• çərşənbə axşamı, 23 aprel, 21:38
  • Baku Bakı 20°C

“Oskar” təqdimatında maraqlı anlar yaşandı - Fotolar

28.02.17 12:00 1070
“Oskar” təqdimatında maraqlı anlar yaşandı - Fotolar
Bütün dünyanın və eləcə də kinosevərlərin maraqla gözlədiyi gün gəlib çatdı. Belə ki, fevralın 26-sı tarixində 89-cu "Oskar” Akademiya Mükafatları ABŞ-da, Hollivuddakı "Dolby Theatre”-da öz sahiblərinə təqdim edildi. CimmiKimmelinaparıcılıq etdiyi gecədə121 namizəd bütün zamanların ən nüfuzlu mükafatına sahib olmaq üçün yarışdı. Bu il də təqdimat mərasimində maraqlı hadisələr baş verdi. Qırmızı xalıdan keçən kino cameəsinin ulduzları gecədə maraqlı anlar yaşayıblar.
Səhv düşən zərflər

Gecədə ən qalmaqallı məqamı "Ən yaxşı film” nominasiyasının açıqlanması zamanı baş verdi. Bütün dünyanın kino həvəskarlarının hakim kəsildiyi həmin anda anlaşılmaz məqamlar yaşandı. Səhnədə əvvəlcə "La La Land” filminin qalib olduğu bildirilsə də, ardınca yanlışlıq olduğu elan edildi. Sonda "Moonlight” filminin qalib olduğu açıqlandı. Sözügedən sensasiya xarici ölkələrin saytlarında əsas mədəniyyət xəbəri kimi qeyd edilməyə başladı və bu günə qədər həmin hadisə danışılır.

Belə ki, gecə Hollivudun əməkdar aktyorlarından Warren Beatty və Faye Dunawayın "İlin ən yaxşı film”i mükafatını açıqlaması ilə başladı. Beatty və Dunaway müküfatı "La La Land” filminin qazandığını anons etdilər. Sevinclərinin həddi-hüdudu olmayan yaradıcı heyət səhnəyə çıxdı və öz hisslərini bildirməyə başladılar. Dostları zaldan onları alqışlayırdılar. Filmin yaradıcı heyətində iştirak edənlərin hamısı tək-tək təşəkkür çıxışı etdi və həmin gözlənilməz an çatdı. Son olaraq söz filmin ssenari müəllifi olan Fred Bergerə gələndə, aparıcılar zərflərin qarışdığını və əslində mükafatın "La La Land”ın digər ssenari müəllifi olan Jordan Horowitzə çatacağını deyərək səhvlərini düzəltməyə çalışdılar. Horowitz isə səhnədə öz çıxışında belə bir açıqlama verdi: "Xeyr, xeyr bir yanlışlıq var. "Moonlight” ən yaxşı film nominasiyasında qalib oldu və bu mükafatı məhz bu filmin yaradıcı heyəti qazanıb... İnanın ki, mən zarafat etmirəm”. Sonra o, "Moonlight” filminin yaradıcı heyətini səhnəyə dəvət etdi.

Böyük xoşbəxtlik yaşayan və uzun müddət idi ki, bu günü gözləyən "La La Land” filminin yaradıcı heyəti isə təbii ki, pərt vəziyyətə düşdü. Amma sevincləri gözündə qalan kino aləminin ulduzları özlərini sındırmamağa çalışdılar. "La La Land” filminin yaradıcı heyəti səhnədən düşürülmədi. Elə oradaca "Moonlight” filminin yaradıcı heyəti səhnəyə çağırıldı və həqiqi qaliblər təbrik edildi.

Mükafatı sahiblərinə təqdim etmək üçün səhnəyə çıxan Warren Beatty və Faye Dunaway isə nə üçün belə bir səhv etdiklərini belə açıqladılar: "Bizə verilən zərfin içərisindəki kartda "Emma Stone – La La Land” yazılıb. Ona görə də biz səhv etdik”. Beatty əlavə edib ki, bu olay öncədən planlaşdırılmayıb: "Məhz bu səbəbə görə biz səhv etdik. Əslində biz səhnəyə çıxıb burada gülməli vəziyyətə düşmək istəməzdik. Sizdən artıq dərəcədə üzr istəyirik”. Onların bu çıxışları zalda əyləşənləri də heyrətləndirib.
Nikol Kidmanın qəribə alqışları

Dünya şöhrətli avstraliyalı aktrisa Nikol Kidman hər zamankı kimi, bu il də Oskar gecəsində hər kəsi ovsunlayıb. "Armani” markalı paltarı ilə hər kəsi özünə heyran edən Kidman diqqət mərkəzində olub. Ancaq bu dəfə gözəlliyi ilə deyil. 49 yaşlı Kidman alqışlayarkən kameralara yaxalanıb. Ancaq aktrisanın əllərinin "qəribə" görüntüsü sosial şəbəkəni biri-birinə qatıb. Sosial şəbəkə istifadəçiləri "Nikol Kidman niyə normal insan kimi alqışlamır" - deyə fotoya şərh veriblər.
Oskarda müsəlman davası
İlin "ən”lərinə gəlincə isə, proqnozların əksəriyyəti özünü doğrultmayıb. Bu ilin ən çox Oskar qazanan filmi isə Alfonso Kuaronun "Qravitasiya” filmi oldu. Həmin film ümumilikdə 7 Oskar aldı.

Ən yaxşı köməkçi kişi aktyoru mükafatını "Ay İşığı" ("Moonlight") filmiyləMaherşala Əliqazanıb. Beləcə, o,Oskar qazanan ilk müsəlman aktyor olub. Əlinin Oskar alması isə xristian ölkələrin aktyorlarını qəzəbləndirib. Dünya mediasında "müsəlman aktyor Oskar aldı” kimi başlıqlı yazılar yayılıb. Söz-söhbət hələ də səngimir.

Dünya mediasında bu il müsəlmanlara üstünlük verilməsi ilə bağlı da yazılar dərc olunmaqdadır. Belə ki, müsabiqədə "İlin ən yaxşı xarici filmi” nominasiyasında müsəlman Əskər Fərhadinin "Satıcı” filmi seçilib. Rejissorun hərəkəti isə amerikalıları qəzəbləndirib. O, ABŞ prezidenti Donald Tramp 7 ölkənin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyduğu üçün mərasimə qatılmayaraq, bu qərarı boykot edib.Onun göndərdiyi çıxış mətni kürsüdə səsləndirilib. Fərhadi məktubunda "Bu gün orada olmamağımın səbəbi öz ölkəmin insanlarına olan hörmətimdən qaynaqlanır. Trampın viza qadağası insanlığa sığmayan bir addımdır”, - deyib. Bu fikirlər isə birmənalı qarşılanmayıb.
İlin "ən”ləri kimlərə verildi?

13 nominasiyada namizəd olan "La La Land” filmi 6 mükafat qazanıb. Oskar mükafatlandırma gecəsində "Ən yaxşı qadın aktrisa” – Emma Stona ("La La Land”) seçilib. "Ən yaxşı kişi aktyor” nominasiyasında isə Casey Affleck ("Yaşamın sahilində”) mükafatlandırılıb. "Ən yaxşı rejissor” Damien Chazelle ("La La Land”) seçilib. "Ən yaxşı kino musiqisi” də "La La Land”dan seçilib. "Ən yaxşı sənədli filmi” "Ağ dəbilqələr" olub. "Ən orijinal ssenari” nominasiyasında "Dənizkənarında Mançester" seçilib. "Ən yaxşı animasiya filmi” - "Zveropolis”ə verilib. Ən yaxşı vizual effekt isə "Cuqli kitabı” olub.

Kinoprodüser və rejissor Fehruz Şamıyev bizimlə söhbətində Oskar mükafatlandırma gecəsini belə şərh etdi: "Builki Oskar mərasimi demək olar ki, Amerikada son vaxtlar baş verən siyasi yeniliklərin bir parçası oldu. Məsələn, "La La Land” filmi 13 nominasiyada mükafata namizəd idi. Bir çox mütəxəssislər bu filmin ən yaxşı film nominasiyasında qalib olacağını gözləyirdilər. Amma Akademiya üzvlərinin qərarı bu proqnozun doğru olmadığını göstərdi. Amerikadakı siyasi yeniliklərə, sürprizlərə Oskar mükafatını da əlavə etmək olar. Belə bir möhtəşəm mükafatın təqdimetmə mərasimində səhv etmək gözlənilməz idi. "Ən yaxşı film” mükafatı elan olunur və zərfi açılır. "La La Land” filminin heyəti səhnəyə çıxır. Hamı sevinc içində olarkən, məlum olur ki, ən yaxşı film o yox, "Moonligth” seçilib. Düşünürəm ki, "Moonlight” filminə mükafatın verilməsində məqsəd Amerikada qaradərili probleminin qabarmasıdır. O ki qaldı dünya kino bazarına təsir edən nominasiyalardan biri - "Xarici dildə ən yaxşı film”ə, düşünürəm ki bu nominasiya uğrunda yetərincə ciddi mübarizə gedirdi. Beşlikdə Əskər Fərhadinin filməndən başqa 5 filmin hamısı Avropa istehsalı idi. Mükafatı qazanan "Salesman” filminin rejissoru və aktyor heyəti ABŞ-ın yeni prezidentinin viza qərarına etiraz olaraq Oskar mərasiminə qatılmaqdan imtina etmişdilər. Üstəlik, yaddan çıxarmayaq ki, rejissor Əskər Fərhadi bir neçə il öncə "Nadir və Siminin boşanması” filmi ilə Oskar almışdı. Uzun müddət keçmədən ikinci dəfə Fərhadinin Oskar qazanması mənim üçün gözlənilməz idi. Amma "Salesman” filmi bu mükafata layiq idi. Mən Əskər Fərhadinin filmləri ilə tanışam. Düşünürəm ki, son illərdə kinoya gətirdiyi yeni estetika, üslub və həm də mövzuya yanaşma tərzi onu başqalarından yetərincə fərqləndirir”.

Hər il Oskar mükafatlandırılma gecəsi ilə bağlı yenilikləri izləyir və orada adı keçən filmləri seyr edirik. Həm də hər dəfə "kaş, bir dəfə də bizim filmimiz bu mükafata layiq görüləydi” - deyə düşünürük. Hər il Oskar mükafatlandırma gecəsi ilə bağlı yazanda, növbəti ildə filmimizi həmin müsabiqədə görmək arzusu ilə yazıma son verirdim. Amma illər ötdükcə, bu tip müsabiqələrdə siyasi maraqların daha çox üstünlük təşkil etdiyinin şahidi olduğum üçün yerli filmlərimizə sadəcə uğurlar, dünya miqyasında böyük tamaşaçı kütləsi arzu etməklə kifayətlənirəm.
Xəyalə Rəis












banner

Oxşar Xəbərlər