümə, bütün xanımlara arzu edirəm. O dərinlik olsa, yəqin ki, hər bir qadın ana olmağa üstünlük verər. Sadəcə səhnədən uzaqlaşa bilərəm, oxumaqdan heç vaxt uzaqlaşa bilmərəm. Ən azından evdə ifalarımla ürəyimi boşaldaram.
– Sənət və qadın, sənət və şəxsiyyət. Bu məsələyə münasibətiniz necədir?
– Şəxsiyyət mənim üçün hər şeydən önəmlidir. Ola bilər ki, sənin çox gözəl sənətin var, çox məşhursan, sevilirsən, amma bir şəxsiyyət olaraq onu sənə yaraşdırmırlar. Bu, ən qorxduğum tərəflərdən biridir. Deyək ki, heç kəs sənə qadağa qoymayır, istedad Allah vergisidir, yatdın, durdun, yoxdur. Biz bu səsə görə tanınırıq, o da yox olur. Sən şəxsiyyət olaraq qalırsan. Ona görə də ilk növbədə sənin şəxsiyyətin sevilməlidir ki, o sənət olmayanda sənə hörmət etsinlər, hər zaman ehtiramla qarşılasınlar. Əsasən qadının sənətindən də öncə şəxsiyyəti gəlir deyə, şəxsiyyətinə fikir verməlidir, onu yaxşı formalaşdırmalıdır. Mən öz üzərimdə elə çalışıram ki, sənətim qədər şəxsiyyətimə də hörmət etsinlər.
– Muğam ustadlarımızın bəzilərinin adı yaxşı oxuduqları muğamların adında əbədiləşib. Yaqub Məmmədov "Mənsuriyyə”, Rəsmiyyə Sadıqova "Sümayi-şəms” lə əbədiləşib. Bəs Arzu Əliyevanın adı hansı muğamla əbədiləşəcək?
– Mən onu deyə bilmərəm. İllər keçdikdən sonra əgər tarixdə qala bilsəm tamaşaçılar deyə bilər. Amma bu günə kimi gənc xanəndə olaraq məndən ən çox istənilən, tələb olunan "Şahnaz” muğamı olub. Bəlkə də, ən çox bu repertuara müraciət etdiyim üçündür, bilmirəm. Ən yaxşı "Şahnaz” ifaçılarından biri kimi tarixdə qala bilsəm, bu, mənim üçün ən böyük qürur qaynağı olar.
– Səsiniz olmasaydı hansı sənəti seçərdiniz?
– Oxumağı bacarmasaydım jurnalist, ya da aşpaz olardım. Sizin sahəni jurnalistikanı seçə bilərdim, aşpaz ola bilərdim. Onu bilirəm ki, hansı sahədə olsam, çalışardım ki, ən yaxşı yox, ən yaxşılardan olum.
– Oxumaqdan başqa əlinizdən nə gəlir?
– Fortepiano ifa edirəm. Elə bilirəm ki, hər şeyi bacarıram. Sadəcə bir az o sahə ilə məşğul olmaq lazımdır.
– Həyatın mənasını nədə görürsünüz?
– Həyatın mənası ailə səadəti, sənətindəki, işindəki uğur ola bilər. Bunu bir sahə ilə yekunlaşdırmaq olmaz. Hər şeydən azacıq olmalıdır. Mən mütaliə edirəm, çoxlu məqalələr oxuyuram. Deyirlər ki, gün ərzində bəyənmədiyiniz, amma yaşadığınız stresslər var ki, bunlar da bizə lazımdır. Bu, mənfi tərəfdir. Hamı istər ki, desin, gülsün, xoş əhval-ruhiyyədə olsun. Amma bəzən stress keçirir, xoşagəlməyən hadisələrlə qarşılaşırıq. Amma həyatın qanunu da budur. Biz bunları gündəlik yaşamalıyıq, bu hissləri keçirməliyik. –
– İlk dəfə səhnəyə "Ərəbzəngi” kimi çıxmısınız. O zaman 18 yaşınız olardı. O yaş "Ərəbzəngi” üçün çox az yaş deyilmi?
– İlk dəfə səhnəyə 2009-cu ildə "Ərəbzəngi” kimi çıxmışam. "Ərəbzəngi” üçün, əslində, çox gənc idim. Amma o zamanlar daha dolu bir xanım idim. Məni həm də səsimə görə bu obraza yaraşdırmışdılar. Teatrda solistlərin direktoru Tamara Eyvazova mənə bu rolu təklif edərək dedi ki, bu rol üzərində çalış, səni dinləyəcəyik. Əməkdar artist Elxan Mansurovla birlikdə obrazın ifa hissəsini, əməkdar incəsənət xadimi Hafiz Quliyevlə mizanları hazırladıq. Səhnədə beş il "Ərəbzəngi” oynadım. Əslində,mən istəyirdim ki, ”Leyli” və digər obrazlarda da səhnəyə çıxım. Tamara xanım mənə deyirdi ki, əgər sən o qızcığaz kimi incə bir xanım olsan biz sənə "Leyli” , ”Əsli” kimi obrazları həvalə edərik. Yəqin ki, bunu ürəkdən istəmişəm ki, bir gün dedim mən bu çəkiləri atmalıyam. İyirmi kilo arıqladım. İlk dəfə 2013-cü ildə "Əsli” kimi səhnəyə çıxdım. 2015-ci ildə isə "Leyli” obrazını ifa etdim. Baxmayaraq ki, "Leyli”ni operaya gələndən 7-8 il sonra oynadım, bu gün də "Leyli” kimi səhnədəyəmsə deməli, doğrusu da bu idi. Mən heç vaxt deməmişəm ki, kaş "Leyli” kimi səhnəyə gələydim. Səhnəyə kiçik obrazla, ya da böyük obrazla gəldin, onun fərqi yoxdur. Adətən opera səhnəsində qalan insanlar çox kiçik obrazlardan başlayan insanlar olublar. Çünki, sən artıq o səhnənin tozuna, tamaşaçıya alışırsan. Hər məqamı yaşayırsan. Xəstə olsan da, əhvalın yüksək olmasa da səhnəyə çıxıb oxumağa məcbursan. Yəni, bu illər səni püxtələşdirir. Nə yaxşı ki, mən səhnəyə "Ərəbzəngi” kimi gəldim, sonra "Əsli”ni, daha sonra isə "Leyli” ni oynadım.
Söhbətləşdi: İntizar İsmayıl


banner

Oxşar Xəbərlər