AZE | RUS | ENG |

“Oş – Türk dünyasının mədəniyyət paytaxtı”

“Oş – Türk dünyasının mədəniyyət paytaxtı”
Aprelin 20-də Qırğızıstanda "Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Azərbaycanı tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Açılış mərasimindən əvvəl Qırğızıstanın Oş şəhərinin meri Taalaybek Sarıbaşov şəhərin "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunması ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün buraya gələn xarici qonaqlarla görüşüb. Görüşdə türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb.
Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, Azərbaycanın mədəniyyət nazirinin müavini Rafiq Bayramov Türkiyə və Qazaxıstanın mədəniyyət nazirlərinin müavinləri Əhməd Xaluk Dursun və Eldos Ramazanov, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri Oşun "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbriklərini çatdırıblar.
Açılış mərasimində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov çıxış edərək ölkəsində yaşayan xalqları təbrik edib, qədim Oş şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasından qürur duyduğunu bildirib. Prezident bu qədim şəhərin tarixi abidələri və tanınmış şəxsiyyətləri haqqında danışıb. Dövlət başçısı deyib ki, bu bayrama Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Serbiya, Bosniya və Herseqovina, Makedoniya və digər ölkələrdən incəsənət ustaları qatılıblar.
Sonra çıxış edən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov bildirib ki, Oş şəhərinin üç min ildən artıq yaşı var və Böyük İpək Yolu üzərində yerləşdiyindən onun zəngin mədəniyyəti və ənənələri formalaşıb.
Mərasimdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, hökumətin və Joqorku Keneşin (parlament) üzvləri, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, UNESCO və İSESCO-nun yüksək səviyyəli təmsilçiləri, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistandan nümayəndə heyətləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sonda TÜRKSOY-un üzvü olan və digər ölkələrin incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı təqdim olunub.
 "Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində tədbirlər davam edib.
Sözügedən layihə çərçivəsində türk dövlətlərinin etnofestivalı keçirilib. Festivalda Oş vilayətinin bütün rayonları öz adət-ənənələrini, mətbəx nümunələrini, geyimlərini, musiqilərini təqdim ediblər. Qırğızıstanda məşhur olan "Manas”ın təbliğatçıları eposdan parçalar söyləyiblər. Həmçinin iştirakçı ölkələrin musiqiləri səsləndirilib.
Aprelin 21-də Oş Vilayət Dram Teatrında ssenarisinin müəllifi Kayrat İmanaliev, rejissoru Marat Kozukeev olan "Qorqud Ata” tamaşası nümayiş etdirilib.
Tamaşanın nümayişindən əvvəl "Dədə Qorqud, Qorqud Ata türkdilli xalqların əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən ozandır. Bu tamaşa Türkiyədə və Qazaxıstanda teatr festivallarında nümayiş etdirilib və mükafatlar qazanıb.- deyə vurğulanıb.
Daha sonra Sulayman-Too dağının ətrafındakı Alimbek Datka etnoqrafik kompleksində "Suleyman Too dağında türkdilli xalqların mədəniyyəti” adlı böyük mədəni tədbir keçirilib.
Tədbirdə türkdilli dövlətlərin milli geyimlərinin nümayişi, fotosərgi, rəsm çəkmək üzrə ustad dərsləri, suvenirlərin satışı təşkil olunub.
Həmçinin teatrlaşdırılmış səhnələr, iştirakçı ölkələrin milli rəqsləri və musiqiləri ifa edilib.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8962
GEL 1 1 Gürcüstan larisi 0.6199
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1648
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.6798
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.2805