• çərşənbə, 24 Aprel, 11:33
  • Baku Bakı 13°C

Çoxdan gözlənilən addım

15.07.15 13:25 1989
Çoxdan gözlənilən addım
Dövlətin ipotekaya ayırdığı 200 milyon manatdan faydalı istifadə üçün kreditlərin verilməsi qaydaları sadələşdirilməlidir

Gənc ailələrin evlə təmin olunmasında ipoteka kreditləşməsinin rolu böyükdür. Azərbaycanda da 2006-cı ildən etibarən ipoteka kreditləri vasitəsilə gənclərə ev almaq üçün şərait yaradılır. İldən-ilə bu sahəyə ayrılan vəsait artırılsa da, ekspertlər daha çox gəncin evlə təmin olunması, eyni zamanda ipoteka ilə bağlı sadələşdirilmələrin aparılması üçün vəsaitin artırılmasının zəruri olduğunu deyirdilər. Bu rəqəmin artırılması ilə bağlı gənc ailələrin sevincinə səbəb oldu.
“Şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”
Belə ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ipoteka kreditləşməsi məsələsinə də toxunub. Bildirib ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılması ilə bağlı göstəriş verib: “Buna böyük ehtiyac var. Xüsusilə gənclər, digər kateqoriyalı insanlar. Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur”.
Dövlət başçısı ipoteka kreditləşməsinin mexanizmi haqda da danışıb. Bildirib ki, burada iki yanaşma var: “İstəyirəm ki, ictimaiyyət onu da bilsin. Ya verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Əlbəttə, tikinti sektorunu canlandırmaq üçün yeni binaların inşası daha da məqsədəuyğundur. Ancaq bu, bir qədər vaxt apara bilər. Ona görə, biz bəlkə də bu iki yanaşmanın sintezini tətbiq etsək, pis olmaz. Hər halda, bu, əsas məsələ deyil. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır və həmin vəsaitin kimə veriləcəyini də siz müəyyən edin. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.
İlkin ödəniş və faiz dərəcələri yüksəkdir
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, ipoteka bütün dünyada ən çox istifadə olunan kredit formalarından biridir. Azərbaycanda da günü-gündən bu sahədə uğurlu addımlar atılır. Prezidentin son qərarı isə ipotekanın inkişafı üçün böyük kömək deməkdir: “İnsanların mənzillə təmin olunması üçün bu vasitədən geniş istifadə edilir. Azərbaycanda 2006-cı ildə “İpoteka haqqında” qanun qəbul edildi və buna uyğun olaraq hər il bu sahəyə 40, 50, əvvəllər 80 milyon manat vəsait ayrılırdı. Amma gənclərin mənzillə təmin olunması ilə bağlı ciddi problemlər var. Biz bu məsələlərə dəfələrlə toxunmuşuq. Azərbaycanın imkanları genişdir və biz ipotekaya ayrılan kreditlərin məbləğinin artırılmasını təklif edirdik. Cənab Prezident də iki gün öncəki çıxışında bu məsələyə toxundu və bildirdi ki, bu sahəyə ilin sonuna qədər 200 milyon vəsait ayrılacaq. Hətta bu rəqəmin çox ola biləcəyini də dedi. Bu çox müsbət addımdır və yaxşı nəticələr əldə etməyə imkan verəcək. Ev almaq istəyən, amma buna imkanı yetməyən gənclər üçün imkan yaranacaq”.
Millət vəkili deyir ki, ipotekanın verilməsi qaydalarında da müəyyən problemlər var və bununla bağlı sadələşdirmə işləri aparılmalıdır. V.Əhmədovun sözlərinə görə, vəsaitin artırılması bu sahədə olan digər problemlərin həllinə də yardımçı olacaq: “Mən və digər ekspertlər ipoteka kreditlərinin əhaliyə verilməsinin sadələşdirilməsi ilə bağlı fikirlər səsləndirmişik. Yəqin ki, bu problemlərə də baxılacaq. Gənclər və İdman Nazirliyi də bununla bağlı təkliflərini hökumətə verdi. İlkin ödəniş və faiz dərəcələri yüksəkdir. Ümumi məbləğ əvvəl 30 min manat idi. Sonra ölkə başçısı onu 50 min manat etdi. 200 milyon məsələsi həll olunsa, bu sahədə olan digər problemlərə də dövlət tərəfindən baxılacaq və həlli istiqamətində işlər görüləcək”.
Resurs problemi var
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı deyir ki, Prezidentin verdiyi tapşırıqlar ilin sonuna qədər olan müddəti əhatə edir. Burada üstünlük ondan ibarətdir ki, tapşırıq bilavasitə ölkə rəhbəri tərəfindən gəlib: “Bəs Mərkəzi Bank və Maliyyə Nazirliyi məsələnin müvafiq şəkildə həlli istiqamətində hansı addımları ata biləcəklər? Ümumiyyətlə, mövcud resurslar buna cavab verirmi? Təbii ki söhbət maliyyə resurslarından getmir. Bu gün Azərbaycanda ilkin mənzil bazarını ipotekaya cəlb etməyin özü sual altındadır. Çünki bir çox yeni tikililərdə mülkiyyət sənədləri qaydasında deyil. Belə olduqda onların girov predmeti kimi qəbul olunub, alqı-satqıya cəlb edilməsi müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sual yaradır. İkinci bir tərəfdən, müvafiq sənədləri qaydasında olan şirkətlərin isə mövcud qiymət siyasəti, yəni, bazara təqdim etdikləri qiymət ipoteka tələblərinə adekvat deyil. Bu gün ipoteka ilə mənzil almaq istəyən vətəndaşın götürə biləcəyi ən yüksək rəqəm 50 min manatdır. İlkin mənzil bazarında, xüsusilə sənədləri qaydasında olan mənzillərin qiymətinə baxsaq, burada 1 kvadratmetrin dəyəri təxminən 1300-1400 manatdan başlayır. 100 kvadratmetrlik mənzil almaq üçün 140-150 min manat vəsait tələb olunur. 50 min manat ipoteka ilə verilsə, qalan vəsaitin tapılması imkanları məhduddur. Yəni, resurs problemi var”.
200 milyon manat bazarda ciddi canlanma yarada bilər
R.Osmanlı deyir ki, ipoteka ilə mənzillərin tikilməsi variantını daha mütərəqqi hesab edir. Bunu İpoteka Fondu və ya Mərkəzi Bank deyil, Maliyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və s digər qurumlar həll etməlidir. Ekspertin sözlərinə görə, Bakı şəhərində Sosial Mənzil Fondunun yaradılması istiqamətində də işlər görülməsi lazımdır. O hesab edir ki, bugünkü ipoteka tələbləri ilə 200 milyonluq vəsaitin dövriyyəyə buraxılıb, ilin sonuna qədər aztəminatlı və gənc ailələrə verilməsi imkanı real deyil. Çünki gənc, aztəminatlı ailələrin əmək haqqı imkanları ipotekanın mövcud tələblərinə cavab vermir.
R.Osmanlı deyir ki, 200 milyon vəsait kifayət qədər böyük rəqəmdir. Əhalinin bundan geniş şəkildə faydalanması üçün ipoteka kreditlərinin verilməsi ilə bağlı dəyişikliklərə, sadələşdirilmələr aparılmasına ehtiyac var: “Azərbaycanda il ərzində verilən ipotekanın ümumi həcmi təqribən 130 min manat civarındadır. Yarım il və ondan da az bir müddət üçün isə 200 milyon manat vəsaitin əlavə olaraq ayrılması bazarda çox ciddi canlanmaya səbəb ola bilər. Amma bunun üçün qısa müddət ərzində ipoteka şərtlərinə çox ciddi radikal dəyişikliklər edilməlidir. Bu dəyişikliklərdə ipoteka kreditlərinin verilməsində kommersiya banklarından asılılıq aradan qaldırılmalıdır. Bəzi banklar ilkin ödəniş tələblərini 50 faizə qədər qaldırıblar. Mərkəzi Bank ipotekada ödəniş rəqəmlərini 50 mindən 70-75 və daha yüksəyə qaldıra bilər. İlkin ödənişlərin məhdudlaşdırılması, azaldılması, faizlərin aşağı salınması və s məsələlər ola bilər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər