• cümə, 29 Mart, 05:37
  • Baku Bakı 7°C

Oturaq, yoxsa hərəkətli işlər uğur gətirir? - Diskussiya

07.10.17 09:00 5615
Oturaq, yoxsa hərəkətli işlər uğur gətirir? - Diskussiya
Peşə, ixtisas - həyat üçün ən zəruri seçimlərdən biridir. Kiminin arzusu gərgin iş rejimində bir yerdə oturmayaraq işləməkdirsə, kimisi də ofis daxilində oturaq işlərə üstünlük verir. Bəs hansı iş xüsusiyyəti gəncləri daha çox inkişaf etdirir? Oturaq, yoxsa hərəkətli işlər?Mövzunu Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə müzakirə etdik.

Aysel Ağayeva:
- Mənim fikrimcə, gənclər üçün ayaqüstü iş daha yaxşı və asandır. Bəzən bizə elə gəlir ki, ofis daxili iş yorucu olmur. Amma bu, əksinədir. Ofis daxili işdə bütün günü ofisdə oluruq. İstər-istəməz, bu zaman yorğunluq hissi yaranır. Lakin ayaqüstü işdə vaxt tez keçir və insana daha çox zövq verir. Müəyyən yaş dövründən sonra isə, ofis daxili iş daha münasibdir. Yəni həmin insanlar müəyyən karyera səviyyəsinə çatmış olurlar və onlar üçün ofisdə işləmək daha rahat olur.

Nuridə Yəhyazadə:
- Ayaqüstü işdə əsas fiziki güc lazımdır. Amma bəziləri düşünür ki, ofis daxili işlər yorucu olmur. Lakin bu belə deyil. Ofisdəki işlər də kifayət qədər yorucu olur. Hətta bəziləri üçün ofis işi daha ağır gəlir. Götürək bir kuryeri, ofisdən kənar işləyir. Gün ərzində daim fiziki hərəkətdədir. Bir də mühasibatlıqla məşğul olan birini götürək. O isə bütün günü kompyuter qarşısında hesablarla, yəni zehni əməklə məşğul olur. O da ən az kuryer qədər yorulur. Digər bir tərəfdən isə, bu, insanın öz peşəsini sevməyindən asılıdır. Yəni istənilən işdə peşəkarlıq və yaradıcılıq mütləqdir. Yaradıcı insan məncə, bir yerdə oturub çalışa bilməz. O daim hərəkətdə olmalıdır.
Zəhra Məmmədzadə:
- Mənim fikrimcə, ofis işi ilə müqayisədə hərəkətli işlər daha maraqlı olur. Hansı iş seçimində uğurlu olmaq isə, insanın özündən asılıdır. Elə insan var ki, hərəkətli işləyə bilmir, oturmağa üstünlük verir. Bu hər hansı bir xəstəliklə əlaqədar ola bilər. Və ya sadəcə sakit həyat tərzi keçirmək istəyir. Bir də var bizim kimi insanlar, yəni jurnalistlər hərəkət etməyi xoşlayırlar. Hərəkət etmək lazımdır ki, inkişafda olasan. Düşünürəm ki, hərəkətli işləmək ofisdə işləməkdən üstündür. Bu zaman insan təkcə fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən inkişaf edir. Beləliklə daha çox müvəffəqiyyət qazanmaq olar. Düşünürəm ki, mən 60 yaşımda da hərəkətli olacam. Oturaq və ya hərəkətli işlərin yaşla da əlaqəsi yoxdur. Məsələn, mənim anam oturaq işə daha çox üstünlük verir. Çox hərəkət etməyi xoşlamır. Nənəm isə 70 yaşı olsa da, hərəkətdə olmağı xoşlayır.

Adelya Muradova:
- Mən də Zəhra kimi düşünürəm. Hansısa işdə uğur qazanmaq insanın özündən asılıdır. Oturaq işdə işləyən insan daha çox düşünə bilir, nəinki hərəkətli işdə işləyən. Jurnalistikanı ona görə seçmişəm ki, oturaq və ya hərəkətli iş olacağından asılı olmayaraq insanlara xeyir gətirim.

Nuridə Yəhyazadə:
- Jurnalistikanın elə sahələri var ki, həmin sahələrdə oturaraq iş görə bilərsən. Elə sahələr də var ki, mütləq hərəkətdə olmalısan. Məsələn, redaktor. O, hərəkətdə olmasa da olar. O sadəcə məlumatları redaktə edir. Amma müxbir fərqlidir. O oturduğu yerdən yaradıcılığını ortaya qoya bilməz. Əgər müxbir olacaqsansa, mütləq hərəkətdə olmalı və müşahidə aparmalısan. Bunu ofis daxilində edə bilməzsən. Yeni hadisələr görmək, kəşf etmək üçün hərəkətdə olmaq lazımdır. Bu səbəbdən sənət seçərkən bu məqamlara diqqət etmək lazımdır. Tənbəlsənsə, oturaq işi seç.
Aidə Əliyeva:
- Bu, insanın təbiətindən irəli gəlir. Əgər insan yaradıcıdırsa, oturaq işi xoşlayır. Belələri əksər hallarda oturaq işlə məşğul olurlar. Tutaq ki, mən rəssamam və bir otaqda oturub şəkil çəkəcəm. Belə halda mütləq deyil ki, hərəkətdə olasan. Təcrübəmdən irəli gələrək deyə bilərəm ki, ofisdə işlədiyim az müddət olmayıb. 6 saat kompyuter arxasında oturub nələrisə redaktə etmək mənim üçün darıxdırıcı olurdu. Əgər insan öz işini sevirsə, zaman onun üçün tez keçir. Buna görə də hansı həyat tərzini seçməsindən asılı olmayaraq, insan öz işini sevməlidir. Bu zaman vaxtın necə keçdiyini hiss etməyəcək.
Yusif Abbaszadə:
- Məsələn biz jurnalistikanı seçmişik. Bizim hərəkətli olmağımızdan başqa şansımız yoxdur. Ola bilər ki, hansısa hadisə baş verər və müxbir mütləq hadisə yerinə getməlidir. İspaniyada bu günlərdə olan hadisələri yada salaq. Tutaq ki, mənə deyiblər ki, İspaniya getməli, hadisə yerində olmalısan. Deyək ki, 3 saat ərzində mən aeroporta getməliyəm. Bunu tez həll etmək lazımdır. Ofislə jurnalistika arasında jurnalistlik mənə daha yaxındır. Bəzi hallarda əlbəttə ki, jurnalist də oturub nə isə yazmalıdır.
Gənclər düşünür ki, oturaq işdə işləyən insanlar mütləq fasilədə zehinlərini istirahət etdirmək üçün açıq havada gəzməlidirlər.
Aysel Ağayeva:
- İş prosesində nahar fasiləsi olmalıdır. Fikrimcə, 10-15 dəqiqəlik bir fasilə ona zehni istirahət etdirmək üçün kifayət edər. Hətta işdən sonra ailəsi ilə birlikdə gəzintiyə çıxa bilər. Və ya istirahət günlərində daha çox fiziki işlərlə məşğul ola bilər.
Zəhra Məmmədzadə:
- Vaxtın çoxunu ofisdə oturmaq mümkün deyil. 10-15 dəqiqəliyə də olsa havaya çıxmaq lazımdır. Əvvəla, yemək lazımdır ki, insanın beyni işləsin. İkincisi isə, hərəkət etmək lazımdır. Belə insanlara idmanla məşğul olmağı məsləhət görərdim. Bu zaman onların beyni dincələr, həm də fiziki cəhətdən güc ala bilərlər.
Nuridə Yəhyazadə:
- Bir insan əgər sevdiyi işlə məşğul olursa, onun üçün yorucu olmaz. Tutaq ki, bir insan bank işini sevirsə və o bunu qəbul edirsə, ofisdə olmaqdan həzz alacaq. İşə yanaşmamızdan çox şey asılıdır. Psixologiyamızın illərlə o işi görməyə dözməsi üçün biz bu işə ruhən bağlı olmalıyıq. Və insan səhər 9-dan axçam 6-ya qədər işləməyə bağlıdırsa, bu onun üçün yorucu olmaz. Amma hər kəs sağlamlığının da qeydinə də qalmalıdır. Bunun üçün nələrsə etməlidir. İnsanlarla ünsiyyətə girməli, hadisələrə reaksiya verməlidirlər.
Aysel Ağayeva:
- Gənclərin aktiv olmaları daha məqsədəuyğundur. Gənc sevdiyi işi seçirsə, yorulmayacaq. Amma əgər gənc oturaq işdə işləyirsə və özünü inkişaf etdirmək üçün seminarlara gedirsə, təlimlərdə iştirak edirsə, bu onu həm zehni, həm də fiziki baxımdan yora bilər.
Aidə Əliyeva:
- Elə insanlar tanıyıram ki, 6 saatını ofisdə keçirir, eyni zamanda karyerada da yüksəlirlər. Oturaq və ya hərəkətli iş karyerada uğura mane ola bilməz.

Zəhra Məmmədzadə:
- Uğur insanın özündən və peşəkarlığından asılıdır. Məsələn, xakerlər. Onlar kompyuter qarşısında oturub böyük pullar qazana bilirlər. Müvəffəqiyyət oturmaq və ya hərəkətdə olmaqdan asılı olmayaraq gələ bilir. Əgər işini sevirsənsə, bu sənin müvəffəqiyyətindir. Əlbəttə ki, cavanlar hərəkətdə olsalar yaxşıdır. Nə qədər ki cavansan, hər şeyi sınamaq lazımdır. Münasibətlər qurmaq, hərəkətdə olmaq lazımdır.
Nuridə Yəhyazadə:
- Hər bir gənc özünü dərk etməyə başladığı gündən özünü inkişaf etdirməyə çalışmalıdır. Ən çox da gənclər öz ixtisasları sahəsində özlərini inkişaf etdirməlidirlər. Seçim edərkən əvvəlcədən düşünməli, düzgün addım atmalıdırlar.
Aygün ƏZİZ
Günel AZADƏ

banner

Oxşar Xəbərlər