• cümə axşamı, 28 mart, 18:18
  • Baku Bakı 13°C

Oturacaqların zəbti mədəniyyətsizliyi

02.10.18 09:45 648
Oturacaqların zəbti mədəniyyətsizliyi
Mərdəkanın Şağan qəsəbəsində yaşayırdım. Hər gün evə 171 saylı marşrutla gedib çıxmaq üçün sözün əsil mənasında mücadilə aparmalı olurdum ki, heç olmasa avtobusun salonuna düşə bilim. Əlbəttə, əgər oturmağa imkan olsaydı bunu günün sevinci kimi qələmə verirdim. Əslində bütün növbələrimizdə olduğu kimi katastrofik vəziyyəti insanlar özləri yaradırdı. Sərnişinlərin avtobusa minməmişdən öncə açıq pəncərələrdən boş oturacaqları "zanit” etmək üçün basketbol topu kimi atdıqları siqaret qutusu, sumka, telefon "adaptrı” və s. əşyalar vəziyyəti daha da dözülməz edirdi. Həmin yerlərdə başqa sərnişin otursaydı dava-dalaşın sorağı kim bilir bəlkə məhkəmələrə qədər gedib çıxardı. Belə bir salonda kiminsə kiməsə hörmət edib yer verəcəyini düşünmək isə içi mən qarışıq heç kimin ağlından keçmirdi. İnsanların bu davranışlarını görüb yeri olmasa belə, bəzən onlara haqq qazandırmağa çalışırdım: bəlkə yorğundurlar, yol da çox uzundur... Yolların təmir olunmadığı vaxtları isə heç xatırlamaq istəmirəm...
Düzü, son illər daha çox metro ilə hərəkət etdiyimdən həmin mənzərələr də gözümün qarşısından çəkilib getmişdi. Son günlər marşrutlardan daha çox istifadə etməyə başladığımdan eyni vəziyyəti görüncə, bu istiqamətdə düşüncə və davranışların məzmununun qətiyyən dəyişməməsinə əlimdən acımaqdan başqa heç nə gəlmir. Oxşar mənzərəni daha çox "Bakubus” avtobuslarının son dayanacaqlarında müşahidə edirəm. 1, 6 və 125 saylı marşrutlara bəzən elə bilirəm ki, "eyni” qəbildən insanlar minir. Bu avtobusların pəncərəsi açıq olmasa belə, "kreativ” düşüncə burada da işə yarayır. Bəzi sərnişinlər bunun da çarəsini tapıblar. Başqa sərnişinləri əzib keçməyə hazır olanlar (qadınları xüsusi vurğulayıram) salona minən kimi özlərinə oturacaqda yer etməmiş, bir-iki yeri onlarla bərabər "yarışdan” qalib çıxmayan dost-tanışları üçün eyni üsul ilə zəbt edir və heç utanıb çəkinmədən "zanitdir” deyirlər. Gözlədikləri adam gəlməmiş oturacaqlara qoyduqları sumka və s. əşyaları nəinki götürür, hətta şikəst, əli uşaqlı və ya ahıl adam gəlsə belə, yaxın buraxmırlar. Əlbəttə, belə məqamda hər hansı əsəbi bir sərnişinlə hər cür dava və ya mərəkənin baş verə biləcəyi ehtimalı da az deyil. Ancaq digər sərnişinlər hüquqları pozulsa belə, ya abırlarına sığınır, ya da bu mənzərəni elə "qayda” kimi qəbul edərək çarəni digər boş oturacaqlar üçün göz gəzdirməkdə və ya salonda bir küncə çəkilib kirimişcə durmaqda görürlər.
Bu cür mənzərələrlə qarşılaşınca gözümün qarşısına Ukraynada sovet dövründən bəri qorunan sərnişin növbələri gəlir. Aeroportdan şəhərə tərəf hərəkət edərkən bu ölkəyə səyahət edən hər bir şəxsin diqqətini çəkən ilk mənzərə bu olar: köhnə, yığcam sarı avtobuslara insanların gözlədiyi növbələr... Necə ki, bizimkilər "yer tutma” qaydasını pozmurlar, onlar da növbənin qızıl qaydalarını qoruyub saxlayıblar. Bir-birlərinə hörmət kimi, mədəniyyət, etik davranış kimi... Mən bu məsələdə ictimai nəqliyyatı saat dəqiqliyi ilə işləyən və insanlarının nizam gözlədiyi ölkələrdən misal çəkmək istəmirəm, ancaq bizə yaxın - Rusiya, Gürcüstan, Belarus, Türkiyə təcrübəsinə toxunmaya bilmirəm. Bu ölkələrin heç birində ictimai nəqliyyatdan istifadə edərkən bu cür "zəbt etmə” ilə rastlaşmaq mümkün deyil. Düzdür, özündən böyüklərə, qadınlara, əlillərə və s. yer vermək kimi yazılmamış qaydalara nadir rast gəlinir, ancaq oturacağı zəbt etmək heç kimin ağlından belə keçmir. Bizdəki bu "kreativlikdən” yalnız təəssüflə danışmaq olar...
Sərnişin-sürücü mədəniyyəti, ictimai nəqliyyatda davranış qaydaları haqqında çox yazılıb, çox deyilib. Səhv etmirəmsə, telekanalların bu mövzuda videoçarxları da nümayiş olunub. Sosial şəbəkələrdə bu sferada baş verən xoşagəlməz hadisələr də çox tirajlanıb. Görünən odur ki, yaxşılığa doğru heç bir dəyişiklik yoxdur. Bəlkə maarifləndirməni dərinləşdirməyə ehtiyac var?
Ürəyimdən keçir ki, Bakı Nəqliyyat Agentliyi və "Bakubus” rəhbərliyinə deyəm ki, nə olar, avtobuslarda "hörmətli sərnişinlər...” deyə söylənən qızın lent yazısına "oturacaqları başqaları üçün əşyalarla zəbt etmək qadağandır” sözlərini də əlavə etsinlər. Mən özüm o yerdə oturmasam belə, hər şey bir yana - qaydalar da, bir-birinə hörmət də... sadəcə kənardan çox pis, hətta deyərdim iyrənc görünür...
Təranə Məhərrəmova
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər