• cümə axşamı, 28 mart, 19:04
  • Baku Bakı 13°C

Orxan Zeynalov məhkəmədə: “Mən heç kimi öldürməmişəm”

14.07.14 14:34 1135
Orxan Zeynalov məhkəmədə: “Mən heç kimi öldürməmişəm”
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, O. Zeynalov Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə ifadə verib.
O, ifadəsində Y. Şerbakovu qətlə yetirmədiyini söyləyib: "Mən heç kimi öldürməmişəm. Hadisə baş verən gün ümumiyyətlə Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim".
İlkin istintaqa verdiyi ifadənin əksinə danışan O. Zeynalov bildirib ki, saxlanılan zaman ona qarşı hüquq-mühafizə orqanları tərəfindən kobudluq olub: "Mən vəhşicəsinə döyülmüşəm. İstintaqa ifadə verən zaman isə özümdə olmamışam. Məni döyürdülər, ona görə də yanlış ifadə vermişəm".
Məhkəmə prosesi sabah davam etdiriləcək.
O. Zeynalovun vəkili Viktor Anikuşkin APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, O. Zeynalov məhkəmədəki ifadə ilə müdafiə tərəfinin işini çətinləşdirib: "Əlbəttə ki, biz onun mövqeyini müdafiə edəcəyik".
V. Anikuşkin onu da bildirib ki, sabah prosesdə müdafiə tərəfi məhkəmə-tibbi ekspertinin dindirilməsi vəsatəti ilə çıxış edəcək: "İstintaq materiallarında O. Zeynalovun Y. Şerbakova 20-yə yaxın zərbə endirdiyi bildirilib. Hadisənin baş verdiyi yerdə olan şahidlər isə Y. Şerbakovun üzü üztə asfalta yıxıldığını söyləyiblər. Biz müəyyənləşdirmək istəyirik ki, Şerbakovun üzündə və bədənində olan zədələr asfalta yıxılandan sonra meydana gəlib, yoxsa əvvəl...?!”
Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhedlər” Qərbi Birulyovo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhedlər” polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.
Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.
O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.
İstintaq orqanı tərəfindən O. Zeynalova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 -ci maddəsi (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) ilə ittiham irəli sürülüb. O. Zeynalovu 8 ildən 20 ilədək, ya da ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
banner

Oxşar Xəbərlər