AZE | RUS | ENG |

Ortaq türk tarixi dərsliyinin əhəmiyyəti nədir?

Ortaq türk tarixi dərsliyinin əhəmiyyəti nədir?
Ekspertlər bu məsələdə əsas rolu tarixçi alimlərin oynayacağını deyirlər

Bu günlərdə Təhsil Nazirliyi orta məktəblərdə yeni fənnin tədrisinin nəzərdə tutulması ilə bağlı məlumatlara aydınlıq gətirib. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdən, o cümlədən Azərbaycandan mütəxəssislər cəlb etməklə "Ortaq Türk Tarixi (XV əsrə qədər olan dövr)” adlı vəsait hazırlayıb: "Həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) tərəfindən təsdiqlənməlidir. Məzmun təsdiq edildiyi təqdirdə, fənnin ölkəmizin dövlət ümumtəhsil məktəblərində fakültativ məşğələ dərslərinin hesabına tədrisi nəzərdə tutula bilər". Nazirlikdən qeyd edilib ki, fənnin 8-ci sinifdə tədris ediləcəyi planlaşdırılır. 

Xatırladaq ki, Türkiyənin Milli Təhsil Nazirliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası gələn ildən orta məktəblərdə könüllülük əsasında ortaq türk tarixinin tədris ediləcəyini bildirib. Bəs görəsən belə bir dərsliyin hazırlanmasının əhəmiyyəti nədir? Bu dərslik hansı əsaslarla hazırlanacaq?
 
 

Təhsil eksperti Nadir İsrafilov deyir ki, ilk növbədə təhsil sistemləri bir-birinə uyğunlaşmalıdır: "Son zamanlar yazılı və elektron mediada bu haqda müxtəlif yazılar dərc olunur, fikirlər səsləndirilir. Hər şeydən əvvəl onu deyim ki, bu heç də yeni ideya və yeni məsələ deyil. Bildiyim budur ki, hələ bir neçə il bundan qabaq, daha dəqiq desək 2012-ci ilin mart ayında sabiq təhsil naziri Misir Mərdanov Azərbaycanda səfərdə olan Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı ümumi təhsil sahəsində əməkdaşlığın daha səmərəli təşkili üçün ortaq dərsliklərin hazırlanması məsələsinə diqqət çəkmiş, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini bildirmişdi. O vaxt ortaq dərslik ideyası söz xatirinə söz olaraq qalmışdı. Çünki bu yanaşma o zaman ciddi qəbul olunardı ki, ilk olaraq Türkiyə və Azərbaycan təhsil sistemlərinin yaxınlaşdırılması məsələsi gündəmə gətiriləydi. Sistemlərin yaxınlaşması dedikdə, ilk növbədə təhsil sisteminin Türkiyədə olduğu kimi, bizdə də 12 illik olması nəzərdə tutulur.  Digər tərəfdən orta təhsilin pillələrini Türkiyə ilə eyniləşdirməliyik. Həmçinin tədris planlarımızı və təhsil proqramlarımızı Türkiyə ilə maksimum bir-birinə yaxınlaşdırmalıyıq. Yalnız bu işlər görüldükdən sonra ortaq dərsliklər haqqında söhbət gedə bilərdi. Özü də "ortaq” ifadəsini bütün dərsliklərə yox, ancaq təbiət-riyaziyyat fənləri üzrə dərsliklərə şamil etmək olar. Digər dərsliklərinsə yalnız bir-birinə uyğunlaşdırılmasından danışa bilərik. Xatırladım ki, Türk Şurası təhsil nazirlərinin 2014-cü il noyabrın 22-də Türkiyənin Əskişəhir şəhərində keçirilən toplantısında üzv ölkələrin məktəblərində tədris olunacaq ortaq tarix kitablarının hazırlanması qərara alınıb. Kitabın yazılması üçün isə bütün üzv ölkələrdən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan ən yaxşı tarixçilər cəlb edilməklə komissiya yaradılıb. Kitabın yazılması təşəbbüsünü isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev irəli sürmüşdü. Qazaxıstanın paytaxtı Astanada "Ortaq türk tarixi” dərsliyi üzrə işçi qrupun iclasında isə dərsliyin yekun layihəsi qəbul olunub”.
 
Ekspert deyir ki, əvvəlcədən elmi-tədqiqat işləri aparılmalıdır: "Orta məktəblərin 8-ci sinif şagirdləri üçün hazırlanan dərslik XV əsrə qədərki dövrü əhatə edir və 7 əsas hissədən ibarətdir. İclasda tərəflər "Ortaq türk tarixi” dərsliyinin son layihəsi üzərində aparılan işlərdən razılıq ifadə ediblər. İşçi qrupun görüşünün nəticələrinə əsasən, iclasın qərar protokolu imzalanıb. Protokola görə, tərəflər dərslik layihəsinin 2018-ci ilin mart ayında Qırğızıstanda keçirilməsi nəzərdə tutulan TDƏŞ Dövlət Başçıları Şurasının 6-cı Zirvə toplantısında dövlət rəhbərlərinə təqdim edilməsi məsələsində razılığa gəliblər. Toplantıda prezidentlər tərəfindən təsdiqlənərsə, fənnin türk dövlətlərində tədrisinə başlanılacaq. Növbəti mərhələdə türk tarixinin XV əsrdən müasir zamana qədər olan dövrünü əhatə edəcək dərsliyin hazırlanması nəzərdə tutulur. Hətta belə qərara da gəlinib ki, əsasən 1500-cü illərə qədər olan ortaq tariximiz əvvəl könüllü, sonra məcburi şəkildə oxudulacaq. Eyni əməliyyat gələcəkdə coğrafiya və ədəbiyyat kitabları üçün də reallaşdırılacaq. Qərara əsasən bu kitablar Türk Akademiyası tərəfindən hazırlanacaq. Beləcə, uşaqlarımız ortaq tarix, coğrafiya və ədəbiyyatımızı birinci əldən tanıma fürsəti əldə edəcəklər. Təhsil Nazirliyinin mövqeyi isə belədir ki, həmin vəsaitin türkdilli ölkələrdə tətbiq edilməsi üçün onun məzmunu əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən təsdiqlənməlidir. "Ortaq tarix” ideyası reallaşdıralacağı halda, tariximizin və təhsilimizin nə qazanıb, nə itirəcəyini bəri başdan deyə bilmərəm. Bunu fundamental tədqiqatlarla məşğul olan tarixçilərimiz deməlidir”.
 
 

Təhsil eksperti Almaz Həsrət layihənin əhəmiyyətindən söz açdı: "Sözügedən məsələ indiki dövrdə çox önəmlidir. Əslində belə bir layihə çoxdan olmalı idi. Çünki bir kökə bağlı ölkələr  ortaq milli dəyərlərini özündə ehtiva edən məzmunu daim yazmalı və onları qorumalıdır ki, gələcək nəsillərə də ötürə bilsin. Ortaq türk dünyası tarixi ilə bağlı məsələnin gündəmə gəlməsi bu baxımdan çox təqdirəlayiq addımdır. Hətta bu məsələ bir qədər gecikib. Mən hesab edirəm ki, Azərbaycan və türk dünyasının tarixinin yaşadılması üçün ciddi işlər görülməlidir. Bu sahədə görülməli işlərdən biri də ortaq türk dünyası tarixinin dərsliklərə salınmasıdır. Bu işə müfəssəl tarixi biliklərə malik alimlər cəlb olunmalıdır. Orta məktəb dərsliklərində müxtəlif problemlərin olduğu aydındır. Təsadüfi seçilən şəxslər bu dərsliklərdə müəyyən qüsurlara yol veriblər. Yaxşı olardı ki, dərin tarixi biliklərə malik şəxslər bu tarix dərsliklərinin yazılmasına Azərbaycan tərəfindən cəlb olunsun. Tarix elə bir şeydir ki, necə yazılsa, elə də qalır. Hər hansı yanlış bir cümlə, bir söz tariximizə ləkə gətirə bilər. Ona görə də elə seçim edilməlidir ki, həmin şəxs Azərbaycan torpağına canı-qanı ilə bağlı olsun. Ortaq türk tarixinin yazılması həm də mükəmməl bilik tələb edir. Bu dərslik türkdilli ölkələrin ən dəyərli alimlərinin sayəsində ərsəyə gələcək və ortaq türk tarixi olacaq”.
 
Şəbnəm Mehdizadə


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176