• cümə, 19 Aprel, 07:35
  • Baku Bakı 13°C

Orucluğun mənəvi-əxlaqi, tərbiyəvi əhəmiyyəti

21.06.17 15:30 1526
Orucluğun mənəvi-əxlaqi, tərbiyəvi əhəmiyyəti
İnsan maddənin və mənanın vəhdətindən doğan bir gözəllikdir. Maddə və mən bir müvazinət içindədir. Amma çox vaxt bu müvazinəti maddənin xeyrinə pozuruq. Orucluq bu müvazinətin bərpası, yəni mənanın maddə ilə bərabər hala gəlməsi üçün çox gözəl fürsətdir, həm də Allah rızasına qovuşmağın rahat bir yoludur.
Orucu nələr batil edər?
Bu günlər hicri təqviminə görə, müqəddəs ramazan ayıdır. Dinimizin əsas şərtlərindən birini yerinə yetirmək-oruc tutmaq üçün bu müqəddəs ay seçilmişdir. Ona görə ki, islamın müqəddəs kitabı Quran ramazan ayında nazil olmuşdur. Və hər bir müsəlman ümmətinin bu ayın sayılı günlərində oruc tutması buyurulur. "Tozihil-məsail” (məsələlərin şərhi-2887 məsələ) kitabında yazılır ki, "oruc odur ki, insan Allah təbarəkə və təalanın əmrini yerinə yetirmək üçün sübh azanından məğrib azanına qədər orucu batil edən şeylərdən özünü saxlasın”. Həmin kitabın niyyət bölməsində deyilir: "Lazım deyildir insan orucun niyyətini qəlbindən keçirsin, ya misal üçün desin sabah oruc tuturam, bəlkə Allahın əmrini yerinə yetirmək üçün sübh azanından məğribə qədər namazı batil edən bir iş görməsə, kifayətdir, tamam bu müddətin oruc olmasını yəqin etmək üçün gərək sübh azanından əvvəl bir miqdar və ya bir miqdar da məğribdən sonra orucu batil edən işlərdən əl çəksin (məsələ-1550)”.
Orucluğun bu kimi müddəaları müsəlmanı bir amala xidmət etməyə səsləməklə bərabər, insanda sabah görəcəyi işin əvvəlcədən düzgün planlaşdırmasını tələb edir, fikir ayrılığını, məqsədyönlüyü tamamlayır. İslam tarixində göstərilir ki, 9 şey orucu batil edər. Birinci, yemək və içmək. İkinci, cima (qadınla yaxınlıq). Üçüncü, istimna. İstimna odur ki, insan özü ilə elə bir iş əmələ gətirər ki, ondan məni xaric ola. Dördüncü, Allaha, peyğəmbərə, canişinlərinə yalan demək. Beşinci, qatı tozun boğaza yetişməsi. Altıncı başı tamamilə suya batırmaq. Yeddinci sübh azanına kimi cənabətli, heyzli, nifaslı qalmaq. Səkkizinci, axıcı şeydən imalə eləmək, doqquzuncu, qusmaq. Orucu batil edən şeyləri öyrənərkən, belə qənaətə gəlirsən ki, Ramazan ayı insana lazım olduqda ac qalmaq, yalan danışmamaq, çirkabdan uzaq durmaq, insanı cənabətli, heyzli, nifaslı görmək kimi mənəvi-əxlaqi keyfiyyətlərin tərbiyə edilməsi üçün nə qədər böyük əhəmiyyətə malikdir.
Yetmiş savab yazılar, yetmiş günahdan keçilər
Orucu tutana təkruh olan şeyləri isə öyrənərkən, belə qənaətə gəlirsən ki, o şeylər ki, oruc tutana məkruhdur, məsələn, tütün iyləmək, bədəndə olan paltarın isladılması, ağzından qan gəlməyə səbəb olan bir işin görülməsi və s. insanın sağlamlığına xələl gətirən amillərdən uzaqlaşması üçün nə qədər böyük əhəmiyyət kəsb edir. İslam qanunçuluğuna görə, "Ramazan orucunun cəriməsi (kəffarə) vacib olan şəxs gərək sonrakı məsələdə deyilmiş olacaq göstərişinə əsasən iki ay oruc tutsun, ya altmış (60) kasıbı doydursun və ya hər birinə bir müdd ki, təxminən on sirdir (sir-750 qram) təam, yəni buğda, ya arpa və bu kimi şeylər versin və belə ki, ona mümkünü olmasa, bacardığı bir neçə müdd fəqirlərə təam versin və əgər verə bilməsə, töbə etsin, əgərki misal üçün bir dəfə " Əftəğfürül-ləhə” desin və vacib ehtiyat odur ki, hər vaxt bacara bilsə kəffarə versin”. Deməli, günahı olan adamların cəriməsi başqasına əl tutmaqla ölçülürsə (imkanı varsa), bu, imkansız adamların da yaşamına, varlıların kasıblara əl tutmasına və onların ehtiyaclarının ödəməsinə gətirib çıxarır ki, bu da indiki dövrdə daha çox əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Həzrəti Məhəmməd əleyhissəlamın söylədikləri hədislərin birində deyilir: "Müsəlman qardaşının ehtiyacını ödəmək məqsədilə yol gedən bir kimsənin hər addımına ondan ayrıldığı yerə dönüncəyə qədər, Allah-taala yetmiş savab yazar və yetmiş günahından keçər”.
Oruc qanunlarının valideyn-övlad münasibətlərinə təsiri
Oruc qanunları valideyn-övlad münasibətlərinə də ciddi təsir etməklə, övladın ata, ana və baba qarşısında məsuliyyətini artırır ki, bu da gənc nəslin böyüklərin məsləhətinə ehtiyac duyğusu olmasına gətirib çıxarır. Məsələn, övladın müstəhəbb oruc tutması, əgər ata, ana, ya babanın inciməsinə səbəb olacaqsa, icazə verilmir, hətta incimələrinə səbəb olmasa da, lakin onun müstəhəbb oruc tutmasının qarşısını alsalar, vacib ehtiyat odur ki, oruc tutmasın. Və yaxud, əgər oğul atadan icazəsiz müstəhəbb oruc tutursa və gün əsnasında ata onu nəhi etsə (icazə verməsə) gərək iftar eləsin (tutmasın). Orucu batil edən işlərdən insanı çəkindirən müstəhəbb vəziyyətləri öyrənərkən, Ramazan ayının nə qədər insan paklığı, saflığı, təmizliyi üçün əhəmiyyətli olduğunu dərk edirsən. Orucluqda gün ərzində yeməmək, içməmək, bir çox adət etdiyin işlərdən kənarda durmaq, insanda həm də müsbət əxlaqlı keyfiyyətlər olan dözüm, iradə və səbr tərbiyə edir.
Sağlığında Cənnətlə müjdələnən səhabələrdən biri, öz qəhrəmanlığı ilə tanınan, "Əminül-Ümmə” (ümmətin əmini) ləqəbi ilə məşhur olan Əbu Übeydə İbn Əl-Cərrah (onun şəcərəsi Hz. Rəsulullahın şəcərəsi ilə birləşir) ölümündən əvvəl belə vəsiyyət etmişdir: "Sizə bir vəsiyyətim var. Onu qəbul etsəniz, xeyli işlər görərsiniz. Orucunuzu tutun, sədəqənizi verin, bir-birinizə nəzarət edin, sizi idarə edənlərə qarşı itaətkar olun və onları aldatmayın. Dünya sizi aldatmasın. Bir insan min il də yaşasa, aqibəti birdir: Allah insanların alnına ölüm yazıb, ona görə hər kəs ölür. İnsanların ən ağıllısı Allaha ən çox ibadət edən, axirət üçün çox çalışandır. Hamınıza Allahın salam və rəhmətini, lütf və bərəkətini diləyirəm”.
Ramazan ayı ərəfəsində peyğəmbərimiz irad etmişdir ki, yoxsulların aclığını, susuzluğunu yada salın, kasıbların əlindən tutun, qocalara ehtiram göstərin, uşaqları əzizləyin, qohumlarınızla mehriban olun, dilinizi nalayiq söhbətlərdən, gözünüzü harama baxmaqdan, qulağınızı sizə yaraşmayan sözləri dinləməkdən çəkindirin.
Onun sevgisi sonsuz idi
Bir dəfə Həzrəti Peyğəmbərimiz əsasına dayanaraq qohum-əqrəbasının yanına gəldi. Hamı ayağa qalxdı. O, bu hərəkətdən razı qalmadı və nəsihət edərək bu sözləri söylədi: "Yadların bir-birinə təzim üçün elədiyini siz mənə qarşı etməyin və mənim üçün ayağa qalxmayın”. O rastlaşdığı adamların ona salam verməsini gözləmədən özü onlara birinci salam verərdi. "Aranızda salamlaşmağı yayın ki, bir-birinizi sevəsiniz” deyərdi. Sevimli zövcəsi Həzrəti Xədicənin iltifatından məmnun qalar və ona belə cavab verərdi: "Ya Xədicə, bu dünyada dörd şeydən heç xoşum gəlmir: qorxaqlıq, xəsislik, tənbəllik, bir də pintilik.” Sevgi, məhəbbət onun bütün varlığına hakim kəsilmiş, onu bürümüşdü. Ehtiyacı olan insan gördüyü zaman qəlbi sızlayar, özü və ailəsini bir tərəfə qoyub, ona əlindən gələn yardımı edərdi. Ona əl acanları geri çevirməz, evində, eşiyində olan-qalanı nə varsa, verərdi. Hətta özündə veriləcək bir şey olmayanda, borc alıb verərdi.
Haqqa köçdüyü zaman zirehi bir yəhudidə girov idi. Son dərəcə təvazökar idi. Xədəməsi ilə yemək yeyər, oturub söhbət edərdi. Evinə gələn qonaqlara özü xidmət edərdi. Hamını yaxşılıqla yad edərdi. Bəşəriyyətin ən çox mərhəmətə ehtiyacı olan sinfinə-yoxsullara və zavallılara qarşı qəlbi son dərəcə yumşaq idi. Onların sınıq könüllərini almağı ən böyük fəzilət hesab edərdi. Onun sevgisi sonsuz idi. Susuz bir köpəyə başmağı ilə quyudan su çəkib verən kəsə cənnətə gedəcəyini müjdələmişdi. Bir pişiyi ac qoyan qadının bundan ötrü əzab görəcəyini söyləmişdi. Susuz qalmış bir ağaca su tökən insana Allah-Təalanın mükafat verəcəyini xəbər vermişdi. Hər bir canlının sevgiyə möhtac olduğunu təkrar edərdi.
Məhəmməd Peyğəmbərimizin xarakterindən irəli gələn bu əxlaqi fəzilətlərin insanlarda formalaşmasında məhz orucluq da köməyə gəlir.
Bir sözlə, oruc insana böyük mənəvi təsir göstərir, bədənini və ruhunu zərərlərdən qoruyur, insanın güc və inamını artırır, qəlblərə rəhmət və iffət toxumları səpir, ünsiyyəti, ülfəti çoxaldır, münasibətləri mehribanlaşdırır. Eyni zamanda, oruc etiqadı gücləndirir, inamı artırır, əxlaqı gözəlləşdirir. Ən nəhayət, oruc insanın beynini, fikrini, niyyətini saflaşdırır. Bütün bunlar isə insanın mənəvi-əxlaqi tərbiyəsi üçün böyük əhəmiyyət kəsb edir.
Fizuli İbrahimzadə
Tarix üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər