• cümə axşamı, 28 mart, 14:08
  • Baku Bakı 16°C

Orxan Məmmədov: Agentliyin hədəfi sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevrilməkdir

02.07.18 09:30 2971
Orxan Məmmədov: Agentliyin hədəfi sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevrilməkdir
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədovun Trend-ə müsahibəsi:
-Ölkə Prezidentinin son fərmanı kiçik və orta biznesin inkişafı üçün hansı yeniliklər və perspektivlər açıb?
- Məlum olduğu kimi, ötən ilin dekabrında ölkə Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. İlk növbədə ölkəmizin biznes ictimaiyyətini bu münasibətlə təbrik etmək istərdim. Bunu Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq kiçik və orta sahibkarlığın inkişafına göstərilən qayğı və diqqətin göstəricisi kimi qiymətləndiririk.Bu il iyunun 26-da isə Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında növbəti fərman qəbul edildi.Bu Fərman Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqları əhatə edir.Mühüm məsələlərdən biri mərkəzi və yerli icra hakimiyyəti, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquq müəyyənedici sənədlərin vahid "G2B” (dövlət–biznes) elektron reyestrinin yaradılması ilə bağlı verilən tapşırıqdır. Yaradılacaq reyester bu qurumların göstərdikləri xidmətlərin ümumi sayının və istiqamətlərinin müəyyən edilməsi, xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsi üçün istifadə olunan informasiya sistemlərinin inteqrasiyasının təmin edilməsi ilə yanaşı, eyni məzmunlu xidmətlərin aşkar edilməsi və təkrarlılığın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi, xidmətlər üzrə təhlillərin, proqnozlaşdırmanın və monitorinqlərin aparılması, sahibkarların xidmətlər haqqında ətraflı məlumat əldəetmə imkanlarının və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək.Reyester yaradılanadək fərmanda öz əksini tapmış 35 qurumun 100-dən artıq xidmətinin KOB evləri vasitəsilə göstərilməsi nəzərdə tutulur.Bununla yanaşı, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub ki, bu da KOB-a dəstək tədbirlərinin ünvanlılığının artırılması, tənzimləmənin səmərəliliyinin yüksəldilməsi baxımından vacib addım olacaq.Fərman KOB-ların inkişafı üçün bir sıra yeni mexanizmlərin yaradılması istiqamətində vəzifələr müəyyən edir. Bu baxımdan, KOB subyektlərinin dövlət satınalmalarında iştirak payının artırılması və iştirak mexanizminin təkmilləşdirilməsi, KOB-un inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi, sahibkarların maraqlarının qorunması, KOB klasterlərinin yaradılması və fəaliyyətinin stimullaşdırılması ilə bağlı fərmanda müəyyən edilmiş konkret tapşırıqların icrası bu sektorun davamlı inkişafına əhəmiyyətli töhvə verəcək.
- Agentliyin əsas missiyası və fəaliyyət istiqamətləri nədən ibarət olacaq?
- Agentliyin fəaliyyəti kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin təşkilinə yönələcək. Bu tədbirlər, güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edəcək.Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlığın inkişafı qarşısındakı maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək. Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu çərçivədə sahibkarların bilik və bacarıqlarının inkişafına yönəlik bir sıra dəstək xarakterli tədbirlər, o cümlədən, təlim, konsaltinq və s. xidmətlərin təşkili sistemi yaradılacaq.Fəaliyyətimizin səmərəsi KOB-un inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, KOB-un iqtisadiyyatdakı rolunun artırılması və təbii ki bu öncül məqsədlərə nail olmaq üçün sahibkarların qurumun fəaliyyətindən olan gözləntilərinin doğrultma səviyyəsi ilə müəyyən ediləcək. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün işimizi aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və sahibkarların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində qurmaq niyyətindəyik.Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.
-Agentlik ölkədə KOB üzrə dövlət qurumlarının və özəl qurumların xidmətlərini əlaqələndirən səlahiyyətli qurum olaraq müəyyən edilib. Bunu hansı vasitə və mexanizmlərlə reallaşdıracaqsınız?
- Qeyd etmək lazımdır ki, Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – "Kiçik və Orta Biznes Evləri”ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini səlahiyyətli qurum kimi həyata keçirəcək. KOB evləri vasitəsilə, bir tərəfdən sahibkarların fəaliyyətini tənzimləyən dövlət qurumları ilə sıx əməkdaşlıq əsasında bu prosesin səmərəliliyi təhlil olunacaq, zəruri təkmilləşdirmə işləri aparılacaq, bütün prosedur və hüquq müəyyənedici sənədlərin verilməsinin "bir məkan” prinsipi əsasında təşkili həyata keçiriləcək, digər tərəfdən isə sahibkarlara dəstək tədbirləri (maliyyəyə çıxış, konsaltinq, təlim, hüquqi xidmətlər və s.) spektrinin təqdim edilməsi nəzərdə tutulur.
Bununla yanaşı qeyd etmək lazımdır ki, yeni Fərmanda KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında aidiyyatı dövlət qurumlarının nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması nəzərdə tutulub.Bu əlaqələndirmə funksiyaları KOB-un inkişafı siyasətinin səmərəliliyinin daha da artırılmasına öz müsbət təsirini göstərəcək.
- KOB evlərinin yaradılması ilə bağlı işlər necə gedir? İlk KOB evinin açılması nə vaxta planlaşdırılır?
- İlk KOB evinin yaradılması ilə bağlı Agentlik tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun sistemli tədbirlər həyata keçirilməkdədir. İlkin mərhələdə mümkün qısa vaxt ərzində ilk KOB evinin Bakı şəhərində yaradılması planlaşdırılır, növbəti mərhələdə isə fəaliyyət təcrübəsi təhlil olunaraq şəbəkə genişləndiriləcək.Qeyd etməliyəm ki, sonuncu fərmanla eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək "e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanıb.
- Kiçik və orta sahibkarlıq nümayəndələrinin bu gün qarşılaşdıqları əsas problemlər nələrdir?
- Qeyd etməliyəm ki, ötən illər ərzində Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl reallaşması və sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə yüksəlib. Təbii ki, bu, biznes mühitin əlverişliliyinin artırılması, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olub. Bununla yanaşı, davamlı inkişaf prioritetləri bu sahəyə yeni tələblər irəli sürüb. Agentliyin fəaliyyəti məhz bu tələblərin həyata keçməsi üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi, yenilərinin yaradılmasını həyata keçirəcək.Fəaliyyətimizin əsas istiqamətlərindən biri sahibkarlar qarşısındakı süni maneələrin müəyyənləşdirilməsi və bunların aradan qaldırılmasına yönəldiləcək.Təhlillər göstərir ki, biznesin səmərəli təşkili və davamlı inkişafı bir tərəfdən sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi ilə müəyyən edilirsə, digər tərəfdən sahibkarların yaradılmış biznes mühitdə öz fəaliyyətini düzgün təşkili ilə şərtlənir. Bu istiqamət də Agentlik tərəfindən təlim, konsaltinq və digər alətlərlə dəstəklənəcək.Ümumiyyətlə, Agentlik tərəfindən beynəlxalq təşkilatlarla əməkdaşlıq formatında sahibkarlıq mühitinin diaqnostikası metodologiyasının işlənməsi, mütəmadi olaraq bu metodologiya əsasında mühitin qiymətləndirilməsinə yönəlik sorğuların həyata keçirilməsi nəzərdə tutulur. Bu, bizim üçün fəaliyyətimizin dövlət siyasətinin tələblərinə əsasən qurulması ilə yanaşı, eyni zamanda sahibkar çagırışları əsasında səmərəli təşkili baxımından da önəmlidir.
- Fərmanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı müddəalar yer alıb. Bu modelin iqtisadiyyata töhfəsi nədən ibarət olacaq?
- Klasterlər kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığı eyni anda təmin edən bir modeldir. Klaster daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni klasterdə birlikdə hərəkət edirlər. Belə bir sistem çərçivəsində fəaliyyət göstərmələri kiçik və orta sahibkarlara rəqabət üstünlüyü qazandırır. Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır, araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir. Bu isə yeni məhsulların bazara çıxarılmasına, yeni şirkətlərin qurulmasına, məşğulluğun yüksəlməsinə, regionların inkişafına və infrastruktur xidmətlərinin təkmilləşməsinə səbəb olur.Klasterlərin formalaşdırılması ölkədə sənaye sahəsində yeni iş yerlərinin açılması, qeyri-neft sektorunda sənaye istehsalının genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması və regionların sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətlidir.Regionların daxili potensialı və təcrübələr də nəzərə alınaraq, hər bir regiona uyğun xüsusi klasterlərin qurulması, yeni məhsul və xidmətlərin daxili və xarici bazarlarda ən yaxşı şəkildə təqdim edilməsi, bununla da qeyri neft sektorunda istehsalın və ixracın artırılması istiqamətində mühüm addımların atılması prioritetlərimiz sırasında olacaq.
- Azərbaycanda KOS-un potensialını necə qiymətləndirirsiniz? Azərbaycan ÜDM-də onun payı nə qədər ola bilər?
- Bu potensial böyük və çoxsahəlidir, onun reallaşdırılması üzrə strateji yanaşma "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilib. Bu strategiyanın reallaşması konkret hədəf indikatorlarına hesablanıb və KOB sahəsində prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ilədək olan müddətdə kiçik və orta sahibkarlığın ÜDM-də payının 15 faizə çatdırılması, onun məşğulluqda payının 20 faizə qədər artırılması, ölkənin qeyri-neft ixracında isə payının 10 faizə çatdırılması proqnozlaşdırılır.2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış isə KOB subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılmasına, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsinə, KOB subyektlərinin ÜDM və məşğulluqda payının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır. Azərbaycanda 2025-ci ilədək olan dövr üzrə uzunmüddətli baxışın həyata keçirilməsi nəticəsində KOB-un ÜDM-də və məşğulluqda payının müvafiq olaraq 35 və 40 faizə, ölkənin qeyri-neft ixracında payının isə 25 faizə çatdırılması nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər