Ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov: “Diş implantı xərçəng yaratmır”
Hər kəs sağlam dişlər və gözəl
təbəssümə malik olmaq istəyir. Hər gün inkişaf edən stomatologiyada hazırda ən
çox tələbat olan sahə implantasiya ilə bağlıdır. Azərbaycan Tibb
Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasının müdiri, tibb üzrə
elmlər doktoru Nazim Pənahovla məhz implantlar haqqında danışmışıq.
Nazim Pənahovun sözlərinə görə, istənilən
implantasiyada əsas məqsəd bunun üzərində
düzəldiləcək ortopedik konstruksiyaya xidmətin təşkilindən ibarətdir: "Yəni,
implantasiya edildi – bu, öz yerində. Cərrahi iş bitdi. Amma əsas məsələ bu
dişi bərpa etməkdir. Ortoped-stomatoloqun nəzarəti olmadan edilən implantasiya
yaxşı sayıla bilməz. Müxtəlif kabinetlərdə aparılan implantasiyalardan fərqli
olaraq, bizdə cərrahla ortoped-stomatoloq birgə planlı şəkildə işləyir. Bizim
klinikada istənilən yeni növ avadanlıqlar, yetərincə mütəxəssislər var. Bu sahə
üzrə bizdə dissertasiyalar müdafiə edilir, işlər aparılır”.
-Nazim
müəllim, ümumiyyətlə diş implantı nədir?
-İtirilmiş dişlərin bərpasının
tarixi çox uzaq tarixə gedir. Arxeoloji qazıntılar zamanı Misirdə ehramlarda
aşkarlanmış çənə modellərində insanın itirilmiş dişlərinin yerinə qızıl
məftillərlə bərkidilmiş dişlərin olduğu görünürdü. Yəni, itirilən dişin
əvəzedilməsi problemi qədimdən mövcud olub. Demək olar ki, implant məsələsi
qədim dövrlərdən bu günədək aktuallığını itirməyib. XX əsrdən etibarən artıq
texnikanın və elmin inkişafı ilə əlaqədar olaraq, bu dişlərin birbaşa çənələrə
əkilməsi, salınması – implantasiya üsulları yaranıb. İmplantasiyanın əsasını 1965-ci ildə isveçli
alim İnqvar Branemark qoyub. Həmin vaxtdan bu sahə dayanmadan təkmilləşir. Bu
gün stomatologiyanı implantsız təsvir etmək çox çətindir. Bir itirilmiş dişin yerinə 2 saf dişi
yonduğumuz dövr artıq arxada qalıb. Bir diş itirilir və əgər insanın sağlamlığı
imkan verirsə, implantasiya üsulu ilə xəstəyə yeni diş qoyulur.
-Nə
vaxt implantat diş qoyulmasına qərar verilir?
-Əgər xəstədə dişi hansısa müalicə
ilə bərpa etmək, konservativ üsullarla saxlamaq mümkün olmursa, onda biz o dişi
çəkib yerinə implantasiya edə bilərik. Və yaxud, hər hansı bir səbəbdən diş
artıq çəkilibsə, yaxud travma nəticəsində itirilibsə, o zaman da biz yenə implantasiyaya
əl atırıq.
-İmplantasiya üçün tibbi göstəriş
olmadıqda, sadəcə xəstənin istəyi ilə etmək olmur? Yoxsa, müəyyən şərtlərin
ödənməsi mütləqdir?
-Hazırda bu sahədə çox irəliləyiş
olduğundan, əvvəlcədən planlama üsullarını tətbiq etməklə, xəstədə əks göstərişləri
istisna etdikdən sonra şüa diaqnostikası aparılır. Bu diaqnostikanı tətbiq
etməklə, insanda implantasiyanın mümkünlüyünü dəqiqləşdirmək olar.
-Belə
fikirlər də səslənir ki, guya diş implantatı sonradan insanda xərçəng yarada
bilir. Bu haqda nə deyə bilərsiniz?
-Əhali arasında belə bir qorxu
yaranıb ki, implantasiyanın sonradan xərçəngə çevrilmə ehtimalı var. Hər bir
qorxunun elmi əsası olmalıdır. Aparılmış tədqiqatlar göstərir ki, hələ indiyə
qədər implantasiya olunmuş insanlarda, implant olunmuş nahiyədə şiş əmələ
gəlməsi kimi bir hal qeydə alınmayıb. 100 adamdan bir neçəsində (1-2 faizində)
bu implantatın iltihablaşması və yerindən düşməsi halına rast gəlinə bilər.
Yəni, implantat ora uyğunlaşmaya bilər. Lakin indiyədək implantın xərçəng əmələ gətirməsi kimi bir hal qeydə alınmayıb. Bu,
əsassız bir qorxudur.Ümumiyyətlə, insanlar çox vaxt
əsassız olaraq nələrdənsə qorxurlar. Məsələn, ildə bir dəfə təyyarə qəzası
olur. Və insanlar mexaniki olaraq təyyarəni təhlükəli bir nəqliyyat kimi qələmə
verirlər. Halbuki, hər gün avtomobil qəzaları baş verir və insanlar həlak olur.
Buna baxmayaraq, heç kim avtomobildən vaz keçmir. Bizdəsə elmi cəhətdən
yoxlanılmış implantasiya aparılır. Yəni, xəstə hərtərəfli yoxlanılır sonra bu
addım atılır.
-Praktikanızda
ən maraqlı implantasiya hadisəsi hansı olub?
-İmplantat etdiyim çox xəstələrdən
təşəkkür və minnətdarlıq eşitməyə alışmışam. Amma bir xəstəmi heç unutmuram. 65
yaşlı bir kişi illərlə yuxarı və aşağı damağında protezlə yaşayıb. Lakin artıq
çənəsində atrofiya yarandığından, orada protez düzgün oturmurdu, xəstə yemək
zamanı çox çətinlik çəkirdi. Biz onu ətraflı müayinə etdikdən sonra aşağı
çənəsinə implant üstü fiksəedilən implant konstruksiyası hazırladıq. Mənim üçün
ən uğurlu saydığım implantasiyalarımdandır. O, 1 ay sonra mənə zəng edib təşəkkürünü
bildirdi və dedi ki, son 15 il ərzində ilk dəfədir ki, normal yemək yeyə bilir.
Bu cür təşəkkürlər işimin ən xoş tərəfləridir.