AZE | RUS | ENG |

Çoxmərtəbəli binalar niyə vaxtında təhvil verilmir?

Çoxmərtəbəli binalar niyə vaxtında təhvil verilmir?
Ramil Osmanlı: “Burada cinayət tərkibi yaradan elementlər, vətəndaşların etibarından sui-istifadə edib, onun pulunu almaq məsələsi var”


Yeni inşa olunan çoxmərtəbəli binaların çoxsaylı problemləri bitib tükənmək bilmir. Bu binaların əksəriyyətində qaz təminatının olmaması, alıcılara “kupça” verilməməsi bir tərəfə dursun, üstəlik, mənzilə yığışanacan “vətəndaşınkı vətəndaşa dəyir”. Əgər vətəndaş mənzilin ilkin ödənişini verib müqavilə bağlayanacan tikinti şirkətinin təmsilçiləri ona yalvarırsa, ödəniş ediləndən sonra vətəndaş yalvarışlara başlayır. Səbəbsə, tikintinin illərlə yarımçıq qalması, deyilən vaxtda təhvil verilməməsidir. Problemlə bağlı suallarımızı Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı cavablandırdı.

- Vətəndaşlar fundamenti yenicə qoyulan, yaxud müəyyən hissəsi tikilən binalardan ev alarkən problemlə qarşılaşırlar. Şirkətlər mənzilləri dedikləri, yaxud müqavilədə qeyd etdikləri vaxtdan ən aşağısı 1, hətta 3-4 il sonra təhvil verirlər. Səbəb nədir?
- Bu gün tikintisi yarımçıq qalan binaların əksəriyyətindəki problemlər daha çox maliyyə ilə bağlıdır. Sahibkarın pulu olmadığından tikintini başa çatdıra bilmir. 2008-ci ildən bu yana yarımçıq qalmış binaların sayı və yaxud tikintinin normativ müddətinin uzadılması ilə bağlı problemlər həddən artıq çoxdur.
Apardığımız araşdırmalar göstərir ki, 2006-2007-ci illərdə bir bloklu 16 mərtəbəli binanın tikintisinin normativ başa çatdırılma dövrü 18-24 ay idisə, hazırda bu müddət orta rəqəmlə götürsək, 2,5-3 dəfəyə yaxın uzanıb. Bu da istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır. Müqavilədə çox vaxt tikintinin başa çatdırılma dövrü konkret göstərilmir. Məhkəməyə müraciət etdikdə, tikinti şirkəti deyə bilər ki, binanın nə zaman təhvil veriləcəyi ilə bağlı deyil, tikib təhvil verməklə bağlı müqavilə bağlamışam. Açıq qalan bu məsələ şirkət yetkililərinə imkan verir ki, yazda vətandaşlara mənzilin payızda, qışda veriləcəyini, qışda isə yazda, yayda veriləcəyini desinlər. Fikrimcə, problemin həlli qaydaları yalnız dövlətin inzibati müdaxiləsi nəticəsində baş tuta bilər. Əks halda, istehlakçı ilə tikinti şirkətləri arasında aparılan istənilən müzakirələr, mübahisəli məqamlar nəticəsiz qalacaq və qalır da.
- Müqavilədə binanın təhvil veriləcəyi müddət göstərilməyəndə vətəndaşın qarşılaşdığı problemdən danışdıq. Bəs müqavilədə vaxt göstərilibsə, vətəndaş gecikməyə görə məhkəməyə müraciət edib haqqını tələb edə və ala bilərmi?
- Bu halda ödənilən vəsaitin geri qaytarılma, yaxud tikintinin başa çatdırılma məsələsi məhkəməyə çıxarıla bilər. Amma məsələ burasındadır ki, məhkəmə istehlakçının xeyrinə qərar çıxarsa, yəni onun mənzilinə köçürülməsinə qərar versə belə, heç nə dəyişməyəcək. Çünki tikintini başa çatdırmaq və vətəndaşı mənzili ilə təmin etmək tikinti şirkətlərinin imkanı xaricindədir.
- Axı vətəndaş bankdan kredit götürüb ilkin ödəniş edərkən planlaşdırır ki, şirkətin dediyi kimi, məsələn, 6 aydan, 1 ildən sonra evi olacaq və kirayə haqqı ödəməyəcək. Ev də verilməyincə həm kirayə haqqı, həm də kredit faizini ödəmək çətinləşir. Yəni şirkət hansısa formada vətəndaşa dəyən ziyanı ödəməli deyilmi? Məsələn, kirayə haqqını ödəməklə...
- Bir binada təxminən 100-ə yaxın ailə məskunlaşır. 100-ə yaxın ailənin orta hesabla 50-60-ı belə problem yaşayır. Kirayə haqqının ortalama 300 manat olduğunu nəzərə alsaq, 60 ailənin kirayə haqqı 18 min manat deməkdir. 18 mini 12 aya vurduqda 216 min manat edir. Tikinti şirkətinin 216 min manat vəsaiti olsaydı, tikintini başa çatdırardı...
- Amma tikinti şirkəti əvvəlcədən binanı nə vaxta təhvil verəcəyini hesablamalı idi. Vətəndaşı şirnikləndirib pulunu almaq, sonra da vaxtı uzatmağın nə dərəcədə hüquqi əsası var?
- Burada mülki qaydada məsələnin həllindən əlavə, cinayət tərkibi yaradan nüanslar, yəni xuliqanlıq elementləri, yaxud vətəndaşların etibarından sui-istifadə edib, onun pulunu almaq məsələsi var. Məhz buna görə deyirəm ki, məsələyə dövlət tərəfindən müdaxilə olunmalıdır. Fikrimcə, dövlətin müdaxiləsi olmadan hansısa istehlakçının böyük bir tikinti şirkəti ilə mübarizə aparmaq imkanı məhduddur. Bu, kütləvi xarakter daşıyarsa, məsələn, 50-60 sakin sözü bir yerə qoyub eyni vaxtda tikinti şirkəti ilə mübarizəyə qalxarsa, bunun nəticəsi ola bilər. Amma 3-5 sakin problemin həlli üçün çalışırsa, fikrimcə, nəticəsiz qalacaq.
- Bu gün vətəndaşlar tikinti şirkətləri ilə müqavilə bağlayarkən bunu notarial qaydada həyata keçirmirlər...
- Heç bir notariat kontoru tikinti şirkətlərindən gələn müqavilələri qəbul etmir. Əsas kimi göstərirlər ki, tikinti şirkətləri onların siyahısında yoxdur. Amma hətta 2 fiziki şəxs arasında müqavilənin təsdiq olunması qanunvericilikdə mülki məcəllə ilə tənzimlənir. Yəni mülki məcəllənin tələblərinə görə, notariat kontorları bundan imtina etməməlidir, edə bilməz. Amma təəssüflər olsun ki, bu problem var və notariat kontorları tikinti şirkətlərindən gələn heç bir müqaviləni şirkətin özünün razılığı olmadan qəbul etmir, ona dövlət təminatı vermir. Tikinti şirkətlərinə də notarial təsdiq sərf etmir. Çünki tikinti şirkətləri ilə istehlakçılar arasında mübahisə yarada biləcək, məhkəməyə apara biləcək məqamlar həddən artıq çoxdur. Burada söhbət yalnız tikintinin yarımçıq qalmasından getmir. Amma notarial qaydada təsdiq olunmasa da, şirkətlə vətəndaş arasında bağlanan müqavilə fakt kimi əsas götürülə bilər.
- Müqavilələrdə tikintinin təhvil verilmə vaxtının göstərilməməsindən əlavə, şirkətlər hansı problemlərin həllini açıq qoyur?
- Elə şirkətlər var ki, müqavilədə göstəriblər ki, tikinti başa çatandan sonra bina müvafiq qanunvericiliyin tələblərinə uyğun sənədləşdiriləcək və vətəndaşlar çıxarış alacaqlar. Amma həmin bina müvafiq qurumlar tərəfindən təhvil götürülmür. Bu, məhkəmə predmetidir. Vətəndaş məhkəməyə müraciət edə bilər ki, sən müqavilənin filan bəndində qeyd etmisən ki, tikinti şirkəti binanı təhvil verəndən sonra vətəndaş çıxarış alacaq. Yaxud, qazlaşdırma da müqavilədə açıq qalan məsələlərdəndir. Müqavilədə binanın qazla, suyla, elektrik enerjisi ilə təchiz edilməsi əks olunur. Bina su, elektrik enerjisi ilə təchiz olunsa da, qaz təchizatı olmur. Tikinti şirkətinə müraciət edəndə ki, müqavilədə qaz təchizatı məsələsi var, şirkət yetkililəri cavab verirlər ki, “biz deməmişik ki, siz mənzilinizə daşınan kimi qaz təchizatı olacaq. Olacaq, amma bir qədər gözləyin”. Məhkəməyə müraciət etdikdə isə müqavilədə o bəndlər açıq qaldığından məsələnin hüquqi müstəvidə həlli bir qədər problem yaradır.
- Ramil müəllim, vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
- İlk növbədə müqavilənin bütün müddəalarını yaxşı-yaxşı oxumalı, eyforiyaya qapılıb o dəqiqə evi almağa qərar verməməlidirlər. Evi almağa qərar verəndən sonra isə binanın tam hazır olmasını əsas götürməlidirlər. Bu, problemin birinci həllidir. Yəni bina yarımçıqdırsa, yeni tikilməyə başlayıbsa, burada problem çox ola bilər. Bundan başqa, binanın təhvil verilmə, qazlaşdırılma, kommunal təchizat vaxtı müqavilədə dəqiq göstərilməlidir.

Lalə Musaqızı

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9340
GEL 1 1 Gürcüstan larisi 0.6361
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1746
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1871
CHF 1 1 İsveçrə frankı 1.7094
KWD 1 1 Küveyt dinarı 5.5912
TRY 1 1 Türkiyə lirəsi 0.3157