• şənbə, 20 Aprel, 11:24
  • Baku Bakı 14°C

Orta ixtisas təhsili müəssisələrinə fənn üzrə yaradılan qrupda tələbələrin sayını müəyyənləşdirmək hüququ verilib

12.01.18 09:40 806
Orta ixtisas təhsili müəssisələrinə fənn üzrə yaradılan qrupda tələbələrin sayını müəyyənləşdirmək hüququ verilib
Orta ixtisas təhsili müəssisələrində bir müəllimi seçən tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından (mühazirə, məşğələ, laboratoriya və s.) asılı olaraq orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyənləşdiriləcək.
APA-nın məlumatına görə, bu,Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na etdiyi dəyişikliklərdə əksini tapıb.
Qüvvədə olan Qaydaya əsasən isə indiyə qədər bir müəllimi seçən tələbələrin sayı 30 nəfərdən çox olarsa, orta ixtisas təhsili müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil edib və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edib. Bu halda da tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeydə alınma ardıcıllığına görə müəyyənləşdirilib.
Qaydaya görə tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir. Dəyişikliyə əsasən sərbəst işin müəyyənləşdirilməsi proseduru dəyişib. Başqa sözlə, indiyə qədər əyani təhsilalma forması üzrə bütün növ dərslərin 1 akademik saatına 1 saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilib. Sərbəst işlərin ümumi həcmindən ən azı 40 faizi dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməli idi. Dəyişikliyə əsasən artıq bu meyarlar ləğv edilib. İndiyə qədər müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrinin), yoxlama işlərinin yerinə yetirilməsindən, hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilib və dərs cədvəlinə daxil edilməyib. Bundan sonra isə tələbənin sərbəst işinin növü və forması (fərdi, komanda, qrup tapşırığı və s.) fənni tədris edən müəllim tərəfindən müəyyənləşdiriləcək.
Qüvvədə olan Qaydada orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayınınNazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli qərarı ilə təsdiq edilmiş "Orta ixtisas təhsilinin dövlət standartı və proqramı”na uyğun olaraq tənzimlənməsi nəzərdə tutulub. Bundan sonra orta ixtisas təhsili müəssisələrində hər bir fənn üzrə yaradılan qrupda tələbələrin sayı fənnin xüsusiyyətindən və tədris formasından asılı olaraq, orta ixtisas təhsili müəssisəsi tərəfindən müəyyən ediləcək.
Yay semestrində tələbənin götürə biləcəyi kreditlərin say həddi də artırılıb. İndiyə qədər yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalı idisə, bundan sonra yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəmi 10-dan artıq olmamalıdır.
banner

Oxşar Xəbərlər