“Orkestr-insan”ın sənətdəki novatorluğu
Tanınmış musiqiçi Həsənağa Sadıqovun uzun sürən ağır xəstəlikdən
sonra vəfatı xəbərinin yayılması təkcə musiqi ictimaiyyəti üçün deyil, ifaçının
sənətini sevən və dəyərləndirən minlərlə dinləyici üçün kədərli oldu. Görkəmli
musiqiçilər onun sənətinə yüksək qiymət verirdilər. Maestro Niyazi onu
"orkestr-insan” adlandırmışdı. O zaman sovet dövrünün qəzetləri də tanınmış
ifaçı haqqında yazılarını bu başlıqla verirdilər. Zarafat deyildi, istər
nəfəsli, istər zərb, istər klavişli, istərsə də simli musiqi alətlərində
məharətlə ifa edirdi. Musiqisi ölkənin sərhədlərini aşır, dünyanı dolaşırdı.
İllər keçdikcə onun ifa etdiyi alətlərin sayı da artırdı, onu sevənlərin sırası
da...
"Mahirlər”
Həsənağa Sadıqov Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb.
Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Babası Aşıq Qurbanxan
Muğan bölgəsinin ən məşhur aşıqlarından olub. O, xalqımızın görkəmli el
sənətkarı Mirzə Bilaldan dərs alıb. Sadıqov 6-7 yaşlarından atasının və
babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi,
istedadlı musiqiçilərdən öyrənməyə çalışardı.
O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib.
Bakıda ilk kaseti çıxanda, zərb alətlərində bacarıqla
çaldığı mahnılar və ritmlər məşhurlaşanda hələ çox gənc idi. Həsənağa Sadıqov
bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi
fikir verir. Azərbaycan Dövlət İncəsənət Universitetini mədəni-maarif işi
ixtisası üzrə bitirən musiqiçi, 1985-ci ildə Ümumdünya Musiqi Festivalında
iştirak edərək, münsiflər heyətinin və tamaşaçıların dərin rəğbətini qazanır,
festivalın qızıl medalı ilə təltif olunur. Həsənağa Sadıqov Amerika Birləşmiş
Ştatlarında, Norveçdə, Vyetnamda, Almaniyada, eləcə də Afrika qitəsinin bir çox
ölkələrində geniş konsert proqramları ilə çıxış edib. Hazırda onun diskləri
Amerika və Afrika ölkələrində, Norveç, Vyetnam, Almaniya və s. ölkələrdə
satılır. Musiqiçi həmin ölkələrdə yaradıcılıq əlaqələri ilə bağlı müqavilələr
bağlayırdı. Bu əməkdaşlıq hər şeydən əvvəl Azərbaycan musiqisinin tanınmasına
səbəb olurdu.
1988-ci ildə Həsənağa Sadıqova Əməkdar mədəniyyət işçisi fəxri adı
verilib. Onun dəstəyi və təşəbbüsü ilə "Mahirlər” ailə ansamblı yaradılıb və bu
gün də fəaliyyət göstərir.
İnsanları yandırıb-yaxmasa...
"Mənim üçün elə bir musiqi aləti yoxdur ki, onu ram edə bilməyim.
Bütün musiqi alətlərində necə lazımdır ifa edirəm” iddiasına heç kəsin şübhəsi
yox idi. Tamaşaçılar televiziya ekranlarından,
bir çoxları da el şənliklərindən canlı ifalarını görüb valeh olmuşdular.
"İstədiyin və mənim görmədiyim bir aləti mənə ver, onu çalım. Vaxtilə
Azərbaycanın ən məşhur qarmonçalanlardan biri idim. Elə ən yaxşı çaldığım alət
də qarmon idi. Sonra elə oldu ki, sağ əlimdə problem yarandı. Hətta deyilənə
görə, o dövrün ən məşhur qarmonçalanlardan biri mənim əlim zədələnəndə qurban
kəsibmiş. Əlim zədələnəndən sonra qarmonu bir kənara qoydum. Yeri gələndə, özündən
deyən qarmonçalanlardan yaxşı çalıram, amma bir sənətkar kimi o ifanı ortalığa
çıxarmağı özümə eyib bilirəm. Alət əlimdə yanıb, külə dönüb mənə yalvarmadısa,
insanları yandırıb-yaxmadısa, o çalmaq deyil ki. Bir alətdə ifam xoşuma
gəlmədisə, onu çalmıram” deyirdi.
Balaca aşıq
Sənətə həvəsinin necə yaranmasından isə ifaçı həvəslə söz açırdı:
"Mən bu sənətə qoşanağaradan başlamışam. Babam Aşıq Qurbanxan dövrünün məşhur
sənətkarlarından olub. Babamla dəfələrlə Moskvada dövlət tədbirlərində,
dekadalarda, festivallarda iştirak etmişəm. Babam mənim üçün aşıq paltarı da
tikdirmişdi, hər yerdə məni "balaca aşıq” çağırırdılar. O illərin yadigarı kimi
bir çox konsertlərin lent yazılarını tez-tez Az.TV-də göstərirlər, baxıb
kövrəlirəm. Mənim hələ uşaq vaxtı çıxdığım səhnələri, insanların ayaq üstə
alqışlamalarını indinin adlı-sanlı sənətkarının çoxu görə bilmir. O dövrdə
qoşanağarada çala-çala, ansamblımızdakı musiqiçilərin alətləri ilə maraqlanmağı
başladım. Babamın qorxusundan bu alətlərdə çalmağı gizlicə öyrənirdim. Elə
vaxtlar olurdu ki, musiqiçilərdən biri hər hansı səbəbdən toya gedə bilmirdi.
Mən babama deyirdim ki, onun alətini ver, özüm çalım. Nə isə, babam da artıq
mənə bir söz demədi”. Babası onu musiqi məktəbinin tar sinfinə qoyanda artıq
"Şur” muğamını gözəl çalırdı. "Həsənağa bir şey öyrənə bilirmi?”- deyə babası
bir ay sonra məktəbə gəlib maraqlananda, direktor "buna not öyrənmək lazım
deyil, özü hər şeyi çalır” deyib. "Beləcə, lağ-lağı edə-edə mənə notu
öyrətmədi, amma balaca tarımı alıb, öz tarını mənə verdi”. Həsənağa o gündən
daha həvəslə çalmağa başlayıb. Həm də ifasının düzgünlüyünə təkcə babasını
deyil, çox adlı-sanlı musiqiçiləri də inandıra bilib.
"1962-ci ildə Moskvadakı dekadada Niyazi, Bülbül və Rəşid Behbudovla
səhnədə yan-yana dayanmışam. Bundan böyük xoşbəxtlik olarmı!?”- deyə yaddaşına
ömürlük yazılan günü sevinclə xatırlayırdı.
İfaçı bütün musiqi alətləri ilə dostluq etməyə çalışırdı. Alətlərin
arasında ögey-doğmalıq qoymurdu: "Fərq qoysam, sabah bir alət məndən elə küsər
ki, ömrüm boyu yalvara-yalvara qalaram, sözümə baxmaz. Amma desəm ki, eyni
vaxtda 6-7 alətlə əla səviyyədə çala bilirəm, yalan demiş olaram” kimi etirafı
da vardı. Əgər heç bir alətə əlmi vurmayıb, təkcə saksofonu götürsəydim, onu
elə günə salardım ki, adam kimi dil açıb dillənərdi. Amma mən bir alətlə məşğul
olmuram axı. Mən içimdəki sənət ehtirasını bir alətin üstünə töksəm, alışıb
yanar”. Musiqi alətlərini bir-bir sınaqdan keçirəndən sonra gözü nəlbəkiləri
tutub. Onları da musiqinin dili ilə dilləndirməyi bacarıb: "İstəyirsən, mənə
adi taxta ver, onda da melodiya yaradaram. Mənim evimdə arakəsmə vardı, onun
şüşələrini elə taxdırmışdım ki, hər notun səsini almaq olurdu. Rəhmətlik Rafiq
Babayev qonaq gələndə bu şüşələrdə muğam çaldım, məəttəl qaldı. Çay içdiyim
yerdə əlimdəki karandaşı nəlbəkiyə vurdum,
gördüm ki, əla səsi var. Nəsə, ordan-burdan bütün notu verən nəlbəkiləri
yığdım, bir gecəyə əməlli-başlı repertuar yaratdım”. Nə qədər alətlərdə ifa
etsə də, içindəki səsi heç bir alətdə tapa bilməmişdi: "Hələ də içimdəki səsi
heç bir alətdə tapa bilməmişəm. Bütün ömrüm boyu hər yeri gəzdim, ələk-vələk
elədim, yenə də tapmadım. Əgər barmaqlarımda problemim olmasaydı, qarmonda o
səsi tapacaqdım”.
İfaçılıqda yenilik
Həsənağa Sadıqovun ifası ev-ev, oba-oba gəzdikcə, daha çox tanınırdı.
Dövlət konsertlərinə, el şənliklərinə dəvət edirdilər. Eyni zamanda bir neçə
musiqi alətində mahir ifaçılığı ölkə musiqi sənəti üçün də yenilik idi. Ulu
öndər Heydər Əliyev də Həsənağa Sadıqovun sənətinə yüksək dəyər verib. İfaçı
ulu öndərlə görüşünü həmişə xoş xatirə kimi danışırdı: "1993-cü ildə Heydər
Əliyev Sarayında konsert oldu. Onda Respublika Sarayı adlanırdı. Bütün böyük
sənətkarlar orda idi. Konsertdən sonra rəhmətlik Heydər Əliyev səhnəyə çıxdı.
Hamıya dedi ki, əla ifa etdiniz. Mənə çatanda dedi ki, bundan Azərbaycana
gəlməyib, gəlməyəcək, onun qədrini bilin. Heydər Əliyev haqqımda çoxlu yaxşı
sözlər dedi, soruşdu ki, 40 ildir Salyana gedib gəlirsən, Bakıda evin yoxdur? O
vaxt mədəniyyət naziri olan Polad Bülbüloğlu dedi ki, yox, elə Salyanda qalır.
Fatma Abdullazadə yaxınlaşıb "Həsənağanın xətrini o qədər çox istəyirik ki, onu
elə Salyan qarışıq Bakıya gətirək” deyəndə, Heydər Əliyev gülə-gülə "Salyanla
işiniz olmasın, elə özünü gətirin, kifayətdir” dedi.
Günlərin birində rusiyalı müğənni İosif Kobzon Bakıda konsert verəndə
Sadıqov da alətlərdə ifa edib. Bir neçə alətdə mahir ifa müğənnini heyrətə
salıb: "İfamı qurtarandan sonra Kobzonla həyat yoldaşı ayağa durdu. Müğənni
mənə yaxınlaşdı və qucaqlayıb öpdü, "bu, ifaçılıqda yenilikdir” dedi.
Başqa torpaqda qala bilmirəm
H.Sadıqov son illər onkoloji xəstə idi. Oğlu mətbuata müsahibəsində
"Atamın qara ciyəri artıq sıradan çıxıb” deyirdi. Amansız xəstəlik öz işini
gördü...
Tanınmış ifaçı Salyanın Aşağı Noxudlu kəndindəki ailə
qəbiristanlığında torpağa tapşırıldı. O, doğulub böyüdüyü yerlərə çox bağlı
idi. "Mən başqa torpaqda qala bilmirəm. Bu günün özündə də Bakıda çox qala
bilmirəm, qaçıram Salyana. Əsl sənətkarı sənət, kefin istədiyin kimi
dolandırır. Ona görə də ora-bura qaçmaq lazım deyil. Mən Azərbaycanı öz iyindən
tanıyıram. Gözümü yumum, məni hara istəyirsən apar, biləcəyəm ki,
Azərbaycandayıq, yoxsa başqa yerə getmişik. Qurban olum Azərbaycanıma. 50 ildən
yuxarıdır xalqın arasındayam, günü bu gün də çalğıma mat qalırlar, elə bil indi
görürlər” deyirdi.
Tanınmış ifaçının ölümü haqqında sosial şəbəkələrdə yazılan
statuslar, şərhlər də el sənətkarına dərin sevgi və hörmətdən xəbər verir.
"Ustad sənətkar vəfat etdi”, "Novator ifaçı dünyasını dəyişdi”, "Xalqın sevimli
sənətkarı xalqla vidalaşdı” yazırlar. İfaçı "mən xalqım üçün ifa etdiyim
musiqilərdən ibarət böyük bir çələng yadigar qoymuşam” deyirdi. Bu gün Həsənağa
Sadıqovun sənətini sevənlər, musiqisinə alidə olanlar o çələngi əbədi qoruyub
saxlayacaqlar.
Təranə Məhərrəmova