• cümə axşamı, 25 aprel, 03:31
  • Baku Bakı 19°C

«Orucluğun özəlliyi ondadır ki, insan haramdan uzaqda durur»

15.07.14 09:49 1720
«Orucluğun özəlliyi ondadır ki, insan haramdan uzaqda durur»
Dünyada heç həmsöhbət olmasan da özünəməxsus duruşu, xarakteriylə hər kəsin hörmətini qazanan adamlar var ki, əxlaq onlarda gözəldir, dostluq onlarda gözəldir. Kənardan baxanda o adamın dolu olduğu öz-özünü hiss elətdirir. Ruhunda, daxilində gizlənən insanlığın nuru üzünə vurur. Və sən onun ədəbinə büründüyünün hüzurunu yaşayırsan…
Bu dəfəki müsahibimiz də belə adamlardan biri, araşdırmaçı jurnalist Rəsul bəy Mirhəşimlidir. Mübarək Ramazan ayında bizi narahat edən suallara cavab tapmaq üçün üzümüzü ona tuturuq:
- Ramazan ayınız mübarək olsun. Yəqin ki, oruc tutursuz. Orucun bilmədiyimiz fəzilətləri nələrdir?
- Sizin və bütün oxucularınızın Ramazan ayı mübarək olsun! Allah bu ayın bərəkətini millətimizə və dövlətimizə daim etsin! Oruc tutmaq Allahın əmridi. Mən də bu əmri gücümün yetdiyi qədər yerinə yetirməyə çalışıram. Tutduğum orucun həqiqi oruc olduğunu Allahdan başqası bilməz. Bunun üçün də duamda, orucu tutduğum kimi deyil, niyyətimdə olduğu kimi qəbul etməsini diləyirəm Rəbbimdən.
Orucun fəzilətini nə qədər bilmək istəsək belə, bilmədiklərimiz bildiklərimizdən çoxdu. İlahi süfrədə müsafirik, bitməz-tükənməz bərəkətin şahidləriyik. İbadətimizin mükafatını da yalnız Allahdan diləyirik. Orucun ibadət olaraq, ən gözəl tərəfi onu göstərə biləcək bir ibadətin olmamısıdır. Namaz qıldığını, həccə getdiyini, zəkat verdiyini kimsə görər, bilər, amma oruclu olduğunu Allahdan gözəl kimsə bilməz. Allah bizə haramdan uzaq durmağı əmr edir. Orucluğun özəlliyi isə ondadır ki, insan günün bəlli zamanı haramdan uzaqda durur. Nəfsinə hakim olmağa çalışır. Qulağını pis söz eşitməkdən qoruyur, gözünü haramdan qoruyur, əlini harama uzatmır, ayağı haram dalınca getmir, dilini xoş olmayan sözlərdən qorumağa çalışır. Orucu bu tərtiblə tutanlar xoşbəxt müsəlmanlardır.
-İslam bölünürmü? Bir tərəfdə terrorçular “Allahu Əkbər” sədalarıyla baş kəsir, digər tərəfdə insanlar Allah rızası üçün oruc tutur, namaz qılır...
-İslam bölünmür, bölünən müsəlmanlardı. Nə yazıq ki, Yaxın Şərqdə müsəlman dünyası atəş səsləri ilə yatıb-qalxır. Bu gərəksiz savaş xəbərlərini hər gün eşidirik. Təəssüf ki, o ərazilərdiki müsəlmanların bir hissəsi hansısa güclərin əlində alətə çevrilib. “Bütün möminlər həqiqətən qardaşdırlar” hikmətini heçə sayıb, müsəlman qardaşlarının qanını tökür. Bu ağılsız savaşın adını isə cihad qoyublar. Can verib, can almaq hökmü yalnız Allahındır. Allahın can almaq hökmünə müdaxilə edən müsəlman bu qəddarlığın adına “cihad” deyirsə, yazıqlar olsun...
-Azərbaycanda İslamın bu gününü necə görürsünüz?
- Azərbaycan özünün İslam ənənəsi olan ölkədir. Xalqımız İslam mədəniyyətini yaşadan xalqdır. Hər yerdə olduğu kimi, biz də problemlərdən xali deyilik. İnşallah, hər şey öz axarı ilə davam edəcək.
-Geniş məfhumdur, amma bu mövzuya da toxunmadan olmaz. Din təriqətlərə bölünməlidirmi? Ən azından sünni-şiə davası nə dərəcədə düzgündür?
- İslama görə, təriqət fərqli anlayışdır. Təsəvvüf fəlsəfəsinin terminidi təriqət. Siz yəqin məzhəblərə bölünməyi nəzərdə tutursunuz. Məzhəb İslamın müxtəlif düşüncələrdə bir araya gələ bilməsinin gözəlliyini göstərir. Müxtəliflik olmazsa, inkişaf da olmaz. Azərbaycan uzun əsrlərdir ki, sünni və şiə məzhəbinin nümayəndələrini bir arada rahat yaşaya bilməyinin örnəyini yaşayır. Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə iman gətirib, Əhli-Beyt (ə) sevgisini nümayiş etdirir. Təsadüfi deyil ki, Abbasilərin zülmündən Azərbaycana sığınan nə qədər Əhli-Beyt (ə) imamzadələrinin nümayəndələri yaşayıb bizim məmləkətdə. Məzhəbdə olmaq normal haldır. Bəyəniləsi mümkün olmayan məzhəbçilikdir. Özünün bildiyini haqlı saymaq, başqalarını haqsız çıxarmağa çalışmaq bəyəniləsi hal deyil. Azərbaycan məzhəb savaşını yaşamayıb, inşallah, bundan sonra da yaşamaz.
-Din əxlaqına görə yaşamaqmı, yoxsa tərbiyəyə görə davranmaqmı? hansı...?
- Din əxlaqı ilə yaşamaq elə tərbiyəli olmaqdır. Əxlaq insanın xilqətindədir. Kimsə o əxlaqı gözəlləşdirir, kimlərsə o əxlaqın üzərinə xoş olmayan əməlləri ilə kölgə salır. Allahın fitrətimizdə yaratdığı əxlaqla ömür sürməkdən gözəl nə ola bilər ki?..
-Nəyə görə bizdə Qurban bayramı, Ramazan bayramı və ümumiyyətlə, bütün dini bayramlar İranla eyni günə təyin olunur?
- Bizdə dini bayramları QMİ-nin Qazilər Şurasının fətvaları təyin edir. Bu fətvalara uyan müsəlmanlar var, uymayanlar var. Təki insanlar bayramları firavan və könülxoşluğu ilə qeyd eləsin. Yerdə qalan məsələlər xırda mübahisələrdir, keçər, inşallah!
-İfrat dindarlıqmı, mükəmməl sənətkarlıqmı, yaradıcılıqmı...
- Allah bizi orta ümmət kimi görmək istəyir. İfratçılıq bəzən yersiz mübahisələrə yol açır. Mükəmməl sənətkarlıq, yaradıcılıq, əlbəttə, gözəldir. Amma bu gözəlliyi imanla da bəzəyə bilsək, daha möhtəşəm olar.
-Azərbaycan qadını başörtüsüylə gəzirdi, amma bunun adı hicab deyildi. Əxlaqı İslam əxlaqıydı amma dindar deyildi. Bəs necə oldu ki, İslamın buyurduqlarıyla yaşamağı bir kənara buraxıb, onun ədəbinə deyil də "şou"suna qapıldıq? Nədir bu oruclu kimi görünmək sevdası? Bu İslama yaraşırmı sizcə?
- İfadə olaraq, ola bilsin, nənələrimiz buna hicab demirdi, amma geyimləri hicaba uyğun idi. Hicabın hikməti bilirsiz nədi? Möminə xanım bu cür geyimlə cəmiyyətə mesaj verir ki, onun şəxsiyyəti cinsiyyətindən önəmlidi. İnsanlar onun bədəninə göz zilləyib qalmasınlar, insanlığına diqqət etsinlər. İslam dini Cənnəti qadının ayaqları altına sərən dindir. Hicablı xanım da Allahın ayələrini başı üzərində daşıyan müsəlman... Orucun hikməti barədə isə qısa da olsa, yuxarıda danışdım. Kimin özünü necə göstərməyindən asılı olmayaraq, ən yaxşı görən və bilən Allahdır!
Nigar İsfəndiyarqızı
banner

Oxşar Xəbərlər