• cümə, 19 Aprel, 23:39
  • Baku Bakı 24°C

Çoxqütblü dünya düzəninə doğru

25.09.19 16:38 894
Çoxqütblü dünya düzəninə doğru
"Soyuq müharibə” dövründən sonra dünyanın ikiqütblü nizamı dağıldı və zaman-zaman təkqütblülüyün şahidi olduq. Son vaxtlar vəziyyət dəyişib. Bu günlərdə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı çıxış edən təşkilatın baş katibi Antonio Quterreş bildirib ki, "Böyük bölünmə” - dünyanın iki güc mərkəzinə parçalanması artıq reallıqdır və buna yol vermək olmaz. Baş katib qeyd edib ki, hazırkı qeyri-sabit və beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir şəraitdə iki güc mərkəzinə parçalanma təhlükəsi getdikcə artır: "Qorxuram ki, "Böyük bölünmə” baş verə və dünya iki böyük düşərgəyə bölünə; iki nəhəng dünya dövləti öz valyutası, ticarət və maliyyə şərtləri, fərdi maraqları və süni intellekt resursları, habelə "hər şey, yaxud heç nə” prinsipinə söykənən geosiyasi və hərbi strategiyaları ilə iki güc mərkəzi yarada bilər”.
Dünyanın bütün dövlətlərini özündə birləşdirən beynəlxalq təşkilatın rəhbərinin bu fikri həyəcanla dilə gətirməsi diqqət mərkəzindədir. İndiki təkqütüblü dünya nizamının iki qütblüyə keçid etməsi bir sıra suallar yaradır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, sovetlər dönəmində dünyanın iki qütblü olduğu hər kəsə bəllidir: "Yəni, qərb və şərq var idi ki, onlar hər zaman bir-birini hədələyirdilər. Antonio Quterreşin çoxqütblü dünya ilə bağlı səsləndirdiyi fikirlə tam razıyam. Çünki çoxqütblülük həqiqətən də bir dövlətin hegemonluq etməsinə imkan yaratmır. Misal üçün, ABŞ prezidenti Donald Tramp çıxış edir və bildirir ki, gərək Çinin yürüşünü dayandıraq. ABŞ-ın yürüşü olanda heç özünüz demirsiniz ki, bu, digər dövlətlərin və güc mərkəzlərinin maraqlarına ziddir? Amma ABŞ deyir ki, Çin Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra bizi üstələməyə başlayıb. Söhbət rəqabətdən gedirsə, ABŞ özü digər dövlətlərin ÜTT-yə üzv olmasını dəstəkləyir, amma burada təmsil olunan Çini hədəf alır? Əlbəttə ki, Çinin imkanları çoxdur və demək olar ki, bütün dünya bazarına nəzarət rıçaqını əlində saxlaya bilir. Bu rıçaq ABŞ-ın əlindən çıxıb və kimin əlinə keçirsə, artıq Vaşinqtona sərf eləmir və həmin dövlət haqqında həyəcan təbili çalır”.
T.Abbasovun fikrincə, Quterreşin dediyi həmin o çoxqütblü dünya balanslı bir şəraitin formalaşmasına yol açır: "Bu baxımdan da bizim gözləntilərimiz də ondan ibarətdir ki, bir dövlət o biri xalqların, digər regionların problemlərini həll etməsin. Çünki bir dövlətin əlində bütün problemlərin açarları olanda o simpatiya və antipatiyasını irəli çəkərək ədalət prinsipinə məhəl qoymadan qərarlar verməyə başlayır. Amma çoxqütblü olanda bir neçə güc mərkəzi problemlərin həll edilməsinə təsir imkanına malik olanda fikirləşirlər ki, bütün tərəflərin maraqları, istəkləri nəzərə alınsın. Xüsusilə, o dövlətlərin, xalqların marağı qorunmalıdır ki, onların haqqı tapdanır, hüquqları pozulur. Bu mənada hesab edirəm ki, dünya nizamına nəzarətini bir dövlətə tapşırmaq olmaz. Onsuz da ABŞ bu məsələni öz üzərinə götürüb və BMT-ni də özünə təhkim edib. Quterreş və başqası bunu açıq demirsə, o demək deyil ki, hər şey qaydasındadır. Əslində əyintilər, pozuntular çoxsaylıdır və onların aradan qaldırılmasına ümumi istəklərlə nail olmaq lazımdır”.
Politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, BMT baş katibinin səsləndirdiyi fikirlər ABŞ-ın nəzəri baxışlarına yaxın yanaşmadır: "Qeyd etmək lazımdır ki, SSRİ-nin süqutundan sonra dünyada birqütblü düzənin elementləri görünməyə başladı və ABŞ da bu qütbün başında dayanırdı. Bir müddət bu cür davam etdi və ABŞ belə bir şəraitdə özünü kifayət qədər rahat hiss edirdi. Amma sonradan digər güc mərkəzləri də özünü göstərdi. Məsələn, Rusiyanın yenidən dünya siyasətinə, Çinin iqtisadiyyata və Hindistanın da beynəlxalq proseslərə təsir imkanlarının olması, artıq çoxqütblü dünya düzəninin əlamətlərini göstərməyə başladı. Amma hazırda dünyada ABŞ və Rusiya söz sahibidir və bu, çox aydın şəkildə müşahidə olunmaqdadır. Lakin düşünmürəm ki, "soyuq müharibə” dövründəki kimi mövcud olmuş ikiqütblü dünya sisteminin bərqərar olunması real görünsün. Bu baxımdan hesab edirəm ki, tək ABŞ-ın protektaraqlığı altında təkqütblü dünyadansa, iki və daha çox qütblü dünya düzəninin olması daha yaxşıdır”.
E.Mirbəşiroğlu əlavə etdi ki, indiki halda bu məsələ ilə bağlı həyəcan təbilinin çalınması üçün ciddi əsaslar yoxdur: "Hesab edirəm ki, BMT baş katibinin səsləndirdiyi fikirlər əsasən ABŞ-ın mövqeyinin ifadəsi kimi qəbul olunmalıdır. Çünki ABŞ Rusiyanın yenidən özündə güc ifadə etməsini, dünya siyasətini yönləndirməsini, yaxud buna çalışmasını qəbul etmir. Buna görə də çoxqütblü dünyanı təbliğ edərək özünə siyasi dividentlər qazanmağa çalışır ki, Rusiyanın yanında yer alan dövlətlər ondan uzaqlaşsınlar. Yaxud da, Rusiyanın təsiri ən azından zəifləsin. Hesab edirəm ki, BMT baş katibinin çıxışı məqsədyönlü, konkret hədəflərə hesablanıb və hazırkı dünya reallığını özündə bir o qədər ehtiva etmir”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər