Oteldə intihar

Oteldə intihar

Kriminal
04 Oktyabr 2012, 13:56 1309
Ötən gecə respublikamızda intihar faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən «Kaspi»yə verilən məlumata görə, hadisə Bakının Səbail rayonu ərazisində baş verib. Paytaxt sakini 21 yaşlı Vəfa Əliyeva “Landmark” otelinin 20-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Hadisədən sonra əraziyə Səbail rayon Polis İdarəsi və prokurorluğunu əməkdaşları gəlib. Meyit ilkin olaraq xarici müayinədən keçirilib. Daha sonra isə Vəfa Əliyevanın meyiti ətraflı müayinədən keçirilməsi və ölüm səbəbinin müəyyən edilməsi üçün Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Səbail rayon şöbəsinə aparılıb.
Restoranın işçilərinin sözlərinə görə, Vəfa Əliyeva dünən təxminən saat 17.00 radələrində obyektə müştəri kimi daxil olub. Hadisə şahidləri iddia edir ki, mərhum xanım orada bir qədər spirtli içki qəbul edib və hesabı da vaxtında ödəyib. Bir saniyə içində restoran işçilərinin gözlərindən yayınan Vəfa Əliyeva oturduğu masadan qalxaraq pəncərəyə yaxınlaşıb və özünü aşağı tullayıb. Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb və istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, hadisə yerindən mərhumun məktubu tapılıb. Məktubda Vəfa Əliyeva özünü öldürdüyü üçün ailəsindən üzr istəyib və bağışlanılmasını istəyib. Müstəntiq bildirib ki, Vəfa Əliyeva restoranda heç bir qida qəbul etməyib. O, həddindən artıq spirtli içki içib.