• cümə axşamı, 18 aprel, 14:39
  • Baku Bakı 22°C

“Oturduğumuz yerdə bizə iş təklifi gəlməz” - Diskussiya

17.04.17 11:30 4546
“Oturduğumuz yerdə bizə iş təklifi gəlməz” - Diskussiya
Tələbəlik illəri ömrün qayğısız illəri hesab olunur. Məhz o illərdə arzular, xəyalların həddi olmur. Hər bir tələbə uğurlu karyera qurmağı, yaxşı iş sahibi olmağı xəyallarında canlandırır. Maraqlıdır, bu, xəyal olaraq qalır, yoxsa reallaşdırmaq üçün hansısa addımlar atırlar? Ümumiyyətlə tələbələr universiteti bitirdikdən sonra iş tapacaqlarına inanırlarmı?
Bu sualın cavabını Qərb Universitetinin tələbələri ilə müzakirə etdik.

Amal Əkbərli:
- Tələbənin iş tapması məncə, çətindir. Çünki bütün şirkətlər, qurumlar ilk olaraq şərt kimi təcrübə məsələsini qoyur. Mən tələbəyəm, mənə imkan yaratmalıdırlar ki, təcrübə toplayım. Kimsə məni işə götürməsə, necə təcrübə toplaya bilərəm? Yalnız mən deyil, universiteti bitirən əksər tələbələr bu situasiya ilə qarşılaşır. Bütün şirkətlər məzunların təcrübəsizliyindən şikayətlənir və bunu əsas gətirərək işə götürmürlər. Onlar hazır məhsul istəyirlər. Tələbə universiteti dünən bitiribsə, təcrübəni harada yığa bilər? Sahibkarların istəyi ilə tələbənin istəyi bir-birinə uyğun gəlmir.
Turan Rzayev:
- Etiraf etmək lazımdır ki, təhsil sektorunda savadlı kadrlar həddindən artıq çoxdur. Lakin işləmək istəyənlərin sayı azdır. Məncə, bu, aylıq məvaciblə bağlıdır. Savadlı kadrlar az maaşlı işlərdə işləmək istəmirlər. Bir çox gənclər neft sektorunda iş tapa bilirsə, turizm və digər ənənəvi sahələrdə iş tapa bilmirlər. Məsələn, mən politologiya sahəsində oxuyuram və düşünürəm ki, bu sahədə iş tapmaq çətin olacaq. Demirəm ki, mümkünsüzdür, lakin məncə, bu, çətin bir məsələdir. Və bu reallığı göz önünə gətirərək mən ikinci bir ixtisası oxumağı düşünürəm.
Aygün Şahbazova:
- Mən də öz tələbə dostlarımın fikirlərinə qatılıram. Bu məsələ ilə bağlı müxtəlif yanaşmalar var. Təcrübə məsələsinə toxunmaq istəyirəm. Elə tələbənin ən böyük problemi də budur. Baxmayaraq ki savadımıza tam arxayınıq, amma təcrübə olmadığı üçün çətinlik çəkirik. İki dil bilirəm, savadıma da arxayınam. Lakin işləmək üçün minimum iki il iş təcrübəsi tələb olunur. Dünən universiteti bitirən tələbədən təcrübə tələb edirlər.
Rüstəm Aslanov tələbə yoldaşlarının təcrübə ilə bağlı səsləndirdikləri fikirlərlə razı deyil:
- Mən sizinlə razı deyiləm. Azərbaycan Respublikasında ASAN xidmət fəaliyyət göstərir və o, tələbələrə imkan yaradır ki, orada təcrübə keçsinlər. Hətta onlara işin sonunda xasiyyətnamə də verirlər. Və bu da bəzi müəssisələr tərəfindən müsbət qarşılanır, iş təcrübəsi kimi qəbul olunur. Bundan əlavə, təcrübə proqramları var. Məsələn, bu yaxınlarda unversitetimizə sığorta şirkətindən gəlmişdilər və təcrübə üçün tələbə axtarırdılar. Problem ondadır ki, tələbələr könüllü kimi haradasa işləmək istəmirlər. Tələbə vaxtı fikirləşmirlər ki, gələcəkdə bizə iş təcrübəsi lazım olacaq. Mən 3 ildir ki, könüllülük fəaliyyəti ilə məşğulam. Məktəb illərində də ictimai işlərdə fəallıq göstərmişəm. İndi də universitetimizdə Tələbə Gənclər Təşkilatının ictimaiyyətlə əlaqələr departamentində çalışıram. Bu mənim tələbəlik illərində qazandıqlarımdır. Lakin bir çox tələbələr nəinki könüllü kimi işləmək istəmir, adi layihələrdə belə iştirak etmirlər. Bu da əlbəttə ki, tələbələrin gələcəyinə mənfi təsir göstərir.

Eltur Qasımov:
- Universiteti bitirdikdən sonra iş tapmaqda çətinlik çəkən savadlı kadrlar tələblik illərində nəzəri biliklərlə kifayətlənənənlərdir. Nəzəri bilikləri istədiyiniz qədər öyrənə bilərsiniz. Amma kimsə onu praktik sahədə tətbiq edib təcrübə toplamazsa, müasir əmək bazarı üçün bu insan yararsız olur. Rüstəmin də vurğuladığı kimi, könüllülük prinsipi başlıca faktorlardan biridir. Düzdür, heç bir məbləğ müqabilində işləmirsən, amma təcrübə toplayırsan. Bu sənin CV-də qeyd olunur. Mən beş ilə yaxındır ki, könüllülük fəaliyyəti ilə məşğulam. Düşünürəm ki, göstərdiyim fəaliyyət gələcəkdə mənim işimi yüngülləşdirəcək. Gənclərimizdə könüllülüyə qarşı güclü antipatiya var. Mən hazırda Qərb Universiteti təyinat verdiyi üçün Milli Məclisdə analitik informasiya şöbəsində praktika keçirəm. Düşünürəm ki, bütün gənclər bakalavr və magistr oxuduqları dövrdə təcrübə yığsalar, gələcəkdə əmək bazarında rahat iş taparlar. Bundan əlavə, universitetimizdə Karyera Mərkəzi fəaliyyət göstərir. Bu mərkəz tərəfindən tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir, işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.Yerli və xarici şirkətlərin, tanınmış mütəxəsislərin tələbələrlə görüşləri keçirilir. Bildiyimə görə yarandığı gündən bəri Tələbə Mərkəzi yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olub. Tələbələr özləri fərasətli olsalar, düşünürəm ki, iş tapmaq problemi olmaz.

Turan Rzayev:
- Könüllülük fəaliyyəti şirkətlərin və müəssisələrin təcrübə istəyini tam ödəyir. Mən də universitetdə və könüllülük proqramlarında olmuşam. Bu, insanın şəxsi inkişafına dəstək verir. Məsələyə başqa bir müstəvidən baxsaq, lap ali təhsil müəssisələrini qoyaq bir kənara, orta təhsil müəssisələrini və yaxud da kolleci bitirənlər getdikcə azalmaqdadır. Hər kəs ali təhsilli olsa, istər-istəməz kadr boşluğu əmələ gələcək. Hazırda Azərbaycan gəncliyinin böyük problemi bundan ibarətdir ki, bizdə təhsil sırf mentalitet səviyyəsinə keçib. Yəni hər kəsin övladı universitetə girməlidir. Bu, artıq rəqabət halını alıb. Bu, əslində gözəl haldır ki, əhalinin çox faizi ali təhsillidir və yaxud da orta təhsillidir. Amma onların neçə faizi işlə təmin olunur? Hazırda mexanik çatışmazlığı yoxdurmu və yaxud da çörəkçi? Keçmiş peşələrə maraq varmı? Təhsili doğru şəkildə almaq vacibdir.
Eltur Qasımov:
- Tələbə, sadəcə dərsləri ilə kifayətlənməli deyil, tələbənin yaşı - 17-21 yaş dövrü onun ən enerjili, ən tez qavrayan dövrüdür. Tələbə həmin dövrdə həm dərsləri, həm də könüllülüklə məşğul olsa, daha güclü yetişər. Məsələn, 35 yaşlı bir insanın işi öyrənməsi daha gec başa gəlir, nəinki 17-18 yaşında birinin. Cavan kadr işi daha tez qavrayır.
Turan Rzayev:
- Sektordan sektora fərq var. Doğrudur, könüllülük fəaliyyəti həqiqətən də dövlətimizin gənclərə böyük töhfəsidir. Lakin könüllülük deyəndə, insanlar bunu kobud şəkildə desək, qul kimi başa düşürlər. Və yaxud da "siz avamsınızmı könüllü şəkildə işləyirsiniz” - deyə soruşurlar. Bizim universitetdə karyera mərkəzi tələbələri praktikaya yönləndirir. Mən hazırda Gənclər və İdman Nazirliyinin bir çox layihələrində iştirak edirəm. Yəni tək universitet özü göndərmir, qurumlar özləri də könüllü axtarışında olurlar. Yəni tələbələrin göstərdiyi fəaliyyət onların diqqətini mütləq cəlb edir. Oturduğumuz yerdə bizə iş təklifi gəlməz. Təbii ki, nəsə etməlisiniz, fəaliyyət göstərməlisiniz.

Aygün Şahbazova:

- Tək üniversitet tələbəni yönləndirə bilməz. Tələbə özü də müəyyən addımlar atmalıdır. Mən tələbəyəm və boş dayanmıram. Ədəbiyyatla bağlı tədqiqatlar aparıram. Bir neçə tədqiq olunmamış əsərləri tədqiq edirəm. Yəni bunu şəxsən insan özü etməlidir. Hər şeyi universitetdən, dövlətdən gözləmək olmaz, insan özü də çalışmalıdır. Bizim universitetdə tələbələrin istehsalat təcrübəsinin ən yüksək səviyyədə təşkil olunması üçün də ardıcıl tədbirlər görülür, təcrübəçilərin Milli Məclis, bir sıra nazirlik və komitələrdə, AMEA-nın institutlarında, aparıcı banklarda və digər tanınmış şirkətlərdə təcrübə keçmələri təmin edilir. Bu da bizə təcrübi biliklər qazandırır və gələcəkdə, iş həyatında uğurlar qazanmağımızı şərtləndirir. Universitet əlindən gələni edir. Bununla belə tələbə iş tapmırsa, bu onun günahıdır.
Rüstəm Aslanov deyir ki, iş tapmaqda çətinlik çəkən tələbələrin əksəriyyəti təhsil aldıqları ixtisasa istəmədən, sadəcə, topladıqları bala uyğun olaraq düşən tələbələrdir:
- Bir səbəb də budur ki, tələbə düzgün ixtisas seçimi etmir. Məsələn, həkim olmaq istəyir, lakin həmin balı yığa bilmir. Balına uyğun hansısa bir ixtisası seçir ki, təki universitetə girim. Bunun da səbəbi bizim mentalitetimizdir. Çünki qıraqdan başlayacaqlar danışmağa ki, filankəsin uşağı universitetə girə bilmədi. Tələbə də istəmədiyi ixtisasda necə gəldi oxuyur. Nə nəzəri, nə də praktiki biliyi olur. Və sonra da əlinə diplom alıb çıxır ictimaiyyət qarşısına ki, işləmək istəyirəm. Əlbəttə ki, siz özünüz də bir sahibkar olsanız, yanınıza belə bir işçi gəlsə, onu işə qəbul etməyəcəksiniz. Tələbə narazı olacaq. Amma problemi özündə yox, cəmiyyətdə axtaracaq. Hər bir insan istəyər ki, onun müəssisəsində savadlı kadr çalışsın.
Eltur Qasımov:
- Bəzi insanlar düşünür ki, "dayday”ım yoxdursa, işə düzələ bilmərəm. Əslində bu, absurd yanaşmadır. Heç bir sahibkar işi bilməyən birini işə götürməyə risk etməz. Çünki həmin sahibkar işi qurarkən bir neçə etapdan keçib və müəyyən çətinliklər çəkib. Hətta tanışlıqla götürülən adamlar belə, işini yaxşı bilən, qabiliyyətli kadrların hesabına kompensasiya olunmalıdır. Yəni əgər müəssisədə yaxşı bilikli kadr olmazsa, həmin müəssisənin ömrü elə də uzun olmaz.
Turan Rzayev isə düşünür ki, 2000-ci ilə qədər iş imkanlarında qohumluq prinsipləri rol oynayırdı:
- 2000-ci illərə qədər iş imkanlarında əsasən qohumluq və pul prinsipi işləyirdi. Amma nisbətən Qərbə doğru inteqrasiya etdikcə, hər kəs başa düşür ki, qohum prinsipi daha işləmir. Artıq təhsilə və dil bacarıqlarına daha çox önəm verilir.
Aygün:
- Hazırda savadlı kadra həqiqətən ehtiyac var. Qohumluq prinsipi ilə düzələnlər irəliyə gedə bilmirlər. Amma savadlı kadr öz bacarığı və qabiliyyəti ilə özünü ifadə edə bilir.

Sizcə uğurlu karyeranın sirri nədir?
Eltur:
- Uğurlu karyeranın təməli sırf tələbəlik dövründə alınan təhsil və qazanılan praktikadır. Tələbənin bu illərdə gördüyü işlər onun gələcəyinin açardır.
Rüstəm:
- Uğurlu karyeranın təməli düzgün ixtisas və universitet seçimidir. İxtisasını sevməli və əlavə dil bilgin olmalıdır. Lakin öz dilimizi də unutmayaq. İnsanlar xarici dil öyrəndikdən sonra Azərbaycan dilində pis danışırlar. Məncə, ən yaxşı bildiyin dil öz dilin olmalıdır. Bizim universitetdə dil problemi olmur.Universitetimizin verdiyi yüksək bilik və bacarıqların, praktik tədrisin nəticəsidir ki, məzunlarımız karyeralarında uğurlar qazanırlar. Misal üçün, Heydər Əliyev Mərkəzinin direktoru, ADA Universitetinin prorektoru, AZAL-ın Parisdəki nümayəndəliyinin rəhbəri Kamran Kəlbəliyev, Microsoft” şirkətinin baş meneceri, Azərbaycanın Bolqarıstandakı səfiri və s. bizim universitetin məzunlarıdır.
Amal:
- Uğurlu karyeranın sirri mükəmməl təhsil və təcrübədir. İngilislərin belə bir sözü var – təcrübə ən böyük müəllimdir.
Aygün:
- Uğurun sirri çalışmaq yox, çox çalışmaqdır. Arzuları reallaşdırmaq üçün çalışmalıyıq.
Turan:
- Məncə, mütləq şəkildə bir hədəfin olmalı və bu hədəfə çatmaq üçün müəyyən yollardan keçməlisən. Ən əsası, nizam-intizam olmalıdır və təbii ki, cəmiyyətin səninçün çəkdiyi sərhədləri aşmağı bacarmalısan. Yəni sənin atan qəssabdırsa, sən də qəssab olmalı deyilsən.
Aygün ƏZİZ
Günel AZADƏ


banner

Oxşar Xəbərlər