• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Ordumuzun möhtəşəm paradı dünya mediasında

28.06.13 09:59 3906
Ordumuzun möhtəşəm paradı dünya mediasında
26 iyunda bütün dünya Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasının 95 ili münasibətilə keçirilən hərbi paradı izlədi. Əksəriyyət müstəqillik əldə edildikdən sonra keçirilən sayca dördüncü paradın möhtəşəmliyinin, eləcə də təqdim olunan müasir hərbi və döyüş texnikasının şahidi oldu. Bəlli olduğu kimi, dövlətçilik təcrübəsinin ən gözəl nümunələrindən biri olan hərbi paradda hər bir dövlət özünün silahlı qüvvələrinin texniki təchizatını və döyüş hazırlığını nümayiş etdirir.
Hərbi parada ən çox qardaş Türkiyənin mətbuat səhifələrində yer ayrılıb. Türkiyənin aparıcı mətbuat orqanları – “Vətən”, “Cümhuriyyət”, “Türkiyə”, “Sabah”, “Milliyət”, “Hürriyət” qəzetlərində, “Anadolu”, “Cihan” və s. xəbər agentliklərində hərbi parad və Prezident İlham Əliyevin çıxışına böyük diqqət ayırılıb. Məsələn, “Cümhuriyyət” qəzetində dərc edilən “Azərbaycandan Ermənistana göz dağı” başlıqlı məqalədə Azərbaycan ordusunun qüdrətli bir orduya çevrilməsindən danışılır. Qeyd olunub ki, Azərbaycan prezidenti müharibə vəziyyətində olan dövlətin orduya böyük önəm verdiyini vurğulayıb. Dağlıq Qarabağ müharibəsinin yalnız birinci mərhələsinin başa çatdığını, Azərbaycan ordusunun işğal altında olan torpaqları azad etmək iqtidarında olduğu bildirilib. Türkiyə mətbuatı daha çox prezidentin Ermənistana ünvanlanmış bəyanatlarına toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan heç bir zaman öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək.
“Yeni çağ” qəzetində dərc edilən məqalədə bildirilir ki, bu gün Azərbaycan hərbi qüdrətini işğalçı ölkə olan Ermənistana göstərir: “Nə qədər ki Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altındadır, Azərbaycan da Ermənistana özünün hərbi gücünü bütün səviyyələrdə göstərəcək”. Dərc edilən məqalələrdə göstərilir ki, 26 iyun Silahlı Qüvvələr günü ilə əlaqədar olaraq keçirilən hərbi paradda yeni silahlar nümayiş olunub: “Bu, Azərbaycan üçün çox əhəmiyyətli bir məsələdir. Hərbi paradda Azərbaycan ordusu gücünü bütün qüdrəti ilə nümayiş etdirmiş oldu”.
Ən maraqlısı odur ki, Silahlı Qüvvələrin yaradılmasının 95-ci ildönümü münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi paradın keçirilməsi Ermənistanda təşvişlə izlənilib. Bunu Ermənistan hökumətinin ayrı-ayrı rəsmiləri erməni KİV-lərinə açıqlamalarında biruzə veriblər. Belə ki, 28 iyunda Ermənistanda hava hücumundan müdafiə qüvvələrinin, aviasiya texnikasının nümayişini keçirmək qərarına gəliblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arçun Hovannisyan “Novosti-Armeniya” agentliyinin əməkdaşına açıqlamasında bildirib. “Səhər 09:00-da “Erebuni” aerodromunda Ermənistanın Hərbi-Hava Qüvvələrinin yaradılmasının 21 illiyi münasibətilə hərbi aviasiyanın nümunəvi çıxışları və Ermənistan Hava Hücumundan Müdafiə Qüvvələrinin, aviasiya texnikasının nümayişi olacaq”-deyə Hovannisyan fikirlərini tamamlayıb. Dünən səhərdən isə İrəvan səmasında hərbi vertolyotlar dövr eləyiblər. MN bayram tədbirilə əlaqədar son məşqlərin keçirildiyini bildirib. İşğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan isə Bakıdakı paradda nümayiş olunan hərbi texnikaya işarə edərək deyib ki, Ermənistan özünü Azərbaycanla silahlanma yarışına qoşmayacaq. Azərbaycanın Rusiyadan 1 milyard dollar dəyərində silah almasını şərh edən Ohanyan bildirib: “Biz dəfələrlə bu məsələ barədə danışmışıq. Azərbaycan rəhbərliyi Ermənistanı silahlanma yarışına cəlb etmək üçün addımlar atır. Amma biz kor-koranə silahlanma yarışına cəlb olunmaq niyyətində deyilik, biz silahlanmada keyfiyyətə diqqət yetiririk". Seyran Ohanyan bildirib ki, Rusiyanın Azərbaycana silah satışı Ermənistanı narahat edə bilməz. Onun sözlərinə görə, Ermənistan-Rusiya münasibətləri yüksək səviyyədədir və güc tarazlıqlarını qorumaq təkcə siyasi aspektdən deyil, həm də keyfiyyət baxımından vacibdir.
Erməni nəşrlərindən biri isə Bakıda keçirilən paradla Ermənistan paytaxtında keçirilən paradı müqayisə edib. Belə ki, Ermənistanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə İrəvanda keçirilən silahlı qüvvələrin hərbi paradında Rusiya hərbçilərinin iştirakını xatırladan “Armeniya todey” Bakıda bunun əksinə olaraq, yalnız bir bayrağın dalğalandığını yazıb. Özü də Rusiya hərbçilərinin paradda iştirakı və meydana çıxarılan texnikanın köhnə olması rişxəndlə vurğulanıb. Erməni saytı “Tert.am“ isə o zamankı paradı açan Ermənistanın müdafiə naziri Seyran Ohanyanın rus əsgərlərini rus dilində salamlamasına diqqət çəkib. Paradda nümayiş etdirilən silah və texnika köhnə Rusiya istehsalı olması ilə yanaşı, hətta hərbçilərin geyim forması belə köhnə olub. Ermənipərəst mövqeyi ilə seçilən “Regnum“ agentliyi isə Azərbaycanın bütün sahələrdə Ermənistanla müqayisədə daha üstün hərbi parad keçirdiyini, eləcə də daha müasir və güclü silah-sursata malik olduğunu qeyd edib.
Gəlinən əsas qənaət ondan ibarətdir ki, prezident Serj Sarkisyan Ermənistanda keçirdiyi hərbi paradla özünü biabır etdi. Adi bir fakt - bir zamanlar Osetiya və Abxaziyada da rus bayrağı altında hərbi parad keçirilib və bir müddətdən sonra həmin ərazilər Rusiyanın müstəmləkəsinə çevrilib. Ermənilər artıq sözün əsl mənasında şokdadırlar. Onlar Bakıda paradda nümayiş etdirilən ən son silah növlərinin əldə edilməsində Rusiyanı ittiham etməyə başlayıblar. Onlar qəzəblərini Ermənistanda səfərdə olan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujaya bildiriblər. Rusiyanın Azərbaycana silah satması barədə verilən suala cavab olaraq Bordyuja deyib ki, belə bir alqı-satqı Rusiya üçün sadəcə bir biznesdir, bazar, iqtisadiyyat məsələsidir. “Bununla belə, silah satılması qərarını verərkən Qafqazda hərbi güclər arasında paritetin saxlanması əsas götürülüb. Azərbaycana silah satılarkən bu prinsip əsas götürülüb və bu, Qafqazda hərbi güclərin tarazlığını pozmayıb” - deyə Bordyuja əlavə edib. Bundan başqa, Borduja bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi öz təhlükəsizliyini təmin etməkdə müttəfiqlərindən kömək ala bilər. Yəni Bordyuja açıq şəkildə bildirib ki, silah satışında pis bir şey görmür. Lakin “Modus Vivendi” analitik agentliyinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan ölkəsinin Xarici İşlər Nazirliyindən Rusiyaya etiraz notası verməyi tələb edib. O, strateji tərəfdaş hesab etdikləri bir ölkənin Azərbaycana silah satmasının yolverilməz olduğunu deyib. “Bu cür silahlar satılması regionda hərbi balansı Azərbaycanın xeyrinə dəyişir” - deyə Erməni Milli Konqresindən olan deputat Levon Zurabyan vurğulayıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər