• cümə axşamı, 25 aprel, 13:00
  • Baku Bakı 23°C

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

07.03.18 13:00 3603
Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri
Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir biri ilə yaxın münasibətdə olan şagirdlər arasında daha çox olur. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır. Bu işdə də əsas yük məktəblərdəki tibbi xidmətin üzərinə düşür. Bu yazımızda orta məktəblərdə olan tibb otaqlarının vəziyyətini, necə təchiz olunduğunu, orada çalışan tibb bacısının fəaliyyətinin nədən ibarət olduğunu öyrənməyə çalışdıq.
Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, həmin tibb məntəqələri uşaq yıxıldıqda və ya kəskin bir travma aldıqda ilkin yardımı göstərmək üçün məsuliyyət daşıyır: "Bütün uşaqların tibbi vərəqəsi məktəbdə olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir. Özəl məktəblərdə bu qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələr məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir”.
Ekspertdən tibb otağında zəruri olan avadanlıqların nələr olduğunu soruşduq. O bildirir ki, bütün antiseptik maddələrin olması vacibdir: "İlk olaraq yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarımız hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardımı göstərmək üçün istifadə edilir”.
Həkim deyir ki, həmin tibb bacıları dərs bitənə qədər məktəbdə olmalıdırlar: "Bəzi məktəblər bir, bəziləri isə ikinövbəlidir. İşlədiyi məktəbin dərs saatından asılı olaraq, tibb bacısı bütün günü məktəbdə olmalıdır. Bunu da qeyd edim ki, əgər uşağın temperaturu qalxarsa və ya hər hansısa bir hadisə baş verərsə, tibb bacısının iynə vurmaq səlahiyyəti yoxdur. Amma yüngül dərmanlardan verə bilər”.
Müsahibimiz dünya təcrübəsində bunun necə tənzimləndiyindən də danışdı: "Dünyanın bir sıra ölkələrində olan məktəblərdə vəziyyət bir az fərqlidir. Belə ki, onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda, boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər. Biz də çalışmalıyıq ki, belə şərait yaradaq”.
Təhsil Eksperti Kamran Əsədovbildirdi ki, bu gün məktəblərdəki tibb otaqları tam qənaətbəxş vəziyyətdə deyil: "Məktəblərdə təhsil alan şagirdlərin sağlamlığı haqqında diaqnozu məhz həmin məntəqədə çalışan tibb bacıları qoyur. Ona görə, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Orta məktəblərdə tibb xidmətinin göstərilməsi qaydalarında qeyd olunur ki, şagirdlər ayda bir dəfə müayinə edilməlidirlər. 6 aydan bir isə müxtəlif sahələrin - yəni psixoloq, nevroloq, uroloq, kardioloq və s. həkimlərin iştirakı ilə yaradılmış tibbi komissiyanın yoxlanışından keçməlidirlər. Amma təəssüflər olsun ki, sadaladığım bu qaydalara bir sıra orta məktəblərdə əməl edilmir”.
Müsahibimiz deyir ki, məktəblərdə çalışan tibb bacılarının işi sadəcə, uşaqları müayinə etmək və ya hər hansısa bir hadisə baş verdikdə, müdaxilə etməklə bitməməlidir: "Şagirdlərin sağlamlığı üçün onlar hətta döşəməni silmək üçün istifadə olunan xlorun tərkibini belə yoxlamalıdırlar. Həmçinin burada müəllimlərin də rolu böyükdür. Müəllimlər və tibb işçiləri birlikdə fəaliyyət göstərməlidirlər. Əgər dərs zamanı müəllim uşağın sağlamlığında bir problem hiss edərsə, dərhal onu tibb otağına yönləndirməlidir. Amma bundan başqa, tibb bacısı özü də şagirdlərin fiziki görünüşünə xüsusi nəzarət etməlidir. Yəni sinif otaqlarını gəzərək, düzgün oturmayan şagirdlərə diqqət yetirib, onların gələcəkdə skaliozdan əziyyət çəkməməyi üçün göstərişlər verməlidir”.
Məktəblərdəki tibb otaqlarının vəziyyəti ilə bağlı məlumat əldə etmək üçün bir sıra təhsil müəssisələri ilə əlaqə saxladıq. Açığı, bəzi məktəblər suallarımıza cavab verməkdən boyun qaçırdılar. Nə qədər əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik. Hətta bəzi məktəblər şagird sayına görə onlarda tibb məntəqəsinə ehtiyac olmadığını dedilər. Bildirdilər ki, 250 şagirdi olan məktəbdə tibb otağı fəaliyyət göstərmir.
AmmaSəbail rayonunda yerləşən 51 nömrəli tam orta məktəbin tibb məntəqəsində çalışan xanımla danışıb bəzi məlumatlar əldə etdik. Tibb bacısı bildirir ki, məktəbə lazım olan dərmanlar Səhiyyə Nazirliyi tərəfindən ərazi poliklinikasına, oradan da məktəbə göndərilir: "Qalan texniki avadanlıqları isə məktəb özü təmin edir. Hazırda tibb otağımız hər bir avadanlıqla və dərmanla tam təchiz olunub. Əgər lazım olarsa, istənilən an uşaqlara tibbi yardım göstərə bilərik. Hər gün səhər tezdən, dərslər başlamazdan əvvəl iş başında oluram. Qapıda dayanıram və gələn uşaqları bir-bir nəzərdən keçirirəm. Hansısa uşaqda halsızlıq və ya rəngində dəyişmə hiss edirəmsə, dərhal tibb otağına aparıb ilkin müayinəni edirəm. Əgər ciddi bir şey olmasa, müayinədən sonra uşağı dərsə yola salıram. Yox, əksinə temperaturu olarsa, ciddi bir problem olduğunu hiss etsəm, dərhal təcilli tibbi yardıma zəng vururam və həmçinin uşağın sinif rəhbərinə, valideyninə də xəbər edirəm”.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mövqeyi isə belə oldu: "Təhsil müəssisələrində tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir. Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Məktəblərdə tibbi xidmət işi isə yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər