• cümə axşamı, 28 mart, 16:41
  • Baku Bakı 16°C

“Ordumuzun döyüş ruhu, hazırlığı qələbə üçün yetərlidir” - Zakir Həsənov

25.06.14 08:17 1284
“Ordumuzun döyüş ruhu, hazırlığı qələbə üçün yetərlidir” - Zakir Həsənov
“Azərbaycanın 2014-cü ilə nəzərdə tutulan hərbi xərcləri 2013-cü ilə nisbətən 7,1 faiz artırılıb. Ermənistanın hərbi xərcləri isə Azərbaycanın 2014-cü ildə dövlət büdcəsində müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutduğu vəsaitdən 5,3 dəfə azdır”.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində bildirib.
Nazir həmçinin qeyd edib ki, son on il ərzində əldə edilmiş silah-sursat, hərbi texnika Ermənistan ilə Azərbaycan arasında hərbi sahədəki pariteti bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib: “Eyni zamanda, Azərbaycanda hərbi sənaye kompleksinə aid onlarla müəssisə fəaliyyətə başlayıb. Bundan əlavə, dövlətimiz Silahlı Qüvvələrimizin əsaslı surətdə gücləndirilməsi, qoşunların maddi-texniki təminatının keyfiyyətinin hərtərəfli və fasiləsiz yüksəldilməsi məqsədilə yeni silahların, texnikaların, trenajorların alınması, hərbi hissələrə verilməsi istiqamətində işlər aparır. Biz zirehli texnikaların, aviasiya vasitələrinin, döyüş imkanlarına malik digər texnikaların keyfiyyət baxımından əsaslı təmirini və modernləşdirilməsini yerinə yetirir, müəyyən olunmuş inkişaf proqramı üzrə fəaliyyətləri həyata keçiririk. Son dövrdə ən müasir “Smerç” yaylım atəşli reaktiv sistemləri, “Toçka-U” taktiki raket kompleksləri, “BUK-1MB” zenit-raket kompleksləri, “T-90S” tankları, “TOS-1A” ağır odatan sistemləri, “MSTA-S” özüyeriyən artilleriya haubitsaları, özüyeriyən “Pion” topları, o cümlədən ölkəmizdə istehsal olunan “Şahin” və “Qaranquş” pilotsuz uçuş aparatları silahlanmaya qəbul edilib. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir”.
Z. Həsnov qeyd edib ki, Azərbaycan Ordusunun döyüş ruhu, hazırlığı düşmənə cavab verməyə, ona qalib gəlməyə yetərlidir: “Əsgərlərimizin mənəvi-psixoloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir”.
banner

Oxşar Xəbərlər