• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

Çoxmərtəbəli parkinqlər faydalı ola bilər

08.12.17 10:00 2590
Çoxmərtəbəli parkinqlər faydalı ola bilər
Bakıda çoxmərtəbəli avtomobil parkinq yerlərinin tikilməsi, əsasən mərkəzi küçələrdə sıxlığın azalmasına səbəb ola bilər. Bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Milli Məclisdə Bakıda çoxmərtəbəli avtomobil parkinqlərinin tikilməsi və elektrik qatarlarının bərpa edilməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.Ə.Hüseynov bildirib ki, Bakıda sıxlıq yaranan küçələr iki cürdür: "Bəziləri magistral əhəmiyyətli küçələrdir. Ziya Bünyadov və Tbilisi prospektləri, Bakı-Sumqayıt və Binəqədi yolları və s. Həmin yolların kənarında parklanma yoxdur. Bu yollarda tıxaca səbəb qanunsuz parklanma deyil, orada nəqliyyatın çoxluğu, avtomobillərin sayının yolun buraxıcılıq qabiliyyətindən artıq olması, yolun alternativinin olmaması və s. amillərdir. Həmin ərazilərdə çoxmərtəbəli parkinqlərin tikilməsi tıxacın aradan qaldırılmasına kömək edə bilməz".
Ekspert hesab edir ki, hündürmərtəbəli və ya yeraltı parkinqlərin tikilməsi şəhərin mərkəzi küçələrində tıxacların azalmasına səbəb ola bilər: "Səməd Vurğun, 28 May və Xaqani küçələri və s. Bu ərazilərdə yol kənarlarından parklanmanın yığışdırılması həmin ərazilərdə hərəkət şəraitini yaxşılaşdıra bilər. Parklanmaya qoyulan investisiya uzun müddətə geri qayıdır və ona görə də sahibkarlar bu məsələdə maraqlı deyillər. Parkinqlərin tikilməsi üçün güzəşt edilməlidir. Həmçinin müvafiq yerlər ayrılmalıdır".
Elektik qatarlarının bərpasına gəlincə isə, Ə.Hüseynov bunun yaxşı ideya olduğunu vurğulayıb. O qeyd edib ki, Bakıətrafı qəsəbələrdən şəhərə gələn insanların nəqliyyata olan tələbatı elektrik qatarları vasitəsilə təmin edilsə, bu, paytaxt yollarının yükünü xeyli azaldar və yollarda sıxlığın aradan qalxmasına kömək olar.
Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakıda tıxacların aradan qaldırılması üçün çoxmərtəbəli parkinqlərin tikilməsini, deputat Çingiz Qənizadə isə elektrik qatarlarının bərpa edilməsini təklif edib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, bu təcrübədən Bakıda artıq bir müddətdir ki, istifadə edilir: "İndiyə kimi bir neçə yerdə belə parkinqlər yaradılıb. Düzdür, bizim sürücülər hələlik belə parkinqlərə alışmayıblar. Həmçinin təhlükəsizlik məsələsindən dolayı, ehtiyat edən adamlar da var. Amma hələlik dünya təcrübəsində bu qurğularla bağlı neqativ informasiya yoxdur. Hətta inkişaf etmiş ölkələrdə bu qarajların qısa modellərini də tətbiq etməyə başlayıblar. Sıxlığın çox olduğu şəhərlərdə vəziyyət elədir ki, hətta binaların həyətində 15-20 maşının dayanmasına imkan yoxdur. Ona görə də bu cür qurğulardan istifadə edilir. Bakı şəhərində bu qurğulardan istifadə etmək üçün münasib yerlər var. Amma getdikcə tikinti şirkətləri şəhəri elə formaya salırlar ki, artıq bu qurğulardan bütün küçə və prospektlərdə istifadəyə ehtiyac yaranır. İndiki dövrdə nəzərə almaq lazımdır ki, bir ailənin hətta 3 avtomobili də ola bilər. Əslində bu tamamilə təbii haldır. Dünya təcrübəsində də bir ailə üçün orta hədd 2 və ya 3 götürülür. Amma təəssüflər olsun ki, bizdə bu normalara diqqət yetirilmir. 500 mənzilli binanın park yeri 200 avtomobil qarşılaya bilir. Nəticədə insanlar öz avtomobillərini səkidə və ya digər yerlərdə park edirlər. Belə parkinqləri İçərişəhər ətrafında və Nizami küçəsində istifadəyə vermək olar. Amma bu qurğuların qiyməti də bahadır. Ona görə də sıxlığın az olduğu, məsələn, Yasamal rayonunun ərazisində bu qurğuların quraşdırılması o qədər də vacib deyil. Belə qurğulardan şəhərin sıx nöqtələrində istifadə etmək olar. İlk dəfə Bakıda bu təcrübədən "Nizami” metro stansiyası ətrafında istifadə edilib. Bu məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik olundu. Hesab edirəm ki, Bakıda parkinq əraziləri müvafiq qurumlar tərəfindən yenidən müayinə edilməlidir. Çünki bəzi məqamlara yenidən baxış keçirmək vacibdir. Həmçinin sürücülər də bu haqda maarifləndirilməlidirlər”.
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirdi ki, bu, təcrübədən keçirilmiş mexanizmdir: "Bakı şəhərində də artıq bir neçə ünvanlarda tətbiq olunur. Məsələn, «Nizami» metro stansiyasına yaxın ərazidə, Atatürk liseyinin yaxınlığında hündürmərtəbəli binaların yanında yer alıb. Orada çox rahatlıqla kifayət sayda nəqliyyat vasitəsi park edilir. Yeni tikilən binaların bəzilərində də bu qarajlar tikilib istifadəyə verilib. Bu texnologiya daha çox ABŞ-da və Yaponiyada tətbiq olunur. ABŞ-da təcrübə keçərkən biz belə dayanacaqlarla tanış olmuşuq. Xüsusi ödəniş vasitələri ilə təmin olunmuş, çox da böyük olmayan ödənişlər müqabilində belə parkinqlərin yaradılması dünya praktikasında tətbiq olunur. İndi Bakı yetərincə yüklənmiş şəhərdir. Bakı şəhərində nəqliyyatın yükünü azaltmaqla və xüsusən tıxacların qarşısını almaqla bağlı xeyli problemlərimiz var. Bu baxımdan nəqliyyat vasitələrinin parkinqi üçün hündürmərtəbəli binaların və ən çox da xeyli sayda əməkdaşları olan iş yerləri yaxınlığında və şəhərin infrastrukturunun imkan verəcəyi ərazilərdə bu tipli parkinqlərə ciddi ehtiyac var. Düşünürəm ki, bu, həm şəhərdəki tıxacların aradan qaldırılmasında, nəqliyyat yükünün azalmasında, həm də şəhərin ümumi infrastrukturunun yaxşılaşması istiqamətində öz töhfəsini verə bilər”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər