• cümə axşamı, 28 mart, 16:55
  • Baku Bakı 16°C

Orta məktəbdə sinif, institutda qrup nümayəndəsi – Mən gənc olarkən

10.04.15 07:18 3198
Orta məktəbdə sinif, institutda qrup nümayəndəsi – Mən gənc olarkən
Əli Əlirzayev: “Dərsdən qayıdıb ya təsərrüfatla məşğul olur, ya da bütün günü oxuyurdum”
Orta məktəbdə kəndlərində və məktəblərində bir dənə də oxumamış kitab qoymur. Ali məktəbdə də gününün Mirzə Fətəli Axundov adına Mərkəzi Kitabxanada keçdiyini deyir. Bu dəfə uşaqlıq və gənclik illərindən danışan müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin professoru və iqtisadi idarəetmə və beynəlxalq münasibətlər kafedrasının müdiri, 1997-2005-ci illərdə Azərbaycan Milli Məclisinin üzvü, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayevdir.
Yumurta qayğanağı, pendir, lavaş...
1945-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. Uşaqlığı, yeniyetməliyi burada keçib. Ailədə 9 bacı-qardaş olublar, babasının ikinci həyat yoldaşından qalan 3 uşağını da atası Qənbərəli kişi saxlayıb. Maddi vəziyyətləri yaxşı olub. Kolxoz qurulmamışdan əvvəl atasının ferması olub. Sonra məcburən o da kolxoza qoşulub, kolxozun sürülərini otarıb. 50 yaşından sonra isə öz təsərrüfatında çalışıb: “Hətta muzdlu çoban da tapıb, qardaşlarım böyüyəndə isə mal-qaranı onlar otarıb. Atamın heyvanı çox olduğundan heç vaxt maddi cəhətdən sıxıntı çəkməmişik”.
Nehrəmin qonağa olan münasibətinin çox orijinal və səmimi olduğunu deyən Ə.Əlirzayevin sözlərinə görə, bəzən iki yumurtanı yağa salmaqla, pendir, lavaş və çay süfrəsi ən yaxşı qonaqlıq olurdu: “Mənim atamın da ucqar dağ kəndlərindən qonağı olardı, yaxud nehrəmli bəylərin şəhərdə və digər əyalətlərdə yaşayan qohumları bizə gələrdi. Anam çox cəld və çevik xanım idi. Evdə nə var idisə, qonağa təklif edərdi. Hər dəfə gələcəkdə professor olacaq tələbə İsmayıl Məmmədov Leninqradda dərsləri qurtarıb kəndə gələndə atam onu qonaq çağırardı. Anam bir qayda olaraq qonağın qarşısına yumurta yağı və qatıq qoyardı. İsmayıl sonradan mənə nağıl edirdi ki, tələbəni qonaq çağırmaq o dövr üçün alicənablıq idi. Belə bir şəraitdə böyüyüb boya-başa çatmışam. Çoxuşaqlı, qonaq-qaralı, daim hərəkətdə olan, köç həyatı yaşayan, yazda dağa, qışda arana köçən bir ailədə formalaşmışam”.
“Kənd və məktəb kitabxanasında kitab qoymamışdım”
Ailələrində ali təhsil alan bacı-qardaşı az olub. Buna görə atası balaca Əlinin oxumağa həvəsli olduğunu görüb oxuması üçün ona hər bir şəraiti yaradıb: “Evin sonbeşik oğlu idim. Atamın 60 yaşlarında dünyaya göz açmışam. Çox əməksevər uşaq idim. 9-10 yaşımdan ev təsərrüfatına kömək edirdim. Bununla yanaşı, dərslərimi də yaxşı oxuyurdum. Anam hətta məni evdən qovurdu ki, başqa uşaqlar kimi küçəyə çıxıb onlarla qaynayıb-qarışım. Mənsə küçəyə çıxmırdım, ya təsərrüfatda işləyir, dərsdən qayıdıb quzuları otarmağa aparır, ya heyvanlar üçün ot tədarük edir, ya da bütün günü oxuyurdum. Mütaliəni sevirdim. 5-7-ci siniflərdə Viktor Hüqonun “Səfillər”i, Drayzerin “Amerika faciəsi” kimi dünya ədəbiyyatından əsərlər oxuyurdum. Şekspiri, demək olar, əzbər bilirdim. Kəndin və məktəbin kitabxanasında oxumadığım kitab qalmamışdı. Kiminsə evinə gedəndə kitab görən kimi xahiş edib götürür, 1-2 günə oxuyub qaytarırdım. Bəzən səhərə kimi yatmır, mütaliə edirdim. İndiki kimi yadımdadır, qonşular bizə yığışardı. Düzdür, işığımız da var idi, amma çox vaxt çıraq işığına toplaşardıq. Çırağın işığında hərə bir işlə məşğul olurdu. Qonşularımızdan biri öz yununu bizə gətirib əyirir, digəri corab toxuyur, bir başqası yun didir, pambıq çıxarırdı. Mən də kitab oxuyurdum, amma təbii ki, bir qulağım da arvadlarda olurdu. Anamın da acığı tuturdu. Məni küçəyə qovurdu ki, uşaqlarla oynayım. Atam da deyirdi ki, işin yoxdur, qoy, oxusun. Ədəbiyyatla yanaşı, riyaziyyatı da çox yaxşı bilirdim”.
Bakı ilə ilk tanışlıq
Ali məktəbə sənəd verməmişdən bir il əvvəl müsahibimiz ailə qurub Bakıda yaşayan qardaşıgilə gəlir: “Sabunçu vağzalında düşdüm. Vağzal qaynayırdı. Görüş təyin edənlər Sabunçu vağzalına gəlirdi. Qardaşımgil məni qarşılayıb Bakını gəzdirdilər, indiki Füzuli küçəsinə getdik. Birdən-birə şəhərə düşən kənd uşağı kimi Bakıda oxuyacağıma həvəslənirdim”.
Bakıda oxumağa həvəslənsə də, sonradan Moskvada beynəlxalq əlaqələr ixtisasını oxumaq iddiasına düşür. Amma bu arzusunu boğmalı olur. Çünki Moskvada oxumaq üçün hörmətli, tanınmış şəxslərdən biri yaxşı zəmanət məktubu yazmalı imiş. Buna görə də fikrindən vaz keçir və 1963-cü ildə indiki Texniki Universitetin riyazi maşınlar və mexanizmlər fakültəsinə qəbul olur: “Orta məktəbdə sinif, institutda qrup nümayəndəsi idim. İnstitutda oxuya-oxuya Leninqrada göndəriş aldım, amma fərq imtahanları çox olduğundan çətinlik çəkdim və qayıdıb yenidən Texniki Universitetdə təhsilimə davam etdim”.
“5” yazın, getsin””
Ali məktəbə imtahan verdiyi günü indiki kimi xatırlayır: “Yay idi, möhkəm tərləmişdim. Lövhədə hansısa məsələni həll edirdim. Çox ürəklə yazır və danışırdım. Birdən əlimi üzümə çəkdim, üzümdə təbaşir ləkəsi qaldı. Professor Şövkət müəllim dedi ki, “ona “5” yazın getsin, bilikli uşaqdır”. Beləcə, məni heç çətinə də salmadılar. İnstitutda oxuyanda da kənddəki riyaziyyat müəllimimə mənim kimi tələbə yetişdirdiyinə görə təşəkkür məktubu yazdılar”.
Tələbəykən əvvəlcə kirayədə qalır, sonra yataqxana həyatı yaşayır: “O vaxtdan bu vaxta 50 ildir bakılıyam, Bakıda yaşayıram”.
Yataqxanada bir otağı bölüşdükləri tələbə yoldaşlarının arasında kənddə bir məktəbdə oxuduğu uşaqlar da olur: “Aylıq yemək-içməyimiz üçün hamımız eyni miqdarda pul qoyurduq. Hər şeyi bir yerdə alırdıq. Yeməyi isə növbə ilə hər gün birimiz hazırlayırdıq. Kolbasa, konserv yeyirdik, ən yaxşı bişirdiyimiz yemək isə kartof qızartması idi. Mən ət xörəklərini də yaxşı bişirirdim. Çörək növbələrində durmağım da heç vaxt yadımdan çıxmaz. O vaxt istədiyin vaxt gedib mağazadan çörək ala bilməzdin, vaxtında gedib növbə tutmalıydın”.
Texniki Universitetdə oxuyan digər tələbələr kimi müsahibimiz də oxuya-oxuya işləməli olur: “Ölkə rəhbəri Xruşşov belə bir qayda qoymuşdu ki, Texniki Universitetdə oxuyan hər bir kəs işləməli, zavod mühiti ilə tanış olmalıdır. Mən də Bünyad Sərdarov adına Zavodda 1 gün səhər, 1 gün axşam işə gedirdim”.
“Hind kinolarına gedirdik”
Oxuya-oxuya işləməsinə baxmayaraq, tələbə yoldaşları ilə yığışıb kinoya, teatra getməyə də vaxt tapırlar: “Bizim həyatımız çox qaynar keçirdi. Ayda 50 rubl əlaçı təqaüdü alırdım, 50 rubl da evdən göndərirdilər. O vaxt hind kinoları dəbdə idi, bütün qrup yığışıb bilet alıb kinoya gedərdik”.
Hələ orta məktəbdəykən inkişaf etməyi, qabağa getməyi arzuladığını deyir: “Atam da həmişə çalışıb-vuruşub qabağa getməyimi tövsiyə edirdi. Orta məktəbdə də, institutda da bütün fənləri oxuyurdum. İndi də o vaxt aldığım biliklər karıma yetir”.
“Gənclərimiz tənbəl öyrənib”
Iqtisad Universitetinin müəllimi Ə.Əlirzayev indiki tələbələrlə onun vaxtındakı tələbələr arasında yerlə-göy qədər fərq olduğunu düşünür: “İndiki tələbələr kompüterdə istənilən şeyi tapır, bunları biz bilmirdik. İndiki tələbələrin potensialı daha çoxdur. İndi 4-5 yaşındakı uşaqlar kompüteri idarə edə bilir, telefonlardan başları çıxır. Amma bir şey var ki, indiki uşaqlar hərtərəfli inkişaf etmirlər, kitab oxumurlar. Biliklərin mənbəyi kitabdır. İnanıram ki, nə vaxtsa kitaba qayıdacaqlar. Digər bir tərəfdən, indiki gənclərdə tənbəllik hissi var. Bilmirəm, o vaxt informasiyanın azlığından, ya nədən idi, bütün gün kitabxanada oxuyur, informasiya toplayırdıq. İndi gənclər kitabxanaya çox az gedirlər. Bizimsə işimiz-peşəmiz indiki M.F.Axundov adına Mərkəzi Kitabxanada oxumaq idi. Günorta yeməyimizi belə kitabxanada yeyir, evə axşam gəlirdik. Başqaları kimi hesab etmirəm ki, cəmiyyətimiz, gənclərimiz korlanıb. İnformasiya çoxdur, amma gənclərimiz tənbəl öyrəniblər”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər