• cümə, 19 Aprel, 09:03
  • Baku Bakı 13°C

Ovçu, insaf elə, keçmə bu düzdən… - Reportaj

27.09.16 11:38 11977
Ovçu, insaf elə, keçmə bu düzdən… - Reportaj
Təbiət qoynunda ov ovlayan, quş quşlayan ovçuların mövsümü başlayıb. 28 may tarixindən etibarən respublika ərazisində ov mövsümü açıq elan edilib. Ovun ən maraqlı dövrü isə sentyabrın 17-dən sonra başlayır. Artıq lisenziya və ovçuluq bileti almaq üçün müraciət edənlərin sayı da artıb.
Bəs ovçuluq biletini almaq üçün nə etməliyik? Bu bilet kimlərə verilir? Ov etmək üçün silahı necə ala bilərik? Silahların qiyməti necədir? Suallarımıza cavab tapmaq üçün Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində olan Hərbi Ovçular İttifaqına yollandıq.
Hərbi Ovçular İttifaqı iki ildir fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sonra ovçuluq biletini verən ikinci təşkilatdır.

Ovçuluq biletini necə almalı?
Bizi Hərbi Ovçuluq İttifaqının direktor müavini Rasim Rzayev qarşılayır. Qurum haqqında məlumat verən həmsöhbətimiz əvvəlcə ovçuluq biletinin verilmə qaydalarından danışdı: "Digər ovçuluq cəmiyyətləri və klublarının ovçuluq bileti vermək ixtiyarları yoxdur. Ovçuluq bileti hər bir ovçuya ov etmək üçün icazə verən hüquqi sənəddir. Hərbi Ovçuluq İttifaqı olmağımıza baxmayaraq, ittifaqa mülki şəxsləri də qəbul edirik. Sarısu ovçuluq təsərrüfatı, Şərbətqovu gölünə biz nəzarət edirik. Ovçuluq bileti bütün ovçuluq təsərrüfatlarında keçərlidir. Bileti almaq istəyən şəxs ittifaqa gəlib ərizə blankını doldurur. Daha sonra şəklini və şəxsiyyət vəsiqəsinin surətini təqdim edir. Əgər görünən fiziki qüsuru yoxdursa, 18 yaşından yuxarı olan hər bir Azərbaycan vətəndaşına ovçuluq bileti vermək olar. Biz də ərizəni qəbul edir və minimal ovçuluq biliklərini imtahanla yoxlayırıq. Hətta ilkin tibbi yardımla bağlı suallar da verilir və imtahandan keçdiyi halda bilet təqdim olunur”.
İttifaqın birinci mərtəbəsində Ovçular mağazası yerləşir. Qiymətlərlə maraqlanmaq üçün mağazaya baş çəkirik. Divardan asılan növbənöv silahlar, piştaxtalarda olan güllələr, ovçu geyimləri diqqətimizi çəkir.

"Hamıya silah verilmir”

Satıcı Zaur Abdullayev deyir ki, hər bir silahın satılma qaydası var. Silah almaq istəyən hər bir şəxs bu qaydalara riayət etməlidir: "Tüfəngi almaq üçün alıcı mağazadan maliyyəsinə uyğun istədiyi tüfəngi seçir. Vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, 2 fotoşəkil və Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik İdarəsinin rəhbərliyinin adına müraciət edilən ərizə forması doldurulur. Alıcının psixoloji və narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayış, eləcə də bu kimi sənədlər göstərilən quruma təqdim edilir. Alıcının məhkumluğunun olub-olmadığı yoxlandıqdan sonra ona silah almaq hüququ verilir. Həmin şəxs, yəni alıcı icazə arayışı və şəxsiyyət vəsiqəsi ilə birlikdə mağazaya müraciət edir. Silahın həmin adama satılması barədə şəhadətnamə verilir. Şəhadətnamədə silahın markası, kalibri və nömrəsi göstərilir. Verilmiş şəhadətnamə əsasında ov silahının təyinatı üzrə saxlanmasına icazə verilir”.


Silahlar neçəyədir?
Silahların qiymətinə gəldikdə isə devalvasiya silahlardan da yan keçməyib: "Silahlar xaricdən dollarla alındığı üçün qiymətlərdə də artım var. Hazırda mağazada satışda türk, rus və italyan silahları var. Qiymətlər 1000 manatdan 6000 manata qədər dəyişir. Sifarişlə gəldiyi üçün 15 min manata olan silah da satılır. Patronların qiymətləri növünə görə, 40 qəpikdən 1 manat 20 qəpiyə qəpiyə qədər dəyişir”.

Əcnəbilərin Sarısu sevgisi

R.Rzayev deyir ki, Azərbaycana ən çox ovçular İtaliya və Ərəbistandan gəlir. Hətta Sarısuda ovçulara xidmət göstərən həmyerlilərimiz italyanlarla o qədər həmsöhbət olurlar ki, italyan dilində danışa bilirlər: "Əcnəbilər Sarısunu çox xoşlayırlar. Hətta Sarısuda xidmət edənlər italyanca təmiz danışır. Noyabr, dekabr, yanvar, fevralda İtaliyadan, Rusiyadan ovçular gəlir. Ərəblər isə ova qartalla gəlir. Özü də onlar gələndə quş saxlayan, yemək bişirən, qulluqçuları ilə gəlirlər. Bu il də ərəblərin sifarişləri çoxdur. Amma qəribədir ki, onlar tüfənglə atmağı xoşlamırlar. Öz qartalları ilə ov edirlər. Onlar qartalın gedib quşu gətirməyini izləməyi xoşlayırlar. Turistlər Azərbaycana əsasən quş və qaban ovlamağa gəlirlər. Bizim yerli ovçular isə quşları - ördək, qaşqaldaq, qaz ovlamağı çox xoşlayırlar”.
Müsahibimiz deyir ki, heyvan ovlamağa ən az maraq göstərən millət almanlardır. Həmsöhbətimizin sözlərinə görə, almanlar heyvansevər millət olduğu üçün heyvanlara qıymırlar və ova maraqlı deyillər.

Xanım ovçular
Təşkilatın xanım üzvləri də var. Həmsöhbətimiz deyir ki, üç gənc xanım ovçuluq bileti alıb: "Azərbaycanlı xanımların ova marağı çox azdır. Cəmi üç xanım ovçumuz olsa da, çox bacarıqlı və aktivdirlər. Rusiyadan gələn ovçuların isə, demək olar ki, hamısının xanımı da ovçu olur. Həyat yoldaşları ilə birlikdə ova çıxırlar”.

Məşhur ovçular
İttifaqda ovçuluq bileti alan məşhur simalar da var. Qeydiyyat dəftərini incələyərkən ovçuluqla məşğul olan tanınmış simaların da adlarına rast gəlirik. Nazirlərimiz, deputatlarımız, məmurlarımız, müğənnilərimiz, aktyorlarımız da bu hobbi ilə məşğul olurlar. Siyahıda Zakir Həsənov, Fazil Məmmədov, Nazim İbrahimov, Yavər Camalov, Hüseynqulu Bağırov, Azad Rəhimovun da adlarını gördük. Babək Niftəliyev, Rafael İsgəndərov, Teymur əmi, Aşıq Əhliman isə peşəkar ovçudurlar.

Quşu göydə tanıyan Fəxri ovçu

İttifaqın inspektoru Xəzər deyir ki, ittifaqın ən yaşlı ovçusu fəxri ovçudur: "Ovçuluğun vurğunu olan, bu mövsümün gəlməsini səbirsizliklə gözləyən adamlar var. Bizim üzvlərdən ən yaşlısı 70, ən cavanı isə 18 yaşındadır. Fəxri ovçu ən yaxşı ovçularımızdan sayılır. Hətta göydə olan quşun dişi və ya erkək olduğunu bilir. Növünü elə göydəcə ayırd edir”.
Qeyd edək ki, bu il ölkədə ov mövsümünün vaxtı martın 10-na kimi uzadılıb. Ovlanması qanunla qadağan olunan heyvan və quş növünə güllə atan, eləcə də icazə verilməyən ərazilərdə ov etməyə cəhd göstərən şəxslər müvafiq qaydada cəzalandırılacaqlar.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər