• cümə, 29 Mart, 18:20
  • Baku Bakı 14°C

"Sevgi yaradan tərəfindən insanlara bəxş olunan bir hissdir”

28.07.16 11:48 2608
"Sevgi yaradan tərəfindən insanlara bəxş olunan bir hissdir”
Dünən Beynəlxalq Mətbuat Mərkəzində "ENES.F production”ın növbəti layihəsi olan "Burulğan” filminin treyleri mətbuat nümayəndələrinə təqdim olundu. Filmin rejissoru və ssenari müəllifi Sevinc Səfərova konfransdan sonra "Kaspi”nin suallarını cavablandırdı.
Məlumat üçün bildirək ki, müsahibimiz "ENES.F production”ın rəhbəridir. 2009-cu ildən fəaliyyətə başlayan bu şirkət bir çox layihələrə imza atıb.
S.Səfərova ölkəmizi beynəlxalq aləmdə təmsil etməkdə qərarlıdır. O, Nyu-York Film Akademiyasında təhsil alıb və rejissorluq üzrə öz biliklərini artırıb. 2012-ci ildə ATV telekanalında yayımlanan "Şərq ulduzu” layihəsini həyata keçirib. Filmlərə gəlincə, S.Səfərova "Qatillə görüş”, "Ruhun səsi”, "Kömək edin”, "Nə idi o günlər?” kimi filmlərin rejissorudur. Sözügedən filmlərin ssenari müəllifi də məhz S.Səfərovanın özüdür.

- Sevinc xanım, necə oldu ki, məhz bu mövzuya müraciət etməyə qərar verdiniz?

- Bildiyiniz kimi, bu il Multikulturalizm ilidir. Film çəkərkən bu nüansı diqqətimdə saxladım. Bundan başqa, Azərbaycan tolerant ölkə olduğu üçün, ölkəmizdə müxtəlif etnik qruplar yaşadığını nəzərə alaraq, belə bir film çəkdik. "Burulğan” beynəlxalq xarakterli bir film olacaq. Filmdə müsəlman və xristian sevgisi əsas xətlərdən biridir. Sevgi Yaradan tərəfindən insanlara bəxş olunan elə bir hissdir ki, dinindən asılı olmayaraq, insanlar xoşbəxt olmaq üçün hər vasitəyə əl atırlar. Biz bu film vasitəsi ilə Azərbaycan gəncinin, vətəndaşının nə qədər şərəfli və ləyaqətli olduğunu göstərmək istədik. Doğrudan da bizim xalqımız çox vicdanlı və şərəfli xalqdır. Mən məhz bu film vasitəsi ilə xalqımızın bu mənəvi dəyərini bütün dünyaya çatdırmaq istədim. Bilirsiniz ki, hazırda dünyanın müxtəlif yerlərində terror hadisələri, çaxnaşmalar baş alıb gedir. Bizim filmlərdə müharibə səhnələri də yer alıb. Belə ki, Xocalı hadisəsi, Qarabağda baş verən hadisələri əks etdirən kadrları göstərməyə çalışmışıq. Filmdə müharibənin gətirdiyi bəlaları göstərmişik. Cəsədlər içində uşağın necə tək qaldığını, onun acizliyini göstərmişik. Bu filmlə həm də dünyaya müharibənin əleyhinə olduğumuzu bəyan etmişik. İstəyirik ki, valideynlərimiz, uşaqlarımız ailəsiz – ana balasız, uşaq anasız qalmasın. "Burulğan” filmi özündə müharibə, döyüş, sevgi və intiqam kimi süjet xətlərini birləşdirir.
Qeyd edim ki, film çəkilişi zamanı çox yüksək texnika və kameralardan istifadə olunacaq və filmin müəyyən hissəsi xaricdə lentə alınacaq. Mən xalq olaraq mübarizənin təkcə silahla aparılmasının əleyhinəyəm. Azərbaycan xalqı olaraq mübarizəni təkcə silahla döyüşərək deyil, eyni zamanda, mədəniyyətimiz, musiqimiz, idmanımız, filmlərimizlə aparmalıyıq. "Burulğan” bədii filminin ssenarisini də elə bu məqsədlə qələmə aldıq. Bədii filmin ssenarisi daxilində müharibənin günahsız körpələrə, qadınlara, qocalara, bir sözlə, insanlığa verdiyi fəsadları göstərmək və Azərbaycan xalqının dinlərə hörmətlə yanaşan tolerant bir xalq olduğunu vurğulamaq, dinindən, irqindən asılı olmayaraq, azad sevgini, öz mədəniyyətimizi və Azərbaycan xalqının mərdliyini geniş şəkildə dünyaya göstərərək səsimizi film vasitəsi ilə dünyaya duyurmağı qarşımıza məqsəd qoymuşuq.

- "Burulğan” filminin çəkiliş prosesi haralarda baş tutacaq? Bildiyimizə görə, qəhrəmanlardan biri əcnəbidir.

- Filmin çəkiliş prosesi müxtəlif ölkələrdə olacaq. Belə ki, çəkiliş prosesləri Hollivudda, İtaliyada baş tutacaq. Əcnəbi aktrisamıza gəlincə isə Natalya Nikitina ilə Ukraynada tanış olmuşuq. Mən orada "Maska” adlı aktyorluq akademiyasında ustad dərslərini keçməyə getmişdim, orada Natalyanı görüb bəyəndim. Filmdəki əsas qəhrəmanımızın həyat yoldaşı obrazını canlandırmağını təklif etdim. Natalya məni yaxşı tanıdığı üçün bu təklifi qəbul etdi.
- Siz həm də yazarsınız. İstərdik son işlərinizdən danışasınız.

- Sonuncu dəfə "Günah” adlı romanımı hazırladım. Bu romanım tamaşaçılara Xalq yazıçımız Çingiz Abdullayev tərəfindən təqdim olundu. Təqdimata Türkiyənin tanınmış rejissoru Ünal Küpəli gəlmişdi. Bundan əlavə, tədbirdə Türkiyədən, Rusiyadan, İrandan təşrif buyurmuş tanınmış insanlar da var idi. Bu əsərlə bağlı biz artıq xarici qurumlara da müraciət etmişik. Belə ki, "Burulğan” filmindən sonra "Günah” əsəri üzərində çalışacağam. Bu əsəri "Oskar” mükafatı üçün hazırlayıram. Nəhayət ki, biz də "Oskar” film müsabiqəsində öz layiqli yerimizi tutacağıq.

- Yəni biz o günü görə biləcəyikmi?

- Bu günə qədər üzərimə götürdüyüm hər bir layihəni yüksək səviyyədə həyata keçirmişəm. 2010-cu ildə "Zirvə” adlı layihə həyata keçirdim. Bundan əlavə, uşaq evlərində böyük layihələrlə çıxışlarım oldu. 2009-cu ildə vətənpərvər ruhlu "Xəzər” qrupunu yaratdım. Bu qrupla bir çox dövlət konsertlərində vətənpərvər musiqilərlə çıxışlar edirdik. Vətənpərvər ruhda çalışırıq, istəyirik ki, Azərbaycan hər bir yerdə tanınsın və bayrağımız dünyanın hər bir bölgəsində dalğalansın. Dünyanın hansı ölkəsinə gedirəmsə gedim, Azərbaycan bayrağını və xəritəsini özümlə gəzdirirəm. Getdiyim müxtəlif ölkələrdə ölkəmizi bacardığım qədər tanıtmışam. Kimsə mənim ölkəmi tanımayanda bu mənim pisimə gəlir.




Xəyalə Rəis

banner

Oxşar Xəbərlər