AZE | RUS | ENG |

“Ortodoksal teatr tənbəl aktyor nəsli yetişdirir”

“Ortodoksal teatr tənbəl aktyor nəsli yetişdirir”
"Poliqon” teatr platformasının və dOM teatrının müəllifi Tərlan Rəsulovla müsahibə.
 
-  Müasir teatrı necə görürsünüz?
 
-  İlk növbədə, teatrı canlı görmək istəyirəm. Teatr adamları adətən deyirlər ki, kino ölü sənətdir, teatr canlı. Hazırda teatr kinodan heç nə ilə fərqlənmir. İddia olunsa da ki, teatr canlıdır, biz səhnədə ölü sənəti görürük. 
 
-  A.Boal deyirdi ki, "Teatr gələcəyi, sadəcə, gözləmək əvəzinə bizə onu qurmağa kömək edə bilər”. Necə düşünürsünüz, teatr gələcəyi qurmağa kömək edə biləcəkmi? 
 
-  A.Boalın özü ictimai proseslərdə fəal iştirak edirdi. O, daha çox sosial teatrla məşğul idi. Sözsüz ki, Braziliyada yaradıcılıqla məşğul olan insanın yaşadığı mühitin, cəmiyyətin problemlərinə baş vurması normal idi. Lakin mən teatrın bu istiqaməti ilə maraqlanmıram. Düşünmürəm ki, teatrın funksiyası sosial həyatda dəyişiklik etməkdir. Belə bir stereotip düşüncə mövcuddur ki, teatr, kino, ümumiyyətlə, incəsənət ictimai-sosial, mənəvi problemlərin həllini, çıxış yollarını göstərməyə qadir olmalıdır.  
-  Mən elə bir düşüncəyə rast gəlməmişəm. Biz hər yerdə deyirik və eşidirik – teatr problem həll eləmir. 
-  Bəs, nə edir?
-  Sadəcə göstərir.
-  Məsələ sadəcə göstərməkdə də deyil, axı. Hansı teatr problemi göstərir və həllini demir?
-  Bütün ənənəvi teatrlar...
-  Biz teatrda həmişə suallara cavab axtarırıq. Mənim üçün isə incəsənət suallara cavab yox, sadəcə, sual verməlidir. Böyük mənada, sənəti cavab maraqlandırmır, o, sual verir və bununla da onun missiyası bitir. Cavab axtarmaq, analizlər aparmaq isə, biz tamaşaçı-istehlakçıların işidir. 
-  Azərbaycan teatrı bu gün sual verə bilir?
-  Çox çətinliklə. 
-  Bir müddət Yuğ Dövlət Teatrında direktor kimi çalışdınız və orada üç tamaşa qurdunuz. Daha əvvəl də British Council ilə çalışırdınız, səhv etmirəmsə. Bu, hansı ehtiyacdan yarandı?
-  2005-ci ildə Britaniya Şurasının Azərbaycan nümayəndəliyindən forum teatr tamaşası qurmaq təklif olunmuşdu, ilk dəfə interaktiv teatrla o zamanlar tanış oldum. Ona qədər Azərbaycanda interaktiv teatr haqqında geniş anlayış yox idi. İnteraktiv teatrın bir qolu olan forum teatrı haqqında məlumat topladım və bu yöndə bir sıra işlər gördüm – üç dəfə rejissor, bir dəfə prodüser kimi. Bu yaxınlarda da ADMİU-nun tələbələri ilə birlikdə bir iş gördük. Ümumiyyətlə, yaradıcılıq ehtiyacı heç vaxt şüurla dərk olunmur. 
-  "Poliqon” teatr platforması və dOM teatrı. İkisinin də yaradıcısısınız. Onların biri-birindən fərqi nədir və ayrılıqda hansı ideyaya söykənirlər? dOM nə deməkdir?
-  İngilis dilində "play” sözü var, həm pyes, həm oyun, həm tamaşa deməkdir. Söz oyunundan istifadə edərək "with out play” (oyunsuz) ifadəsinin baş hərflərini – WOP, götürüb, tərsinə çevirdik dOM alındı. "Poliqon” teatr platforması dOM teatrının layihələrindən biridir. "Poliqon” teatr platformasının adında da söz oyunundan istifadə eləmişəm. Məsələ burasındadır ki, poliqon ingilis dilində çoxşaxəli, çoxbucaqlı deməkdir. Bu platforma müxtəlif layihələrin həyata keçirilməsi üçün zəmin yaradır. Hələ ki, konkret məkanımız yoxdur, amma Teatr Xadimləri İttifaqında və Asmart Creative Hubda bizə müvəqqəti yer verilib. 
-  Söhbət konkret hansı layihələrdən gedir?
-  Yeni aktyor metodikasının yaradılması. 2016-cı ildə Tehranda keçirilən teatr konfransında mən bu haqda danışmışdım. Sonra hiss elədim ki, bu metodikanı formalaşdırmaq imkanı var. Nədən irəli gəlmişdi? Mən interaktiv teatr formaları ilə məşğul olarkən, peşəkar aktyorlarla iş prosesində ciddi problemlərlə üzləşdim. 
-  Hansı problemlə?
-  İnteraktiv teatr formatına uyğunlaşmamaq. Mən başa düşdüm ki, interaktiv teatr növlərində uğur əldə eləmək üçün hər şeyi sıfırdan başlamaq lazımdır, yəni peşəkar teatr təhsili olmayan, ənənəvi teatr vərdişlərindən uzaq adamlarla başlamaq lazımdır. 
-  İş prinsipini necə qurmusunuz, yəni hansı metodikayla işləyirsiniz. 
-  2016-cı ildə Brüsseldə keçirilən simpozium zamanı interaktiv teatr növlərinə həsr edilmiş seminarlardan birində əcnəbi mütəxəssislərə sual vermişdim. Sualım ondan ibarət idi ki, bu interaktiv tamaşaların ifasında yeni aktyor texnikasına ehtiyac olduğunu duyursunuzmu? Cavab olaraq, onlar da bunu təsdiqlədilər. Ona görə də belə bir metodikanın yaranması zamanı çatıb bu aktyor texnikasının yaradılmasını təmiz səhifədən başlamaq məqsədəuyğun olar. Yeni məşğələlər tərtib edilib və sınaqdan keçirilib. Bütün məşğələlərin keçirilməsində xüsusi şərtlər və qaydalar haırlanıb. Gənclərlə iş əvvəlcədən üç mərhələyə bölünüb. Birinci mərhələni yekunlaşdırmışıq, yekununda Sevinc Çılğının "Şağ” əsəri əsasında zaçot (məqbul) xarakterli bir oyun təhvil verdik. Hazırda ikinci mərhələdəyik. Ümid edirəm, tezliklə metodikamız tam formalaşmış biçimdə təqdim olunmağa hazır olacaq.  
-  Əslində, dünyada "spontan teatr” ideyası XX əsrin əvvəllərindən yaranmağa başlayıb. Y.Morenonun "Spontan teatr” adlı kitabı da bundan bəhs edir. Azərbaycanda ilk dəfə siz sınaqdan keçirdiniz.
-  Xeyr, mən spontan teatrla məşğul deyiləm. 
-  Siz spontan oyun texnikasıyla məşğulsunuz. Bunların fərqi nədir?
-  Etiraf edim ki, mən spontan oyun texnikasıyla məşğul olmağa başlayandan sonra Y.Morenonun sözügedən kitabından xəbər tutmuşam. Spontan teatr ayrı bir istiqamət kimi mövcud idi və indi də onun davamçıları fəaliyətdədir. Lakin spontan aktyor texnikası təkcə interaktiv teatrda çalışan aktyorlara deyil, hər kəsə səmərə verə bilər. 
-  Əslində, Moreno bu üsuldan terapiya məqsədilə istifadə edirdi. 
-  Moreno çox şeylə məşğul idi, onu şarlatan kimi, mistifikator kimi təqdim edənlər də var idi. O kitab haqqında Elçin (teatrşünas Elçin Cəfərov – red.) demişdi mənə, oxuyanda gördüm ki, orada qoyunlan müddəaların bir çoxu mənim fikirlərimlə üst-üstə düşür. Yəni, mən özümdən uydurmamışam. Düzdür, onun qeyd etdiyi bəzi məqamlarla razılaşmasam da, özüm üçün bir daha qət elədim ki, düzgün yoldayam. Nə ilə nəticələnəcək, bilmirəm. Vaxtilə Moreno özü də bu prosesdə dediyim həmin o problemlə üzləşdi və alınmadı. Yəni aktyor zamanla öz baqajını ştamplarla doldurur və onda spontan oyun anlayışının əsas xüsusiyyəti itib-batır, olur spontanlığın imitasiyası. Moreno ilə də məhz bu baş verdi və o, metodikasının tənəzzülə uğramaması üçün bunu tətbiqi sahəyə - psixoterapiyaya yönləndirdi. Z.Freydin ideyaları ilə birləşdirərək psixodrama adlanan bir cərəyan yaratdı. Psixodrama bu gün interaktiv teatrın bir forması olan pleybəkdə (playback) özünü göstərir. 
-  Bəs, siz əminsinizmi ki, Morenonun üzləşdiyi problemi dəf edə biləcəksiniz?
-  Biz heç nəyi öncədən təyin edə bilmərik. Mən bütün bunları bilərək bu yola çıxmışam. Hər halda, yaradıcılıqda mütləq həqiqət yoxdur, ola da bilməz. Yaradıcılıq cəhdlərdən və fərziyyələrdən doğulur. İşin içinə konkretlik girdisə, yaradıcılıq itir. 
-  Yəni əsaslandığınız konkret bir konsepsiya, ya metodika yoxdur?
-  Yox, Qrotovskidən, Morenodan, Vaqif müəllimdən faydalanaraq özüm yaradıram. 
-  Onlarda niyə alınmadı – səbəbini bilirsiniz? Sizin onlardan fərqiniz, yaxud üstünlüyünüz nədədir?
-  Məndə onlardan fərqli olaraq, onların qoyub getdiyi təcrübə var. Mən o təcrübəyə arxalanıram. 
-  Onların ilişib qaldığı məqamları bilirsiniz...
-  Bilirəm: insan faktoru. Məsələ budur ki, ortodoksal teatr (bizim avropatipli dediyimiz teatrı nəzərdə tutur – K.Ə-C.) çox tənbəl, amorf aktyor nəsli yetişdirir. Heç bir aktyor müəllif olmaq istəmir, hamısı hazır məhsulu gözləyir.
-  O məqam sizin üçün də gözləniləndirmi?
-  Bəli.
-  Bəs, həmin məqamda nə edəcəyinizi düşünmüsünüzmü?
-  Bəli, məşğələlər vasitəsilə o düşüncəni sındırmaq. 
-  Oxucular üçün bir az aydınlaşdıraq. Sizin metodikanızda aktyordan nə gözlənilir, yaxud aktyor kimdir?
-  Çox sayda aktyor metodikaları, təlimlər mövcuddur: A.Arto, K.S.Stanislavski, B.Brext, S.Adler, Y.Qrotovski və b. Ola bilsin, bu metodikalar bir-birindən fərqlənir, amma nəticədə nə baş verir? Prinsip etibarilə, aktyor oyununda elə bir fərq görünmür. Aktyor, ümumi mənada, mətni əzbərləyir, rejissorun cızdığı cığırdan kənara çıxmayaraq, özünün deyil, rejissor və ya dramaturqun timsalında müəllifin istəyini icra edir. Sonucda yenə də prinsip etibarilə hamısı səhnədə eyni formada oynayır. 
-  Bəs, sizdə?
-  Mənim metodikamda aktyor müəllifdir, Qrotovskinin arzuladığı "müqəddəs aktyor”dur, ondan, ilk növbədə, yaradıcı insan olmaq tələb olunur. 
-  Metodikanızda rejissor kimdir?
-  Rejissor aktyor adlanan kəsdən səhnə adlanan məkana çıxmağı tələb edən şəxs. Vəssalam. Musiqi, dekor, söz, mizan və s. vermədən. 
-  Deməli, rejissorun funksiyasını minimuma endirirsiniz. 
-  Bəli. Rejissor aktyora hazırlaşmaqda kömək edir, onun psixoloji hazırlığını təmin edir, tamaşa başlamazdan əvvəl şərtlər təklif edir: eynək, konfet və nəlbəki, tamaşanın adı, məsələn, "Hamlet”, buyurun. 
-  Belə çıxır ki, aktyor səhnədə nə istəsə edə bilər?
-  Bəli, bunun üçün o, yaradıcı şəxsiyyət olmalıdır, icraçı yox. Bu prosesdə iştirak edən qalan heyət isə, o cümlədən, rejissor, musiqi tərtibatçısı, işıq rəssamları və s. yalnız köməkçi, vasitəçi funksiyalarını yerinə yetirirlər. Rejissor bu prosesdə caz orkestrində dirijora bənzəyir. 
-  Bəs, sizin teatr metodikanızda, teatr anlayışınızda tamaşaçı kimdir?
-  Tamaşaçı "burada və indi” baş verən bütün prosesin birbaşa iştirakçısıdır. 
-  Bayaq teatrın canlılığından danışdınız, yəni məşq prosesini keçməkdən. Canlı deyirsinizsə, deməli, bu, yalnız bir dəfə oynanılır, ikinci dəfə baş verəcəksə, canlılığını ititrəcək. 
-  Bəli.
-  Bunu deyən və iddia edən adam "Limbo” tamaşasını artıq yeddi dəfə oynayıb. "Limbo”ya canlı teatr nümunəsi deyə bilərik?
-  Yarıcanlı. Amma orada aktyorlar üçün kifayət qədər azadlıq verilib. Ən vacib sual başqadır. Bizim aktyorlar bu azadlığa hazırdırlar, yaxud bu azadlığı istəyirlərmi? 
-  Belə anladım ki, hazır deyillər və istəmirlər.
-  Hamısının yerinə deyə bilmərəm. Amma daxilində bunu istəyənlər çoxdur, onlar da sonradan rejissuraya keçirlər. Bayaq dediyim tənbəl aktyor isə bu azadlığın ona nə verə biləcəyini anlamır, hətta buna qarşı müqavimət göstərir. 
-  Nəhayət, sonuncu sual. İnsanlar teatra niyə gəlsin? 
-  Müdriklik mənbəyi kimi? – Yox, hər kəs özünə görə müəyyən qədər müdrikdir. Əyləncə? – Yox, saysız-hesabsız əyləncə növləri mövcuddur. O insanlar ki, azca da olsa, içində yaradıcılıq istəyi var, onlar teatra gəlsin. Gəlsin ki, o sehrli ana – yaradıcılıq prosesinə bizimlə birlikdə qoşulsun. 
 
Söhbətləşdi: 
Könül Əliyeva-Cəfərova
teatrşünas
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157