• cümə, 19 Aprel, 17:24
  • Baku Bakı 25°C

Orxan Zeynalovu 20 ilədək, ya da ömürlük həbs cəzası gözləyir

18.06.14 17:10 977
Orxan Zeynalovu 20 ilədək, ya da ömürlük həbs cəzası gözləyir
“Orxan Zeynalova qarşı irəli sürülən ittihamlarla onu 8 ildən 20 ilədək, ya da ömürlük həbs cəzası gözləyir”. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Ulyana Solopova deyib.
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin qapalı keçirilən ilkin hazırlıq iclası barədə məlumat verən U. Solopova Orxan Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüldüyünü söyləyib: "Bu gün keçirilən hazırlıq iclası müttəhimə yeni təyin olunan vəkilin xahişi ilə təxirə salındı. Hazırlıq iclası sabah davam etdiriləcək. Bundan başqa, məhkəmə iclasında Orxan Zeynalov barəsində həbs-qəti imkan tədbirinin müddəti bu ilin noyabrın 30-dək uzadılıb".
“Orxan Zeynalovun yeni vəkili hazırda cinayət işi materialları ilə tanış olur”. Bunu isə APA-nın Moskva müxbirinə açıqlamasında Orxan Zeynalovun vəkili Viktor Anikuşkin bildirib: " Mənim Orxan Zeynalovun vəkili olmağımla bağlı müqavilə bir müddət əvvəl bitmişdi, yenidən mənimlə müqavilə bağladılar. Həm mən, həm də yeni vəkil Abbasmirzə Abdullayev Orxan Zeynalovun hüquqlarını müdafiə edəcəyik. Bu gün keçirilən hazırlıq iclasında yeni vəkil cinayət işi materialları ilə tanış olmaq üçün vaxt istədi. Hazırda yeni vəkillə birlikdə böyük həcmdə olan cinayət işi materialları ilə tanış oluruq”.
Qeyd edək ki, bu gün Moskva Şəhər Məhkəməsində Moskva sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Səhər saat 11:00-a təyin olunan iclası təxminən 1 saat gec başlayıb.
Rusiya mediasının məhkəməyə böyük marağı olub. Bütün federal və özəl televiziya kanalları, dövlət və özəl xəbər agentlikləri Orxan Zeynalovun məhkəməsini işıqlandırıblar. Məhkəmədə 30-dan çox media nümayəndəsi olub.
Məhkəmənin hazırlıq iclası yüksək təhlükəsizlik tədbirləri şəraitində keçirilib.
Jurnalistlərə yalnız Orxan Zeynalovun iclas zalında olan müttəhimlər üçün nəzərdə tutulan yerdə görüntüsünü çəkməyə icazə verilib. Orxan Zeynalovun məhkəmə zalına əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Jurnalistlər zala daxil olarkən belə nəzarətçilər xüsusi təlim görmüş iti zaldan çıxarmayıb.
Jurnalistlər zala daxil olan zaman zalda məhkəmə heyəti və vəkillər olmayıb. Zalda yalnız Orxan Zeynalov və nəzarətçilər olub.
Məhkəmənin mətbuat xidmətindən jurnalistlərə Orxan Zeynalova sual verməmək barədə xəbərdarlıq da olunub. Bildirilib ki, media nümayəndələri görüntü çəkib zalı tərk etməlidir.
Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və “skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.
banner

Oxşar Xəbərlər