• çərşənbə axşamı, 19 mart, 10:15
  • Baku Bakı 8°C

Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə imkan verməz - Fotolar

19.01.18 19:39 1839
Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə imkan verməz - Fotolar
1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın tarixinə "Qanlı Yanvar gecəsi” olaraq yazıldı. Həmin gecəni nə unutmaq, nə də unutdurmaq olar. O qanlı Yanvar gecəsi yaddaşlarda elə bir iz qoydu ki, illərdir həmin gecəni dərin ehtiram və hüznlə anırıq. İllərin keçməsinə baxmayaraq, sağalmayan bir yara kimi köksümüzdə qalan 20 Yanvar faciəsi bu gün də hamımızın gözlərini yaşla doldurur. O gecəni daim xatırlamaq və indiki gəncliyə o hadisələrin mahiyyətini aşılamaq hər birimizin borcudur.
"Qanlı Yanvar gecəsi”ndən 28 il ötür. 28 ildir ki, Azərbaycan xalqı 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edir, azadlıq şəhidlərinin ruhuna dualar edib, məzarları qarşısında dərin ehtiramla baş əyir.
20 Yanvar şəhidlərini anmaq məqsədilə hər il onların əziz xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Xüsusilə də təhsil ocaqlarında keçirilən tədbirlərin əsas məqsədi şagirdlərə həmin hadisələri olduğu kimi çatdırmaqdır. Digər tərəfdən isə, şagirdlərin iştirakı ilə hazırlanan səhnəciklər bizləri müəyyən mənada o dəhşətli gecəyə aparır. Bəzən o balaca uşaqlar rollarını elə məharətlə, elə içdən ifa edirlər ki, həmin an gözyaşını saxlamaq mümkün olmur. Hiss olunur ki, onlar həmin gecənin şahidi olmasalar belə, onun ağırlığını, eyni zamanda qürur dolu olduğunu anlayırlar.
Belə tədbirlərdən biri dünən Kaspi Təhsil Şirkəti tərəfindən keçirildi. 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar "Kaspi” liseyinin Bakıxanov filialında təşkil olunmuş tədbir "Əzilsək də, susmarıq!” adını daşıyırdı. Tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, "Kaspi” liseyinin (Bakıxanov) direktoru Tural Əliyev, şagirdlər, müəllimlər və valideynlər iştirak edirdi.
Mərasim 1 dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Şagirdlər 20 Yanvar faciəsi haqqında məlumatlar verdikdən sonra matəm günü ilə bağlı vətənə, şəhidlərə dair mahnı və şeirlər səsləndirdilər. Sonra "Qanlı Yanvar gecəsi”ni uşaqların dili ilə anladan videoçarx nümayiş olundu.
Tədbirdə çıxış edən Sona Vəliyeva bildirdi ki, "Qanlı Yanvar gecəsi” böyük bir faciənin baş verdiyi tarix olmaqla yanaşı, insanlara istiqlal düşüncəsi gətirən bir gecə oldu: "Həmin gecə yaddaşlardan silinməyəcək iz qoymaqla bərabər, xalqımıza böyük bir azadlıq düşüncəsi gətirdi. Təhsil ocaqlarının keçirdiyi bu kimi tədbirlərdən gənclərin aldıqları təəssürat millətimizin kimliyini ortaya qoyur, tarixi təhlil etməyə imkan verir. Hər şeydən əvvəl bu, bir mübarizə, qəhrəmanlıq tarixidir. Ordunun qarşısına əliyalın çıxan xalq heç vaxt əzilməsinə imkan verməz. Bu tarixi faciənin iki səbəb var idi. Bunlardan biri hələ 1988-ci ildən ermənilərin Azərbaycana qarşı ərazi iddialarının baş qaldırması, digəri isə o vaxtkı SSRİ rəhbərliyinin ermənipərəst siyasəti idi. Bu faciənin baş verməsində Azərbaycan xalqının həmin dövrdə başsız olmasının da böyük rolu vardı”.
Kaspi Təhsil Şirkətinin təsisçisi qeyd etdi ki, belə tədbirlər şagirdlərin ruhunu oyaq saxlayır: "Siz bu cür tədbirlərin keçirilməsi ilə tariximizə dərindən bələd olursunuz. Bilirsiniz ki, xalqımızın tarixində bu kimi hadisələr yaşanıb. Keçmişimizi heç zaman unutmayaq deyə, belə tədbirlər daim keçirilməlidir. Allah bütün şəhidlərimizi rəhmət eləsin”.
Sonda liseyin direktoru Tural Əliyev çıxış edərək anım tədbirində əməyi olan şagird və müəllimlərə öz təşəkkürünü bildirdi: "Faciənin üzərindən 28 il ötməsinə baxmayaraq, sanki dünən yaşanıb. Biz bu hadisələr vaxtı sizinyaşınızda idik. Tankları da gördük, gecə vaxtı avtomatlardan açılan atəşlərin səsini də eşitdik. Biz daim oyaq olmalıyıq və bu tarixi heç vaxt unutmamalıyıq. Allah şəhidlərimizə rəhmət etsin”.
Günel Azadə






banner

Oxşar Xəbərlər