• çərşənbə axşamı, 19 mart, 06:38
  • Baku Bakı 8°C

Orta məktəb rus, bakalavr ingilis dilində, magistratura isə azərbaycanca

08.06.18 10:00 5267
Orta məktəb rus, bakalavr ingilis dilində, magistratura isə azərbaycanca
Magistraturaya qəbul imtahanına hazırlaşarkən özünü ən yüksən nəticəyə kökləyib, hədəfi birinci olmaq imiş. Birinci turda mümkün 100 balın hamısını toplamağı hədəfləsə də, imtahan çətin keçir və 95 balla birinci olur. İkinci turda isə 43 bal yığır. Yekun balı isə 138 olur. Bu balla magistraturaya qəbul imtahanında respublika birincisi olan Bakı Mühəndislik Universitetinin sonuncu kurs tələbəsi Bəxtiyar Zeynalov müsahibimizdir.

Qeyd edək ki, Bəxtiyar Zeynalov 1997-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Orta təhsilinə Bakıda - 158 saylı orta məktəbdə başlayıb, 4-cü sinifdən sonra isə Mingəçevir şəhər 3 saylı orta məktəbində davam etdirib. Orta təhsilini rus bölməsində alıb.


"Sürətli hesablamağım mənə həmişə kömək olub”

Bəxtiyar deyir ki, orta məktəbdə əlaçı olub. Bir çoxlarına çətin gələn riyaziyyat isə sevimli fənni imiş: "Ən sevdiyim fənlər riyaziyyat, coğrafiya və biologiya idi. Düzdür, çoxlarına çətin gəlir, amma riyaziyyat məndə yaxşı alınırdı. Sürətli hesablamağım mənə həmişə kömək olub. Adətən, dərslərimi özüm hazırlayırdım. Hər zaman böyük qardaşımdan ibrət almışam. Çünki o da yaxşı oxuyurdu və gözümün önündə nümunə var idi”.

Orta məktəbi bitirib, ali təhsil üçün imtahan verir. 677 bal toplayır, "Prezident təqaüdü”nü bir balla qaçırır. Bunu, zarafatla "acı xatirə” adlandırsa da, istədiyi universitetə qəbul olur: "Bakı Mühəndislik Universitetində təhsil almaq istəyirdim. Orda təhsil alan qonşum universitet barədə yaxşı fikirlər söyləmişdi, mənə də məsləhət görmüşdü. Ailəm də bu seçimimlə razı idi. Seçimim maliyyə ixtisası oldu. Bizim universitetdə ingilis dilində təhsil 5 illik olur. Birinci il dil öyrədilir, sonra birinci kursa başlayırsan. Mən dildən imtahan verdim, ona görə də, dil öyrənmə mərhələsində olmadım, birbaşa elə birinci kursa getdim”.

"Maraq dairəmdə olanları daha çox oxuyurdum”

Universitetin ilk semestrini yüksək nəticə ilə başa vursa da, sonra qiymətlərində bir az zəifləmə müşahidə olunur. Müəyyən bir nöqtədə artıq başa düşür ki, əvvəlki sürəti bərpa etmək lazımdır: "Universitetdə ilk kursda yüksək nəticə göstərirdim. İlk semestrdə bütün qiymətlərim "A” oldu, bir "B” aldım. Növbəti semestrlərdə bir az tənbəllik baş qaldırdı və bu da qiymətlərimdə enişə gətirib çıxarırdı. Növbəti semestr bir "C” gəldi. Sonra iki semestr "D” oldu. Növbəti semestrdə bir "E” alanda başa düşdüm ki, belə getsə, gələcəkdə kəsr də ola bilər (gülür). "E”-ni ikinci kursun sonunda almışdım. 3-cü kursa başlayanda gördüm ki, yox, mən çox dibə yuvarlanmışam və daha da məsuliyyətli olmağı qarşıma məqsəd qoydum. Bu o demək deyil ki, məsuliyyətsiz idim, dərsləri oxumurdum. Sadəcə, maraq dairəmdə olan fənləri daha çox oxuyurdum, sevmədiklərim də isə zəiflik olurdu. Əsas marağım alman dilinə idi, o fənnə daha çox önəm verirdim. Yaxşı da alınırdı. Elə fənlər olurdu ki, mənim onlara marağım yaranmırdı və oxumağa özümü məcbur edə bilmirdim. Bu baxımdan, qiymətim bəzən aşağı olurdu. Marağım yaranan fənni qiymətindən asılı olmayaraq dərinliyinə kimi oxuyurdum. Mənfi cəhətimin biri odur ki, heç vaxt məqalə yazmamışam. Hansı fəndən məqalə tapşırırdılarsa, yazmırdım. 20-30 bal belə gedirdi. Universitetdə müəllimlərim bir-birindən yaxşı idi. 3-cü kursdan sonra yenə var gücümlə oxudum, boşluqlarımı bərpa etdim. Elə oldu ki, son kursda ən yüksək ortalama bal yığanlardan biri də mən oldum”.


"Universitet çox maraqlı keçdi”

Universitetdə təhsil aldığı qrupun da onun inkişafına böyük rolu olduğunu deyir: "Universitetdə çox yaxşı bir qrupda təhsil alırdım. Bunu xüsusilə qeyd etmək istəyirəm. Qrupdakıların hamısı bir-birindən savadlı, dünyagörüşlü idi. O baxımdan mükəmməl bir atmosferə düşmüşdüm. Bütün tələbələr güclü idi, ona görə də, oxumaya bilməzdik. Universitetdə dərsdən kənarda da maraqlı məşğuliyyətlər olurdu. Müəllimlərlə pikniklər, şirkət gəzintiləri, təbiətdə dərs keçmələr hamısı maraqlı idi. Universitet çox maraqlı keçdi. Bu universiteti seçdiyim üçün heç vaxt peşman olmamışam”.

Universitet vaxtı müəyyən qədər iş təcrübəsi də qazanır: "Maliyyə elədir ki, bu sahədə işləmək üçün daha çox fənni bilməli idim. Buna görə 1-2-ci kurslarda aldığım təhsillə iş dünyasına getmək istəmədim. Çünki bu biliklər kifayət etməyə bilərdi. Amma 4-cü kursun əvvəlindən işləməyə başladım. Əvvəlcə "Bakcell” şirkətində, hazırda isə PWC kampaniyasında çalışıram”.

4-cü kursda oxuyanda dərs, iş və üstəlik də magistratura hazırlığı kimi bir rejimi olur. Gərgin olsa da, bu, onu daha məsuliyyətli edirmiş: "Üzərimdə məsuliyyət çox olduqca, daha effektiv oluram. İşim az olanda ona qarşı bir az məsuliyyətsiz yanaşa bilərəm. İş, dərs, üstəlik, magistraturaya hazırlıq var idi. Düzdür, hamısını çatdırırdım, axıra yaxın çətinləşsə də, öhdəsindən gəlirdim. Dərs olan günlər yarımştat işləyirdim, ona görə, problem olmurdu”.


"Stressin bir səbəbi də o idi ki, mən birincilik istəyirdim”

Universitetin 3-cü kursunda magistratura təhsili almaqla bağlı planı olur, amma 4-cü kursda yekun qərarı verib hazırlığa başlayır. Hazırlığı nəticəsini verir. Magistraturaya qəbul zamanı 138 bal toplayaraq ölkə birincisi olur. Bu balı toplamağın sirlərinə gəlincə, Bəxtiyar bunları söylədi: "Çox istəmək və özünə inanmaqda görürəm. Magistraturaya hazırlaşdığım ilk gündən qarşıma məqsəd qoymuşdum ki, imtahanlarda birinci olacağam. Amma təbii ki, istəklə bərabər əmək də tələb olunur, buna görə, həm də çox çalışmalıydım. Məqsədli olsam da, birinci yer tutacağımdan əmin deyildim. Çünki rəqib də çox idi, birincilik istəyən də. Öz üzərimdə çalışmaqla hamını üstələyə biləcəyimi düşünürdüm. Birinci turun imtahanındakı fənlər də ürəyimcə idi. Məntiqdən özümə hər zaman güvənmişəm, ingilis dili ixtisas dilimdir, bu da problem deyildi. İnformatikanı isə öyrənməli idim. Sınaqlarda 90-dan yuxarı nəticə göstərirdim. Düzdür, 100 yığa bilmirdim, amma 99 olurdu. Qəbulda da minimum 98-99 yığacağımı gözləyirdim, amma hədəfim 100 idi. Qəbul bu il heç də asan olmadı. Nə qədər özümü hazırlasam da, imtahan stressi də oldu. Bəlkə də stressin bir səbəbi də o idi ki, mən birincilik istəyirdim. İndiyə qədər magistratura imtahanının birinci mərhələsində 100 bal toplayan olmayıb. Onu toplamaq istəyirdim. Amma məlum məsələdir ki, alınmadı. 95 bal toplayaraq yenə birinci oldum. 100-ü toplaya bilmədim, amma əsas odur ki, birinci oldum. Əməyimin yerdə qalmadığına çox sevindim. İnşallah, gələcəkdə başqa tələbələr bu rekordu təzələyərlər. Bu nəticənin əldə olunmasında müəllimlərim, valideynlərim, qardaşım, dostlarım, qrup yoldaşlarım mənə çox dəstək oldu. Qrup yoldaşlarım hamısı uğurlu nəticə göstərdilər. Tək fərqim odur ki, birinci olmuşam. Onların hamısının nəticəsi yüksək idi”.

Orta məktəb rus, bakalavr ingilis, magistr azərbaycan dilində...

Birinci turdakı yüksək nəticə onu ikinci mərhələdə də bu cür nəticə göstərməyə həvəsləndirir: "Birinci turda ən yüksək balı toplamaq mənə çox yaxşı təsir etdi, məqsədimə çatmışdım. Növbəti məqsəd isə ümumilikdə, birinci olmaq idi. Düzü, ikinci tura birinci qədər vaxt sərf edə bilmirdim. Həm işimdən dolayı, həm də bütün gücümü birinci turda qoymuşdum. İkinci turda qrup yoldaşlarım məndən yüksək yığıblar. Onlara "universitetin əjdahaları” deyirəm. 44-45 bal yığanlar var. Məndə ikinci turda 43 bal idi. Amma ümumilikdə birinciliyi qorudum. Bu turdakı nəticədə müəllimlərimin əməyi çoxdur. Çünki evdə oxumurdum, dərsdə öyrətdikləri ilə kifayətlənirdim. Birinciliyi qorumaq üçün bu, mənə bəs elədi. Bu birincilik mənimlə yanaşı, müəllimlərimi, valideynlərimi, dostlarımı da çox sevindirdi. Valideynlərim mənimlə qürur duyduqlarını dedilər. Anam xüsusilə sevindi. Onları sevindirə bildiyimə üçün bir başqa cür xoşbəxt oldum”.

Bəxtiyar deyir ki, bu nəticə ilə kifayətlənməyəcək. Hələ məqsədləri çoxdur: "Təbii ki bununla kifayətlənmək niyyətində deyiləm, hər zaman uğurun arxasınca qaçacağam. İndi əsas məqsədim iş həyatında möhkəmlənməkdir. Eyni zamanda da sentyabrda magistratura təhsilinə başlayacağam. Şans yaransa, xaricdə təhsilimi davam etdirmək kimi hədəfim də var. İqtisadiyyat sahəsində daha da ixtisaslaşmaq istəyirəm. Çünki karyeramda daha yüksək vəzifələrə çata bilmək üçün bu, vacibdir”.

Təhsilini maliyyə ixtisası üzrə davam etdirməyə qərar verən Bəxtiyar, bununla bağlı maraqlı bir məqam olduğunu dedi. Orta məktəbi rus dilində oxuyub, ali təhsilini ingilis dilində alıb, magistraturanı isə azərbaycan dilində bitirə bilər. Çünki magistr imtahanını da doğma dilində verib.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər