ORDUBADİ İRSİNƏ DÖVLƏT QAYĞISININ PARLAQ TƏZAHÜRÜ
Poetik təfəkkürə, yüksək əxlaqi keyfiyyətlərə
və həssas mənəvi aləmə malik olan Azərbaycan xalqının çoxəsrlik tarixi boyunca
gənc nəslin tərbiyəsi ilə bağlı zəngin pedaqoji fikirlər toplanmışdır. Bu mənəvi
və elmi-əxlaqi sərvətləri öyrənmək, onları təfəkkür süzgəcindən keçirib müasir
gəncliyin tərbiyəsində istifadə etmək olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbi
irsindəki qabaqcıl ideya, fikir və təcrübələrin, görkəmli şəxsiyyətlərin
maarifçiliklə bağlı fikirlərinin öyrənilməsinə çox böyük ehtiyac vardır. Azərbaycan
xalqının mənəviyyat pasportuna çevrilən Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən,
maarifpərvərlərdən biridir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin ictimai-siyasi görüşlərini səciyyələndirərək
demişdir: "Məmməd Səid Ordubadinin yaratdığı əsərlər Azərbaycan xalqının milli
sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Məmməd
Səid Ordubadinin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur.
Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə
çağırıbdır. O, həmişə millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən
artıq xidmət edən bir insan olmuşdur”.
M.S.Ordubadi yaradıcılığı, onun Azərbaycan xalqı və ədəbiyyatı
qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci ildə onun 100 illik
yubileyi təntənəli şəkildə qeyd edilmiş, Ordubad şəhərində bir zamanlar
yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu ildə isə Bakıda ədibin
yaradıcılıq yadigarlarının məkanı olan Xatirə Muzeyi yaradılmışdır. Bundan
başqa, xatirəsini əbədiləşdirmək üçün ölkəmizdə, o cümlədən Naxçıvanda bir neçə
küçəyə, mədəniyyət müəssisələrinə, kitabxanalara Ordubadinin adı verilmiş, onun adını
daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının qarşısında yazıçının büstü
ucaldılmışdır.
Görkəmli Azərbaycan maarifpərvəri Məmməd
Səid Ordubadinin zəngin pedaqoji irsi bu gün də böyüyən nəslin təlim-tərbiyəsində
mühüm rol oynayır. Onun Azərbaycanın elmi-fikir tarixində xüsusi yeri və
mövqeyi vardır. Ömrünün sonuna kimi ədəbi yaradıcılıqla məşğul olan Məmməd Səid
Ordubadi, XX əsrin əvvəllərində ictimai-pedaqoji hərəkatın əsas simalarından
biri olmaqla yanaşı, başqa demokratik maarifçilərlə çiyin-çiyinə çalışmış,
dövrünün mühüm pedaqoji məsələlərini demokratik əsaslarla həll etmək uğrunda
ciddi mübarizə aparmışdır.
Məmməd Səid Ordubadinin irsinin öyrənilməsi
təkcə tarixilik nöqteyi-nəzərdən deyil, həm də bu gün üçün faydalıdır. Çünki
onun fikirləri müasir məktəblərimiz üçün, gənc nəsli nəcib əxlaqi keyfiyyətlər
ruhunda tərbiyələndirmək işində xüsusi əhəmiyyətə malikdir. M.S.Ordubadi
irsinin aktuallığını ümummilli liderimiz Heydər Əliyevin qiymətli fikirləri
daha dolğun ifadə edir. Ulu öndər M.S.Ordubadi yaradıcılığının tədqiqi və öyrənilməsi
ilə bağlı deyirdi: "Məmməd Səid Ordubadi əsərlərini alimlər təhlil edə bilərlər.
Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər dərinliyə gedəcəklər. Bəlkə də
böyük dərya kimi heç onun hamısını əhatə edə bilməyəcəklər. Ancaq bununla
yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin, gənc nəsli tərbiyə
edənlərin borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini hamıya
çatdırsınlar, xüsusən bizim gənclərə.”
Yüksək mədəniyyətə malik, vətənpərvər,
humanist, işgüzar, pedaqoq, görkəmli ictimai və mədəniyyət xadimi Məmməd Səid
Ordubadinin ömür yolu gənclərə həyat məktəbidir. Məmməd Səid Ordubadi yalnız Azərbaycanda
deyil, türk dövlətlərində yaxın və orta Şərqdə də tanınmış söz ustadlarından
biri idi. "Dumanlı Təbriz”, "Gizli Bakı”, "Döyüşən şəhər”, "Qılınc və qələm”
adlı məşhur romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi
olan M.S.Ordubadinin, mətbuatda çıxan ilk şeirlərindən başlayaraq 1905-ci il
Birinci Rus İnqilabına qədərki şeirlərində əsas ideya cəmiyyətdə mədəni geriliyə
qarşı mübarizə, qəflət və cəhalətin, tənqidi, eyni zamanda elmin, maarifin,
qabaqcıl mədəniyyətin təbliği olmuşdur. Bütün yaradıcılığı boyu M.S.Ordubadinin
yeganə məqsədi xalqa xidmət etməkdən, öz xalqını azad və xoşbəxt görmək üçün
çalışmaqdan ibarət idi.
Ermənilərin 1905-1907-ci illərdə Azərbaycanın
müxtəlif regionlarında soydaşlarımıza qarşı törətdikləri qanlı cinayətlər,
soyqırımı və deportasiyalar barədə şahidlərdən aldığı məktub və məlumatlar əsasında
M.S.Ordubadi son dərəcə əhəmiyyətli mənbə sayıla biləcək "Qanlı illər” adlı qiymətli
bir salnamə yaratmışdır.
Bir yazıçının ömrü onun yaratdıqlarının
ömrü, yaratdıqlarına verilən dəyər qədərdir. Dahi şəxsiyyət Heydər Əliyevin
M.S.Ordubadi irsinə verdiyi dəyər bu gün də layiqincə davam etdirilir. Ölkə
Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli Sərəncamı ilə
yazıçı-dramaturq, şair-publisist, ictimai xadim Məmməd Səid Ordubadinin anadan
olmasının 140 illik yubileyi ölkəmizdə geniş qeyd olunmuşdur.
Naxçıvan Muxtar
Respublikasında ədibin irsinə dövlət səviyyəsində daim yüksək qayğı göstərilmişdir.
Ali Məclis Sədrinin 17 aprel 2012-ci il tarixli Sərəncamı ilə "Məmməd Səid Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar
Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş, əsərlərinin
bir qismi yenidən nəşr edilmişdir. Görkəmli yazıçının Ordubad şəhərindəki
ev-muzeyi əsaslı təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
böyük ədibin 140 illiyi ilə bağlı yubiley tədbirində demişdir:
"Bu gün Məmməd Səid Ordubadi deyərkən gözlərimiz önündə ədəbiyyatın, demək olar
ki, bütün janrlarında qələmini eyni dərəcədə peşəkarlıqla işlətməyi bacaran
böyük istedad sahibi və qüdrətli ədib dayanır. Məmməd Səid Ordubadi
yaradıcılığını təhlil edərkən aydın görmək mümkündür ki, o, tarixi roman və sənədli
əsərlərini təkcə tarixdə yol verilmiş boşluqları doldurmaq naminə
yaratmamışdır. Bununla yanaşı, o, eyni zamanda oxucusuna, bütövlükdə isə mənsub
olduğu xalqa buraxılmış səhvlərin aradan qaldırılmasını, onların təkrar
olunmamasını da təlqin edirdi. Tarixi keçmişi öyrənməyi vətənpərvərlik və milli
iftixar hissinin təzahürü hesab edən ədib, bununla da, azərbaycanlı olmağın
nümunəsini göstərmişdir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "Oxunması zəruri
olan kitabların siyahısı”na Məmməd Səid Ordubadinin "Qılınc və Qələm” romanının
daxil edilməsi Ordubadi irsinə verilən dəyərin bariz nümunəsi, gənc nəslə veriləcək
ən böyük töhfələrdən biridir. İctimai hadisələrin son dərəcə maraqlı təsvir
olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq
romanı üslubunda yazılmışdır. Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin
ədəbi irsində, şübhəsiz, mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə
böyük həvəs oyadan romandır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin görkəmli ədib barədə söylədiyi aşağıdakı fikirlər onun irsinə verilən
dəyəri dolğun şəkildə ifadə edir: "Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı
millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə
birləşdirən azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda
oynadığı rol yüksək qiymətə layiqdir”.
Ruhəngiz
Əliyeva,
Azərbaycan
Yazıçılar Birliyinin üzvü,
Naxçıvan
Müəllimlər İnstitutunun əməkdaşı