• cümə axşamı, 25 aprel, 05:18
  • Baku Bakı 19°C

Oruc təkcə ibadət deyil…

24.07.13 08:57 2569
Oruc təkcə ibadət deyil…
O, bəşəriyyətin yaşamaq hüququnu qorumaq yolunda vacib bir faktdır... Hələ ki yer üzərində imanlı, dindar insanlar var, bizim planetimiz yaşayacaq və şeytanla insanın mübarizəsi davam edəcək. Orucluq həm də qara qüvvələrə qarşı mübarizədə (şeytanın dostları nəzərdə tutulur – R.Ə.) insanın ən vacib dayaq nöqtələrindən biridir.
Sonsuz qüdrət sahibi olan Tanrının yaratdıqları arasında insan şüura malik yeganə varlıqdır. Min illərdir ki, mövcud olan və nəsillərdən-nəsillərə ötürülən Qiyamət günü ilə bağlı fərziyyələr də məhz canlıların əşrəfi olan insan üçün nəzərdə tutulub. O gün bütün insanların həqiqəti açıqca görəcəkləri gündür. İlahi ədalətin zəfər çalacağı, cənnətlə cəhənnəmin aşkar olacağı o böyük günün həyəcanı ağıl-kamal sahibi olanların qəlbini bir anlıq da olsun tərk etmir. Qiyamət gününü inkar edənlər isə həmin gün həyatı boyunca düşünməkdən qaçdıqları axirət həqiqəti ilə qarşı-qarşıya qalacaqlar. Həyatı boyunca hisslərin diqtəsilə hərəkət etdikləri və Allahın rizasını düşünmədikləri üçün onlar sonsuz əzab ilə qarşılaşacaq, böyük peşmançılıq duyacaqlar. Bu vacib ideyanın üzərində bütün dinlərin mahiyyəti formalaşır.
Min illərdir ki, bizi xeyir işlər görməyə, Tanrının bəyənmədiyi əməllərdən qaçmağa, istənilən çətinlik qarşısında səbr, dözüm və mətanətlilik nümayiş etdirməyə vadar edən məhz ilahi ədalətə bəslədiyimiz ümidlər və Tanrı qarşısında hamının bərabər olması prinsipidir. Rəbbimizin hər şeyi ən gözəl və ən xeyirli şəkildə yaratdığını, bu dünyada verilən nemətlərlə insanın sadəcə sınandığını, əsl yurdun axirət olduğunu anlamaq yalnız adil insana xas xüsusiyyətdir.
Oruc ağıl və düşüncənin bizə əbəs yerə verilmədiyini bir daha xatırlamaq və dərk etmək üçün ən gözəl fürsətdir. Oruc nəfslə edilən bir cihaddır. Oruc iradəni qüvvətləndirər, insana cəhd etmək səyini və səbri öyrədər. Oruc insana nizam və intizam öyrədərək müəyyən bir vaxta qədər nəfsini cilovlamaq vərdişini qazandırar. Gün çıxandan gün batanadək yeməkdən, içməkdən imtina etmək, adi vaxtlarda həzz aldığımız nemətlərən qaçmaq, siqaret çəkmək, spirtli içki qəbul etmək kimi zərərli vərdişlərdən yayınmaq, cinsi əlaqədən çəkinmək o qədər də asan iş deyil.
Yer üzündə hər gün milyonlarla müsəlman axirətdə utanmamaqdan ötrü Tanrı qarşısında imtahan verir. Bu sınaqdan üzüağ çıxanlar da olur, çıxmayanlar da. Amma hər kəsin amalı birdir – özünə və Yaradana şüur və düşünmək qabiliyyətinin ona əbəs yerə verilmədiyini sübut etmək.
Ümumi mənada oruc tutmaq bəndənin Allaha olan sevgisini, Ona sadiqliyini, sonsuz qüdrət sahibinin rizası olmayan əməllərdən çəkindiyini göstərmək anlamına gəlir. Bu elə bir fürsətdir ki, onun vasitəsilə Allahın qoyduğu qanun-qaydalara nə dərəcədə riayət etdiyimiz üzə çıxır.
Bu sətirlərlə tanış olan oxucuda belə bir sual yarana bilər: “Bu cür çətin sınaqdan keçmək insana çoxmu vacibdir? Ümumiyyətlə bizim bu imtahandan necə çıxdığımızı bilmək Allah üçün vacibdirmi?”
Bəri başdan qeyd edim ki, nə bu sual, nə də ki, ona verilən cavab cəmiyyətdə heç də birmənalı qarşılanmır. Şəxsən mənim fikrimcə, insanın belə bir sınaqdan keçməsi mütləqdir. On bir ayın sultanı sayılan Ramazanda dünyanın bütün naz-nemətlərinə göz yumub, qəlbini yalnız Allah sevgisi üçün açıq elan edən, hər cür pis əməllərdən çəkinən, ehtiyac içində olanlara təmənnasız yardım edənlər Şeytanın Tanrının qullarının qəlbini hələ tam ələ almadığını, insanın qəzəb, şəhvət və tamahkarlıq kimi hisslərin quluna çevrilmədiyini sübut edirlər. Bəli, oruc, insanın şeytani hiss olan nəfs üzərində parlaq qələbəsidir. İnsan oğlunun yaradılış sirrindəki hikmət qulluq, qulluğun ilk şərti imandır. İmanın mərkəzi isə qəlbdir. İnsanın qəlbi iman üçün qoruyucu qala kimidir. Şeytansa həmin qalaya yol tapıb orada fəsad çıxarmağa çalışan azğın düşməndir. Oruc o qalanı düşməndən qorumaq üçün ən gözəl vasitədir. Oruc tutmaqla biz nəfsimizi tərbiyə edir, mənən saflaşırıq. Çünki orucda Allahın əmrlərinə itaət, qadağalarından çəkinmə vardır. Bitkin ibadətlə mənəviyyatın ali pilləsinə qalxmaq mümkündür. Kamilləşmək üçün nəfsimizi istəklərdən, şəhvətdən, vərdişlərdən məhrum edirik. Oruc sayəsində ruhumuz bədənimizə, ağlımız şəhvətimizə qalib gəlir və biz səmaya – mənəviyyata sarı ucalırıq. Ramazan orucu bizə möhkəm iradə, nəfslə mübarizə əzmi, səbir, ənənəvi həyat tərzinə üsyan şüuru aşılayır. Təmiz niyyətlə Allah rizası üçün tutulan oruc şeytanın qəlbimizi öz yuvasına çevriməsinə mane olur. Deməli, bizi haqq yolundan azdırmaq üçün daima fürsət axtaran şeytanı özümüzdən uzaqlaşdırırıq.
Əslində insanı yoldan çıxarmaq şeytan adlı mələyin ən sevimli işidir. Onu bu qədər məşhurlaşdıran, digər mələklərdən seçib-ayıran məhz insandır. Heç biz özümüz də şeytana müharibə elan etməmişik. Əksinə, onunla eyni həyatı paylaşır, dostluq edir, dərdləşir, yeri gələndə məsləhətləşirik də. Elə düşünməyin ki, şeytan Tanrının axirətimiz üçün deyil, bu dünya üçün çalışıb-vuruşan yeganə mələyidir. Xeyr əsla. Sadəcə olaraq, şeytan adlandırdığımız o mələk bəşər övladı dünyaya göz açdığı andan onun tərbiyəsi ilə məşğul olur, düzgün yolu axtarıb tapmaqda bizə yardım edir. Şeytanın şirin dilinə, dünyanın naz-nemətlərinə uymadan bir ay göz, ağız, qulaq, əl və ayaqla oruc tutmaq möhkəm iradə, güclü iman və dərin təfəkkür tələb edir. Oruc tutmaqla sanki şeytana meydan oxuyur, ona ağlımızın və nəfsimizin yeganə sahibi, sözümüzün və əməlimizin ağası olduğumuzu, öz hisslərimizi, istəklərimizi cilovlamağı bacardığımızı, Allah yolunda hər cür fədakarlığa hazır olduğumuzu sübut edirik. Orucla bağlı digər məqamlar, o cümlədən də onun tibbi baxımdan kəsb etdiyi əhəmiyyət dediklərimizin yanında heç nədir.
Allah istəyir ki, Ramazanda oruc tutmaqla ondakı hikmətləri başa düşüb, fürsətlərdən faydalanmaqla Rəhmanın qullarına çevrilək, təqva mərtəbəsinə ucalaq. İdeal müsəlman şəxsiyyəti modelini formalaşdırmaq – budur orucdakı əsas qayə, başlıca hikmət! Bu hikmətə gedən yol isə insan iradəsindən keçir. Bəli, bizi digər canlı məxluqlardan fərqləndirən də elə budur – Tanrının bəxş etdiyi səbr, dözüm və iradə!
Bu ayda insan əbəs yerə canlıların əşrəfi adlandırılmadığını, cisminin də, ruhunun da Yaradana aid olduğunu həm özünə, həm də bütün cahana sübut edir. Bu müqəddəs ayda onlar kapitalın quluna çevrilmiş kapitalistlərə xidmət etdiklərini belə unudurlar. Düzdür, bu, kapitalistləri heç də narahat etmir. Çünki onlar üçün Suriyadakı müharibə, Misirdəki çaxnaşma, Yaxın Şərqdəki müsibətlər imandan da, səbir, dözüm və iradədən də önəmlidir. Təəssüflər olsun ki, Qərbdə at oynadanların hətta qəlbində iman hissi, Allah sevgisi olan müsəlmanları belə zaman-zaman qadına, uşağa, qocaya aman verməyən qaniçən cəlladlara çevirdiklərinin şahidi oluruq. Vəziyyət o həddə çatıb ki, özünü müsəlman adlandıran o şəxslər Qahirənin Təhrir meydanında, yaxud da Suriya, İraq, Əfqanıstan məscidlərində ibadət etdikdən bir neçə saat sonra əllərinə silah alıb öz din qardaşlarının üzərinə şığıyırlar. Bu, necə din, necə imandır?! Necə insanlıq, necə müsəlmançılıqdır?! Təbii ki, baş verənlərin nə dinlə, nə imanla, nə İslamla heç bir əlaqəsi yoxdur. Bu, sadəcə, həmin “müsəlman”ların əcnəbi sahiblərinin istəkləridir. Onlar belə əmr edir, belə buyururlar. Məqsəd gün kimi aydındır – müsəlmanların hörmətə layiq olmadığını, İslamın heç də sülh, mərhəmət və barışıq dini olmadığını bütün dünyaya bəyan etmək. Bu məkrli əməllərini həyata keçirməkdə isə onlara İslamın əsl mahiyyətini dərk etmədən onun yolunda cihad elan edən avam “müsəlman”lar yardım edir. Təəssüf...
Bütün digər səmavi dinlər – yəhudilik və xristianlıqda (Allah anlayışı olmayan buddizm istisnadır) olduğu kimi İslamda da cənnət və cəhənnəm anlayışları xeyiri şərdən, dözümü səbirsizlikdən, yaxşını pisdən, mərhəməti laqeydlikdən ayırmağa xidmət edir.
Xeyir, səbir, mərhəmət kimi yüksək mənəvi keyfiyyətlər barəsində Yer üzünə göndərilmiş sonuncu din olan İslamın müqəddəs kitabı Qurani- Kərimdə geniş söhbət açılır. Amma yazıqlar olsun ki, bu gün bir çox dini ehkamlar məhv olmaq dərəcəsinə çatıb. Müsəlman dünyasının sosial-iqtisadi inkişafı tənəzzülə doğru irəliləyir. İslam həqiqətləri təhrif olunur, müsəlmanlar barəsində yanlış məlumatlar yayılır.
Gəlin, başını itirmiş, nə edəcəyini, hara və kimə üz tutacağını bilməyən, Kapital adlı iblisin tələsinə düşmüş, şüursuz şəkildə öz ölüm hökmlərinə imza atmış Yaxın Şərqdəkidin qardaşlarımıza heç olmasa dualarımızla kömək edək. Allah özü yardımçıları olsun!..
Yuxarıda iblis adlandırdığımız kapitala gəlincə, o, kimləri özünə yoldaş seçəcəyini çox gözəl bilir. Onun hədəfi yalnız mənəvi cəhətdən zəif və aciz olanlardır. Haram pul olan yerdə Şeytanın məsləhətləri olmadan keçimək mümkün deyil. Bunu hamı bilir. Amma yenə də Şeytana uyanlar öz nəfslərini cilovlaya, oğurluq, rüşvətxorluq, korrupsiya, silah və narkotik satışından əldə edilən sərvətdən vaz keçə bilmirlər. Onlar öz nəfslərinin quluna çevriliblər.
Bir çoxu elə güman edir ki, Tanrının mələyi olan Şeytanı bu dünyada məmnun edə bilsələr, o da axirətdə öz məsləkdaşlarının imdadına yetişər. Amma həmin insanlar dərk etmirlər ki, onlar düz yolda olsaydılar, Qiyamət gününün gəlişini uzadardılar...
Zənnimcə, Ramazan ayında oruc tutmaq insanların Yer üzündə yaşayışlarının qorunub saxlanması üçün kifayət qədər ciddi motivdir. Nə qədər ki, Allahın əmrlərinə tabe olanlar, Onun qoyduğu qayda-qanunlarla yaşayanlar var, biz və bizim yaşadığımız planet də mövcudluğunu itirməyəcək, həyatın bütün nemətlərindən yararlana biləcəyik.
Deməli, bu dünya ürəyində Allah sevgisi olan, təbiət və cəmiyyətlə dil tapmağı bacaran təmiz qəlbli, saf niyyətli, düz əməlli və sağlam düşüncəli insanların ümidinə qalıb. Cəmiyyətin hörmətinə, Tanrının mərhəmətinə layiq olanlar məhz o kəslərdir.
Buna görə də “oruc tut” deyildikdə konkret olaraq “Şeytanla mübarizəyə son vermə, ona təslim olma” nəzərdə tutulur. Bizin tutduğumuz oruc Şeytanı zəiflədir, acizləşdirir. Onun bəşər övladını məhv edib, əvəzində cismi insan, ruhu iblis olan məxluq yaratmaq cəhdləri böyük maneələrlə üzləşir, bəzi hallarda isə ümumiyyətlə puça çıxır.
Bəli, oruc tutan, eləcə də oruc tuta bilməyən, lakin sözün əsl mənasında iman sahibi olanlar Şeytana qarşı yürüşə çıxanlardır. Yolunuz açıq olsun! Tanrı özü bu çətin yolda sizə yardımçı olacaq. Çünki biz onun yaratdıqlarıyıq.
banner

Oxşar Xəbərlər